dogus

Hüquqşünas: “Yetkinlik yaşına çatmayan şəxslərin zorla evləndirilməsində valideynlə yanaşı, məktəb rəhbərliyi də məsuliyyət daşıyır”

Baxış sayı: 153

Bir neçə gün öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov mətbuata açıqlamasında yetkinlik yaşına çatmayan hamilə qadınların 25 faizinin doğuş prosesi xəstəxanada deyil, evdə baş tutduğunu bildirmişdi.

Azərbaycan ailə məfhumunun müqəddəs hesab edildiyi ölkələrdən biridir. Məsələyə bu qədər həssas yanaşılmasına baxmayaraq ölkəmizdə yetkinlik yaşına çatmayan uşaqlar, xüsusilə də qızlar erkən yaşda ailə qurmağa məcbur edilirlər.

Hər il erkən yaşda ailə qurmağa məcbur edilən gənclərin sonrakı həyatında yaşayacağı problemlərlə bağlı tədbirlər keçirilsə də, ölkəmizdə bu vəziyyət hələ də davam etməkdədir. Məsələnin tibbi tərəfinə dair açıqlama verən mama-ginekoloq Nervan Əmirova bildirdi ki, dövlət boş yerə ailə qurmaq üçün yaş həddi müəyyənləşdirməyib: “Dövlətin müəyyənləşdirdiyi bir yaş həddi var. Bunun üçün 18 yaş müəyyənləşdirilib. Bu, dünyanın bütün ölkələri üçün keçərli məsələdir. Nəyə görə məhz bu yaş seçilib? Bu yaşa qədər artıq genetik xəstəlik faktoru, hormonal problemlər azalır. Qadın orqanizmi dölü yetişdirəcək qədər formalaşmalıdır ki, sağlam uşaq dünyaya gətirə bilsin. Erkən yaşda ailə qurmaq qızın həm özü üçün, həm də dünya gətirəcəyi uşaq üçün ciddi problem deməkdir”.

Nervan Əmirova ile ilgili görsel sonucu

Evdə dünyaya uşaq gətirərək, övladını və ananı təhlükə qarşısında qoyan valideynləri qınadığını bildirən mütəxəssis bu məsələyə çox həssas yanaşılmasının lazım olduğunu qeyd etdi: “Evdə doğuş ölüm deməkdir. Heç bir valideyn bunu övladına rəva görməməlidir. Baxın, mətbuatda nə qədər doğuşlar zamanı ölümlərlə bağlı xəbərlər yer alır. Yəni tam təminatlı xəstəxanada uşaq dünyaya gətirən qadınlar ölə bilirsə, evdə dünyaya uşaq gətirən qadınların ölməsi riski bununla müqayisədə qat-qat artıq olur. Birincisi, bədən uşaq dünyaya gətirmək üçün tam yetişməmiş olur. İkincisi, işin gigiyenik tərəfi var. Heç bir sterilizasiya tədbirləri yoxdur. Bəzən doğuşlar zamanı elə bir vəziyyət yarana bilir ki, orada professional müdaxilə lazım gəlir. Evdə bu şəraiti kim yarada bilər axı? Bu zaman uşaq bir yana, ananın həyatı riskə girir. Uşaq dünyaya gələn zaman da travma ala bilər”.

Mütəxəssis eyni zamanda Səhiyyə Nazirliyinin bununla bağlı çox ciddi tədbir gördüyünü də bildirdi: “Tez-tez qadınlar arasında maarifləndirmə işi aparılır. Onlara başa salınır ki, hamiləlik özü nədir, hansı fəsadlar ola bilər, qadınlar özünə necə qulluq etməlidir, hansı yaş dövründə, hansı infeksiyalar var?”

Əlövsət Allahverdiyev ile ilgili görsel sonucu

Məsələnin hüquqi tərəfinə aydınlıq gətirən hüquqşünas Əlövsət Allahverdiyev bildirdi ki, o, buna erkən nikah yox, erkən ailə qurmaq deyir: “Çünki nikah zamanı tərəflər dövlət orqanında rəsmi qeydiyyatdan keçirlər. Qanunvericiliyə görə, hər iki tərəf 18 yaşına çatarsa, ailə qura bilər, lakin burada bir istisna hal var. Müvafiq icra hakimiyyəti orqanının razılığı ilə 17 yaşında da ailə qurmaq mümkündür. Lakin 17 yaşı olmayan şəxslər ailə qurursa, burada iki tərəf məsuliyyət daşıyır. Birincisi valideynlər, ikincisi də uşaqların oxuduğu məktəbin rəhbərliyi. Valideynlər övladlarını erkən nikaha məcbur etməklə həm onlara, həm də cəmiyyətə ziyan vururlar. İndi yetəri qədər boşanma halları qeydə alınır. Bunların əksəriyyəti şüursuz şəkildə qurulduğu üçün dağılan ailələrdir”.

“Erkən yaşda ailə qurmağa məcbur edilən uşaqların məsuliyyəti valideylərinin üzərində olduğu üçün cəza da ailəyə verilməlidir” – deyən vəkil öz təcrübəsində bu səbəbə görə cəzalandırılan valideynlərə rast gəlmədiyini qeyd etdi: “Qanunda bununla bağlı hansısa sərt cəza yoxdur. Sadəcə, inzibati qaydada cərimə oluna bilərlər. Ancaq təəssüf ki, övladlarını kiçik yaşda evlənməyə məcbur edən valideynlərin cəza alması ilə bağlı bir hadisəyə rast gəlməmişəm. Düşünürəm ki, elə buna görə valideynlər  qorxu hiss etmirlər. Valideyn yalnız bir halda həbs oluna bilər. Əgər zorla evləndirildiyi üçün övladı intihara təşəbbüs göstərərsə. Bu zaman intihar edən şəxs ölsə də, ölməsə də valideyn məsuliyyətə cəlb olunur”.

Evdə doğuşa yardım edən həkimin  məsuliyyətə cəlb olunacağını  qeyd edən mütəxəssis bəzən doğuşu həkimin deyil, təcrübəsi olan bir qadının da etdiyini bildirdi: “Ən dəhşətli məqamlardan biri də odur ki, bəzən doğuşu həyata keçirmək üçün heç həkim də çağırmırlar, elə dədə-baba qaydası ilə bu işdən başı çıxan yaşlı bir qadına həvalə edirlər. Lakin doğuşu həkim həyata keçirirsə, həkim məsuliyyətə cəlb oluna bilər, xüsusilə də ölüm hadisəsi baş verərsə”.

 

Məleykə Ağasoy




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir