aeroport

Hava limanlarında qiymətlər niyə bahadır?

Baxış sayı: 994

Hansı ölkənin hava limanında alış-veriş etsən, hansısa xidmət növündən istifadə etmək istəsən, qiymətlərin adi yerlərlə müqayisədə çox baha olduğunu görürsən. Düzdür, dünyanın hər yerində belədir, amma yenə də istər-istəməz sual yaranır: Niyə hava limanlarında qiymətlər bu qədər bahadır?

 

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, hava limanları kimi qapalı müəssisələrdə əksər hallarda rəqabət imkanı məhdud olur. Ümumilikdə isə burada qiymətlərə təsir göstərən digər faktorlar da var: “İcarə haqqı yüksək olur, mal və xidmətlərə çıxış imkanları məhduddur. Çünki seçim də məhduddur. Bu fakt özlüyündə mal və xidmətlərin daha yüksək qiymətə olmasını şərtləndirir. Əlçatanlıq aşağı olması və məcburilik amilləri də var. Bu baxımdan da təkcə fundamental, iqtisadi faktorlar deyil, eyni zamanda qapalı sahələrdə fəaliyyət göstərən sahibkarların situasiyadan istifadəsi halları da müşahidə olunur. Ona görə, adətən təklif olunan qiymətlər yüksək olur”.

 

Turistlər aviabiletin qiymətinə baxırlar

İqtisadçı deyir ki, Azərbaycanda da situasiya dünya təcrübəsinə bənzərdir: “Ölkəmizin hava limanlarındakı qiymətləri adi yerlərlə müqayisə etsək, bəzən 2, bəzən 2,5, bəzən isə 3 dəfə baha olduğunu görərik. Bu da qeyd etdiyim səbəblərdən qaynaqlanır. Böyük hava yolları ilə müqayisə etsək, tutaq ki, Türk Hava Yollarına məxsus aeroportların bəzilərində rəqabət nisbətən daha genişdir. Bizim aeroportlarda infrastruktur digərləri – xüsusilə digər böyük aeroportlarla müqayisədə daha kiçikdir və müvafiq xidmətlərə ayrılmış sahələrin özü də azdır deyə, burada fəaliyyət göstərən subyektlərin sayı da az olur. Təklif olunan xidmətlərin çeşidi də azdır. Bu da bir sıra hallarda bizdəki hava limanlarında qiymətlərin digər ölkələrlə müqayisədə daha baha olmasına gətirib çıxarır”.

R.Həsənov bildirdi ki, adətən turistlər səfər edərkən xərclərinin həcminə baxırlar. Amma bu xərclərə aeroportun daxilində göstərilən xidmətlərdən çox aviabilet, otel və getdikləri ölkədəki digər mal və xidmətlərin qiymətləri təsir göstərir: “Aeroportlarda bir neçə saat ərzində zəruri tələbat mallarının istehlakı üçün mövcud olan qiymətləri çox da hesaba almırlar. Çünki ümumi xərcdə bu, o qədər də güclü paya malik olmur. Turistlər əsas aviabiletin qiymətinə baxırlar, nəinki burda təklif olunan xidmətlərin qiymətlərinə”.

 

Situasiyaya uyğun qərar qəbul edirlər

İqtisadçı qeyd etdi ki, aeroportlar da özlüyündə kiçik bir bazardır. Burada qiymətlərin formalaşmasına müəyyən faktorlar təsir göstərir: “Xüsusilə hansı çeşid məhsullara tələbat daha yüksək olursa, onların qiymətləri daha yüksək səviyyədə təyin edirlər. Bura su və ya digər içkiləri, bu kimi məhsulları aid edə bilərik. Hansı məhsul növünə tələbat aşağıdırsa, deməli, bu, sahibkarların qəbul etdiyi qərardır. Situasiyaya uyğun qərar qəbul edirlər. Çünki qiymətin üzərində hər hansı təsir, məhdudlaşdırma mexanizmi deyilən anlayış yoxdur. Bu, bazar iqtisadiyyatının əsaslarına da uyğun deyil. Buna görə də burada qiymətlər sadəcə sahibkarın mövcud situasiyaya uyğun olaraq qəbul etdiyi qərardan və onun ümumiyyətlə biznes strategiyasından asılıdır. Bəzi sahibkarlar qısamüddətli dövrdə daha çox gəlir götürməyə hədəflənmiş siyasət aparırlarsa, digərləri uzunmüddətli dövrdə biznesini inkişaf etdirməyə, strategiyanı bunun üzərində qurmağa çalışırlar, onların təklif etdiyi qiymətlər nisbətən daha aşağı olur”.

 

Aeroportlar yerləri çox baha qiymətə satırlar

Radio aparıcı Teymur Əliyevin yaxşı səyahət təcrübəsi var. Bu mövzu ilə bağlı onun da fikirlərini öyrəndik. O, dünyanın müxtəlif yerlərində hava limanlarında olub və hər yerdə ümumilikdə qiymətlərin baha olduğunu deyir. İlk olaraq bunun səbəbləri haqqında danışdı: “Bütün dünyada hava limanında nəzarət məntəqələrini keçəndən sonra artıq baha qiymətlərlə rastlaşırsan. Nəzarət məntəqəsinə qədər qiymətlər şəhərlə eyni olur, ancaq o məntəqəni keçəndən sonra – harda ki 100 qramlıq sularını əlindən alırlar, orda artıq baha qiymətlər başlayır. Bunun rəsmi izahı adətən bu olur ki, necə ki biz həmin əraziyə keçərkən 100 qramdan artıq su, kəsici, deşici alətlər apara bilmirik, xüsusi yoxlanırıq və s. Təsəvvür edin ki, həmin ərazidəki kafelər hansı şərtlər daxilində işləyirlər. Onların əməkdaşları bizim səyahət edərkən keçdiyimiz yoxlanışları hər gün keçirlər. Onların da üzərində içəri nəsə daşımaq ixtiyarları yoxdur. Həmin kafelər satmaq üçün gətirdikləri məhsulları avtomobillə hava limanı ərazisinə salmaq üçün xüsusi təlim keçmiş, xüsusi icazəsi olan sürücüləri işə götürürlər. Yeni işçi götürəndə hava limanı qaydalarına riayət etməklə bağlı təlim keçməlidir. Oradakı kafenin özünü saxlama xərcləri şəhərdəki adi kafelərlə müqayisədə xeyli artıqdır. İşçinin təlimindən tutmuş, digər detallara qədər, daha çox pul xərclənir. Üstəlik də aeroportlarda icarə haqqı yüksəkdir. Çünki həmin ərazi alver üçün yaxşı nöqtədir. Şəhərdə insan axının daha çox olduğu yerdə kafe açmaq istəsəniz onun icarə haqqı baha olacaq. Çünki müştəri çox olur. Hava limanlarında nəzarəti keçəndən sonrakı ərazi kafe açmaq üçün istənilən şəhərin ən qəşəng nöqtəsidir. Çünki insan boldur. Ona görə aeroportlar yerləri çox baha qiymətə satırlar. O kafelərin xərci şəhərdəki kafelərlə müqayisədə xeyli artıqdır. Ona görə də onlar marjanı yüksək götürməlidirlər. Bu, biznesdir, heç bir biznesmeni nəyisə baha satdığına görə ittiham etmək olmaz. Alternativ verməyən monopolis biznesmenləri demirəm. Kim ki, fərqli resurslardan istifadə edir, baha satır, səni də ucuz satana yaxın durmağa qoymur, bu, artıq ədalətsizlikdir”.

 

Az səyahət edənlər buna fikir vermirlər

T.Əliyev bildirdi ki, bəzən hava limanlarında kartel sövdələşməsi də olur: “4-5 mağaza sözləşir, qiymətləri istədikləri kimi təyin edirlər. Tutaq ki, hamısı su satır, deyirlər ki, suyu iki manatdan aşağı satmırıq. Bu ilin əvvəlində Rusiyada belə bir hadisə baş vermişdi. Rusiya Federal Antiinhisar Xidməti Moskva ətrafındakı Jukovo və Domodedovo aeroportlarındakı bir neçə kafeyə qarşı cinayət işi açmışdı. Səbəb o idi ki, onlar antiinhisar qaydalarını pozublar, sövdələşərək məqsədli şəkildə hər şeyi baha satırlar. Orada kifayət qədər sanballı brendlərin adları çəkilirdi. Cinayət işi açıb onları qiymətləri endirməyə məcbur etdilər. Bu, olsa-olsa elə Rusiyada olardı, çünki inanmıram ki, bir Qərb ölkəsində biznesmeni qiymətləri endirməyə məcbur etmək olsun. Ümumiyyətlə, sübut etmək olmaz ki, onlar belə bir razılığa getmişdilər. Böyük ehtimalla heç onlar buna getməzlər də”.

T.Əliyev bildirdi ki, aeroportlar bəzən özləri ədalətsizlik edirlər. Aeroport düşünməlidir ki, kirayə haqlarını artırdıqca, şərtləri ağırlaşdırdıqca, sahibkarlar da qiymətləri artıracaqlar: “Bu, o, deməkdir ki, həmin aeroportla uçan insanlar diskomfort yaşayacaqlar. İnsanların seçim imkanı olanda düşünəcək ki, bu aeroportda mən beş saat gözləyəsi olsam, daha çox pul xərcləyirəm, nəinki o birində. Ona görə də aeroportlar elə vəziyyət yaratmağa çalışmalıdırlar ki, insanlar qaçmasın”.

T.Əliyevin sözlərinə görə, az səyahət edən insanlar əslində buna çox da fikir vermirlər: “Çünki o qədər az gedir ki, hər dəfə ötəndəfəki yadından çıxır. Mütəmadi səfər edən insanlar var ki, onlar çox gördükcə təcrübələri artır. İldə bir dəfə gedəndə fikirləşirsən ki, əşi ildə bir dəfə gedirəm, eybi yox. Ayda iki dəfə səfər edirsənsə, artıq bu, sənin büdcənə zərbədir”.

 

Fərq 5 dəfəyə qədərə çatır

T.Əliyev ən baha qiymətlərin daha çox adamın səfər etdiyi hava limanlarında olduğunu deyir: “Hansı hava limanlarında axın çoxdursa, onlar özlərinə əmindirlər ki, burada onsuz da həmişə adam var. Bura İstanbul, Moskva, Frankfurt aeroportlarını daxil edə bilərik. Moldovada Kişinyov Hava Limanına getsəniz, orada qiymətlər heç də baha deyil. Bilirlər ki, ora gələn əsasən özləridir. Ona görə də qiymətləri xüsusi baha etməyin mənası yoxdur. Bizim aeroportda da qiymətlər nisbətən ucuzdur. Elə də bahalı deyil. Amma aeroportlarda sui-istifadə hallarına da rast gəlinir. Məsələn, İstanbul aeroportları çox ayıb şəkildə internetlə alver edirlər. Aeroportda heç kimə açıq internet verilmir. Orada yerləşən kafelərin qarşısına yazılıb ki, məsələn, məndən 50 lirəlik nəsə al, sənə bir saatlıq internet şifrəsi verim. Bunu İstanbul aeroportlarından başqa heç yerdə görməmişəm. Ya internet tamamilə açıq olur, ya da deyilir ki, bir, ya iki saatlıq açıq internetin var, sonrasını pulla ala bilərsən”.

T.Əliyev son illər Madridə çox getdiyi üçün ordakı hava limanı ilə şəhərdəki qiyməti müqayisə etdi: “Orada yarım litrlik qazsız adi suyu şəhərdəki supermarketdən 30-35 sentə alarsınızsa, aeroportdakı aparatlarda onu 1,5  avrodan ucuz ala bilməzsiniz. Fərq 5 dəfəyə qədərə çatır. Amma şəhərlə hava limanında yerləşən kafeni müqayisə etsək, orada uzağı iki dəfə fərq olur”.

T.Əliyev sonda bu cəhətdən təcrübəsi olmayanlara tövsiyələrini də verdi: “Az səyahət edən adamlar bunu kompleks edə bilər ki, kimsə ona baxar, utanar. Ancaq belə düşünmək lazım deyil. Əgər bir səfərə gedirsinizsə, 4-5 saatlıq hansısa aeroportda gözləyəcəksinizsə, özünüzlə əl çantanızda yeməli bir şey götürməyi ayıb bilməyin. Bunu bütün dünya edir. Evdən rahat şəkildə buterbrod götürə bilərsiniz. Bəzi Avropa aeroportlarında bir az insaflı variant da var. İçmək üçün suya pul verməyəsiniz deyə, içməli su kranları qoyurlar. Bəzi sanitar qovşaqlarda da yazırlar ki, burada su içməlidir. Təcrübəli və məlumatlı olsanız, əslində, çox pul xərcləməzsiniz”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir