gelinlik

İndi evlənmək neçəyə başa gəlir, yaxud gəlinlik donların qiymətləri niyə bu qədər bahadır?

Baxış sayı: 266

Ağ gəlinlikdə, qırmızı duvaqda vağzalı sədaları altında gəlin köçmək hər bir qızın arzusudur. Amma son aylar gəlin köçən qızların bu arzusunu həyata keçirmək elə də ucuz başa gəlmir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda gəlinlik donunun kirayəsi bahalaşıb. Bahalaşma sentyabr ayında qeydə alınıb. Bunun nə dərəcədə real olduğunu bilmək üçün gəlinliklərin ən çox satıldığı və kirayə verildiyi metronun “Xalqlar Dostluğu” stansiyası ətrafında araşdırma apardıq.

gelinlik

“İstanbul Beauty Center”də fərqli modeldə gəlinliklər kirayə verilir. Mərkəzin satıcıları bildirdilər ki, gəlinliklərin çoxu Türkiyə istehsalıdır. Qiymətlər isə qismən bahalaşıb. Gəlinliklərin qiymətləri modellərinə görə fərqlənir. Burada ən ucuz gəlinliyin kirayə qiyməti 250, ən bahalısının qiyməti isə 2000 manatdır. Satıcılar qiymətin bahalaşmasının səbəbinin gəlinliklərin istehsal edildiyi ölkədə baş verən qiymət artımı ilə əlaqəli olduğunu söylədilər.

Gəlinliklərin qiyməti bahalaşsa da, tələbat elə də artmayıb. Satıcılar gəlinliklərin icarəsinə tələbatın pandemiyadan əvvəlki kimi olmadığını söylədilər.

Gəlinlik donların ən çox kirayə verildiyi “Laçın Ticarət Mərkəzi”ndə isə gəlinliklərin günlük kirayə qiymətləri müxtəlifdir. Burada 80-100 manatdan başlayaraq 500-800 manatadək kirayə gəlinliklər təklif olunur. Satıcılar gəlinliklərin kirayə haqqında elə də ciddi bahalaşma olmadığını söylədilər. “Buta gəlinlik” evinin rəhbəri Nigar Cəfərova bildirdi ki, gəlinliklərin qiyməti əvvəlki kimidir. Qiymətləri bahalaşdırmayıblar. N.Cəfərovanın sözlərinə görə, gəlinliklərin günlük kirayə qiymətləri istehsal edildiyi ölkəyə və modelinə görə dəyişir:

“Elə gəlinliklər var ki, kirayəsi 100 manatdır. Bizim modellərimiz eksklüzivdir. Bununla belə, qiyməti elə qoymuşuq ki, toy edənlər çətinlik çəkməsinlər”.

“Laçın Ticarət Mərkəzi”ndə satıcılar gəlinliklərə tələbatın son aylar azaldığından gileyləndilər. Burada həmsöhbət olduğumuz satıcılar bildirdilər ki, əvvəllər bir günə 7-8, bəzən 10-12 gəlinlik kirayə verirdilər. Son aylar isə gündə bir-iki gəlinlik kirayə verəndə sevinirlər. Quru sərhədlərin bağlı olması da gəlinliklərə tələbatın azalmasına səbəb olub. Satıcılar bildirdilər ki, onların ən pullu müştəriləri Dağıstandan gəlirmişlər. Satıcıların sözlərinə görə, Dağıstandan gələn alıcılar gəlinlikləri daha çox alırmışlar.

Mədinə adlı satıcı deyir ki, quru sərhədlər açıq olanda gündə bir neçə ədəd gəlinlik satırmış. Pandemiyadan sonra artıq Dağıstandan gəlinlik almağa gələn yoxdur. Gəlinliklərin satış qiyməti isə modellərinə görə fərqlidir. Qiymətlər 15000-35000 manat arasında dəyişir.

Satıcılar buradakı gəlinliklər arasında daha çox Ukrayna istehsalı olanların ucuz olduğunu bildirdi. Amma Ukraynada başlayan müharibədən sonra onlar gəlinliklər üçün yerli dərzilərə müraciət edirlər. Bu isə gəlinliklərin bahalaşmasına təsir edib.

Burada bəzi satıcılar gəlinliklərin kirayə haqqının 30-50 manat civarında bahalaşdığını təsdiqlədilər. Bildirdilər ki, səbəb gəlinliklərin alışının baha başa gəlməsidir. Onlar bildirdilər ki, quru sərhədlər açıq olduqda gəlinlikləri qonşu ölkələrdən gətirmək daha ucuz başa gəlirdi. Hava yolu ilə daşınma xərcləri artdığından, bu qiymətlərə təsir edib. Satıcılar ölkədə istehsal olunan gəlinliklərin də qiymətində bahalaşma olduğunu təsdiqlədilər.

Gəlinliklərin qiymətində bahalaşmanın olduğunu müştərilər də təsdiqlədilər. Nurayə Məmmədova bildirdi ki, 7 ay öncə bacısının toyu üçün 150 manata götürdükləri gəlinlik donunun qiyməti hazırda 200 manatdır.

gelinlik

 

Gəlinliklərin qiyməti bahalaşsa da, gəlinlik avtomobillərinin qiyməti hələ ki, bahalaşmayıb. Kirayə avtomobil biznesi ilə məşğul olan Sahib Paşayev bildirdi ki, qiymətlər avtomobilin modelinə görə dəyişir. “S-Class” avtomobilinin kirayə qiyməti 200 manatdır. “Gelandewagen” avtomobilinin icarə qiyməti isə 80-150 manatdır. Qiymətlər məsafəyə görə dəyişir”.

S.Paşayev deyir ki, sürücü, avtomobilin bəzədilməsi və yanacaq haqqı isə qiymətə daxildir. Əgər müştəri avtomobilin fərqli bəzədilməsini istəyərsə, buna görə əlavə 30-50 manat civarında ödəniş edir.

Xına mərasimləri üçün geyimlərin qiymətində də qismən bahalaşma var. Ticarət mərkəzində satıcılar qiymətlərin 80-300 manat arasında olduğunu bildirdilər. Onların sözlərinə görə, əvvəl 50 manata da xına geyimi tapmaq mümkün idi.

Xına mərasimləri, toy və nişan üçün xonçaların kirayə qiyməti isə 5-10 manat arasındadır.

Satıcı bildirdi ki, son vaxtlar əhalinin alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Əvvəllər müştərilər xonçaları almağa üstünlük verirdilərsə, hazırda kirayə götürürlər.

Xına xonçasının qiyməti isə 20-25 manat arasındadır.

Xatırladaq ki, pandemiyadan sonra 2021-ci ilin iyul ayının 1-dən toy mərasimlərinin keçirilməsinə icazə verilib.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir