bosanma

Hərdən gizli-gizli boşanmaq barədə düşünürsünüzsə, bu yazını oxuyun

Baxış sayı: 1. 684

Bu günü çoxdan gözləyirdin. Aylardan bəri məhkəməyə ayaq döyürdün, deyirdin ki, ondan ayrılsan elə bil ilan ağzından qurbağa kimi qurtararsan. Bu da gözlədiyin qərar. Dərindən nəfəs alıb özünü asudə hiss edirsən. Artıq ailəli deyilsən. İşdən çıxıb evə də tələsməyəcəksən. Evdə nə bişdi, nə düşdü, uşağın nəyi çatdı, nəyi çatmadı başından çıxarıb atacaqsan, istədiyin yerə gedəcək, istədiyin adamla oturub-duracaqsan. Məhkəmənin qərarı elan olundu və sən artıq özünü yeni aləmdə hiss edirsən.

“Təzə yaranın ağrısı bilinməz” deyiblər. Hələ hər şey təzədir, əlini-qolunu yelləyə-yelləyə yeriyəndə elə düşünürsən ki, məhbəsdən qurtarmısan. Ancaq haradan qurtarmısan, hara düşmüsən, bunlar haqqında qərar vermək hələ tezdir. Aylar keçsin, illər ötsün, hansı qə-rarın haqlı, hansı qərarın yanlış olduğunu özün görəcəksən.

 

Haqlı-haqsız ittihamlar

Ayrıldınız. Ortada iki körpə qaldı. Özünə müxtəlif yollarla bəraət qazandırmaq istəyirsən: “Yola getmədik”, “xasiyyəti ağırdır”, “Nə istəyir, özü də bilmir”… Qarşı tərəfi danışdırsaq, bəlkə də eyni ittihamları eşidərik. Ancaq daha nə fərqi var, bir yuva dağıldı, iki körpə atasız qaldı.

Son illərin statistikası göstərir ki, erkən boşanmış ailələrin xanımları əksər hallarda övladlarını ya valideynlərinə, ya da uşaq evlərinə verib yenidən ailə qurmaq haqqında düşünürlər. Yəni bu halda uşaqlar hər iki tərəfdən-atadan da, anadan da məhrum olurlar. Təbii ki, gənc ananın valideynlərinin təkidi də bu işdə az rol oynamır.

 

Uşaqlar alət olmasın

Bəzən də ata və ya ana uşaqları bir-birinin əleyhinə “qaldırır”, ancaq özünə bağlamağa çalışır. Nə olursa-olsun, ailə dağılmış olsa da, valideynlər uşaqlardan münaqişə məqsədilə istifadə etməməlidirlər. Öz aralarındakı münaqişəni uşaqlardan uzaq tutmağa çalışmalıdırlar. Əgər ana tez-tez “sizin atanız elə elədi, belə elədi, evə bir şey gətirmir, sizin qayğınıza qalmır” kimi dedi-qodularla uşaqların qulağını doldurursa, onları ata əleyhinə tərbiyə edirsə, bu, heç də onun özünə müsbət bir şey vəd etmir. Bir çox məsələlər uşaqlardan uzaq tutulmalıdır. Boşanmalarda kimin haqlı, kimin haqsız olmasını o saat uşağa çatdırmaq, onu siz istədiyiniz səmtə yönəltmək, əsəblərini gərmək onu yaralamaqdır, yaddaşında dərin yara açmaqdır.

 

Yeni sevda və dağılan dünya

Əslində heç sevməmişdin. Böyüklərin məsləhəti və bir də bəzi təmənnalara görə evlənmişdin. İllər keçdi, övladlarınız oldu, ancaq ruhunda nəyinsə dəyişdiyini hiss etmədin. Əvvəl necə idisə, elə də qaldı. Elə bilirdin ki, illər keçdikcə bir-birinizə isinişəcəksiniz, öyrəşəcəksiniz. Fikirləşirdin ki, uşaqlar sizi bir-birinizə bağlayacaq. Əslində düz fikirləşirdin. Ancaq kənardan çıxan bu qəfil sevda hər şeyi alt-üst etdi. Hiss etdin ki, artıq ayaqların əvvəlki kimi pilləkənləri qalxmır. Qapının kandarına çatanda zəngi basmağa tələsmirsən. Əlində-ovcunda olanları verib qaçmaq istəyirsən. Çünki artıq səni daha çox çəkən bir başqası var. Ayrılmaq istəyirsən, bunun üçün bəhanə axtarırsan, yollar seçirsən. Ürəyində də deyirsən: “Təkcə bizim başımızda görünməyib ki”… Artıq səni görəndə qucağına atılıb üz-gözündən öpən balaca qızının nəvazişi də o qədər cazibəli gəlmir. Könlündə başqa bir dünya var, başqasının yanında olmaq istəyirsən. Və məhkəmə qərarı… Buyur, yo-lun açıq olsun! Nə tapıb, nə itirdiyini sonra biləcəksən…

 

Onu qınamayın

Dağılmış ailənin uşaqları əksər hallarda ya kövrək, ya da qəddar olurlar. Bu fikir mütəxəssislərin gəldiyi nəticədir. Təsəvvür edin ki, işləri düz getməyən ana körpənin sonuncu nadincliyinə dözmür və söylənməyə başlayır: “Atasına çəkib, nadürüst, vicdansız…” Elə bil ki, ana yaşadıqları bütün ağrıacıların qisasını, keçmiş həyat yoldaşının acığını bu körpədən çıxarmaq istəyir. Bu qədər sərt reaksiya qarşısında gözləri böyümüş uşaq bir küncə sıxılıb anasının əsib-coşmasına tamaşa edir. Əslində ananın bir dəfə bu münasibətinə şahid olanlar da o körpə ilə eyni cür davranmağa başlayırlar. Ona güvənmirlər, tez-tez nəyi isə onun başına qaxınc edirlər, gələcəkdə yaxşı adam olmayacağını söyləyirlər.

Təsəvvür edirsinizmi ki, bu cür münasibət o uşağın formalaşmaqda olan dünyagörüşünə nə qədər ağır təsir göstərir, ruhunda nə qədər böyük yaralar açır. Onsuz da o körpə qəlbində gizli şəkildə ata həsrəti yaşayır, öz çəkdiyi özünə bəsdir, bir yandan da qınaqlar, tənələr üst-üstə gəlir. Onu başa düşmək, yaralarını sarımaq lazım olduğu bir məqamda bir az da sındırmaq, bir az da yaralamaq nə qədər doğrudur. Dağılmış ailənin uşaqlarını qorumaq lazımdır…

 

Hirsimi hələ də boğa bilmirəm

Novruz Ələkbərovun 40 yaşı var. Mühəndisdir. Dağılmış ailənin övladıdır. Onun 5 yaşı olanda valideynləri ayrılıblar. Ata başqa qadınla evlənib, ana ikinci dəfə ərə gedib. Novruz və kiçik qardaşı Qədir baba-nənə himayəsində böyüyüblər. İndi hər ikisi ailə, oğul-uşaq sahibidir. Ancaq atasız-anasız keçən uşaqlıq illərinin acısı hələ də Novruzun canındadır:

– Körpə də olsam, ayrı yaşamağın nə olduğunu yaxşı anlayırdım. Bəzən gecələr başımı yastığın altına soxub hıçqıra-hıçqıra ağlayırdım. Əlimdən bir şey gəlməsə də, özümə söz verirdim ki, nə atamın, nə də anamın üzünə baxacağam, ölsələr də, yanlarına getmə-yəcəyəm, onları dindirməyəcəyəm. İçimdə kin, nifrət var idi. Böyüklərinin əlindən tutub harasa gedən uşaqları görəndə özümü onların yerinə qoyub bir anlıq da olsa, xoşbəxt olurdum. Həsəd hissimi boğa bilmirdim. İnanın ki, o ağrı-acı, o kövrəklik bu gün də canımdadır. Özümə söz vermişəm ki, başıma nə gəlir-gəlsin, gücüm çatdığı qədər övladlarımı atasız-anasız qoymayım. İstəmirəm ki, mənim və qardaşımın yaşadıqlarını övladlarımız da yaşasınlar.

 

Sağalmayan yara

Mütəxəssislər deyirlər ki, dağılmış ailənin övladları psixoloji baxımdan bir qədər fərqli olurlar. Bu uşaqlarda ya həddən artıq qorxaqlıq hissi, ya da amansızlıq ön plana çıxır. Xüsusilə də uşaq evlərində yetişən bu cür uşaqlar daha sərt olurlar. Qəribə orasıdır ki, onlar böyüyüb ailə sahibi olandan sonra da bəzi xarakterik qüsurlardan tamamilə xilas ola bilmirlər. Bəzi istisna hallarda isə bu uşaqlar daha həssas olurlar və yaşadıqlarının təkrarlanmasını istəmirlər.

 

Sevilməyən haqq

Evlənmək kimi boşanmaq da həm hüquqi, həm də dini baxımdan sənin haqqındır. An-caq bu haqq sənə verilsə də, Allahın sevmədiyi bir səlahiyyətdir, yəni sən o son addıma qədər bütün çarələrə baş vurmalı, başqa çıxış yolları axtarmalısan. Hələ hökm oxun-mayıb, hələ hakim sizin ayrılığınız haqqında məhkəmə qərarını çıxarmayıb. Hələ son addıma bir addım var. Bir an sonra hər şey başa çatacaq və sən illərdən bəri arzusunda olduğun istəyinə çatacaqsan. Ayrılıb başqa birisi ilə ailə quracaqsan. İtirdiyini, qazandı-ğını yaxşıca ölçüb-biçdinmi? Özündən başqa bu ayrılıqla kimlərin nələr yaşayacağını düşündünmü? Hər səhər gözünü açıb səni axtaran körpələrinin qəlbində giziltini, ağrını duydunmu?

Hələ hökm oxunmayıb. Hələ son addıma bir addım var. Qərarı özün ver.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir