2014-2015

İl sizin üçün nələrlə yadda qalıb? – TANINMIŞLAR CAVAB VERİR

Baxış sayı: 1. 696

Hər birimiz özümüz üçün ili həm də şəxsi motivdə təhlil edir, 2014-cü ilin nələrlə yadda qaldığını müəyyənləşdiririk

Biz də bəzi tanınmışlardan ilin onlar üçün nələrlə yadda qaldığını soruşmuşuq. Gəlin, nəzərdən keçirək:

 Fazil Mustafa, millət vəkili:

–         Mənim üçün ilin ən yaddaqalan hadisəsi Azərbaycan ordusunun avqust ayında düşmənin hücumunun qarşısını qətiyyətlə alması oldu.

Murad Arif, teleaparıcı, bəstəkar:

–         Bu il çoxdan bəri içimdə cücərən müğənnilik sevdasını real bir mahnı və kliplə gerçəkləşdirdim. Həm mahnının, həm klipin bu qədər sevilməsi, tələbatlı olması, möhtəşəm təqdimat mərasimi mənim üçün bu ilin əsas uğuru sayıla bilər. Bundan başqa bu il bir neçə hit mahnı buraxdıq. Səfərlərim oldu. Bir sözlə, mən bu il işlədim və nəticəsini də gördüm.

Billurə Aslanqızı, telejurnalist:

–         Mənimçün ən yaddaqalan və özəl olduğu qədər gözəl məqam qızımın dünyaya gəlməsi olub. Amma daha geniş anlamda nədənsə ilk ağlıma gələn “Qarabağ” futbol klubu – onun oyunları, qələbələri və ədalətsiz şəkildə sayılmayan qolu oldu.

 Möhlət Müslümov, xalq artisti:

–         Bu il mənım üçün yadda qalan xeyli uğurlar oldu. Yəni yaradıcılıq uğurları. Professor diplomumu aldım, neçə-neçə səfərlərdə oldum, solo diskimi yazdım, ən başlıcası isə avqust ayının 9-da 60 yaşım tamam oldu. Amma həmin günlər cəbhə bölgəsındə çox sayda şəhidlər verdik, təbii ki, buna görə də mən yubileyimi keçirmədim, axıövladlarımızın şəhid olmasına necə biganə qala bilərdik?! Ancaq əfsuslar olsun ki, indiyə kimi yubileyim qeyd olunmayıb.

Taleh Şahsuvarlı, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru:

–         Ağdamda işğalçı Ermənistana məxsus  helikopterinin vurulması.

Hacıbəy Heydərli, “azxeber.com” saytının baş redaktoru:

–         Bu il mənimçün çox yaddaqalan oldu.  İlk növbədə Türkiyədə Bahçeşehir Universitetinin Beynəlxalq Münasibətlər və Siyasət fakültəsinin magistrı oldum. Bundan başqa “azxeber.com”un Facebook səhifəsini bəyənən insanların sayı 300 min nəfəri ötdü. Ümuumilikdə isə deyə bilərəm sevdiklərimizin, ailəmizin və dostlarımızın yanında olduğu bütün günlər, bütün illər gözəl və yaddaqalan olur. Sizin vasitənizlə bütün həmyerlilərimizin bayramını təbrik edirəm.

Nuranə Abbasova, “axsam.az” saytının əməkdaşı:

–         İl həm pis, həm də yaxsı hadisələrlə yadda qaldı. Pis o oldu ki, mən və ən yaxınım əməliyyat keçirdik. Yaxşılar isə xala oldum, işə düzəldim, qızımın ilk yaş gününü qeyd etdik.

Ağalar Bayramov, aktyor, bədii qiraət ustası:

–         Düşmənin 22 ildir torpağını işğalda saxladığı ölkənin vətandaşına onun öz ölkəsində “hökm” oxuması… Bu – mənim üçün ilin ən ağrılı hadisəsidir!!! Bunun adı XƏCALƏTDİR!!!

Nazilə Səfərli, şairə:

–   Oğlum Nurlan universitetə qəbul oldu, o biri oğlum isə liseyə. Övladlarımın uğuru mənim üçün çox qiymətlidir. Yeni iliniz mübarək!

Təranə Xudabaxşiyeva, taekvando üzrə milli hakim və idman jurnalisti:

–         Bu il atın üzərində necə sürətlə getdisə, heç xəbərim olmadı. Gənc yazar və jurnalist kimi bir sıra uğurlar qazandım. İl ərzində 15-dən çox Bakı və regionlarda keçirilən yarışlarda hakimlik etdim və sentyabr ayında Gömrük idman sağlamlıq mərkəzinin yubileyi münasibəti ilə keçirilən yarışda “Ən ədlətli hakim” adına layiq görüldüm. 2014-cü ilin yekununda Taekvando federasiyası tərəfindən “İlin ən obyektiv hakimi” adına layiq görüldüm. Bir çox hekayələrim çap olundu. At ili mənə çox şey verdi. 2014-cü ildə başlayıb, 2015-ə aparacağım bir çox layihələr var. İnşallah 2015-ci ildə daha çox uğurlar qazanmaq üçün çalışacağam. Hamının yeni ili mübarək və hər kəsə uğur arzu edirəm.

 Hazırladı: Səbinə

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir