xestelik

İnfeksion xəstəliklər niyə artır?

Baxış sayı: 1. 568
Yay mövsümündə infeksion xəstəliklərinin canlanması xarakterikdir. Lakin bu il infeksion, xüsusən də mədə-bağırsaq xəstəlikləri ötən ilə nisbətən daha da aktivləşib. Hazırda xəstəxanalara çoxlu sayda infeksion xəstəliyə yoluxmuş şəxslər müraciət edib. Səbəb nədir?
Əksər mütəxəssislər bildirirlər ki, yay mövsümündə insanların immun sistemi zəiflədiyindən orqanizm infeksion xəstəliklərə qarşı həssas olur. Beləliklə də bu cür xəstəliklərə yoluxma riski artır.
Tanınmış həkim Seyfəddin Əsəd xəstəliklərinin artmasında immunitetin mühüm rol oynadığını bildirdi:“İndi elə bir mövsümdür ki, zəhərlənmələrin, eləcə də infeksiyaların sayı artmalıdır. Turizm bu il Azərbaycanda olduqca güclənib və bu da dənizə, hovuza gedənlərin sayına təsir edir. Ona görə də təbii olaraq infeksion xəstəliklərinin sayı artıb. Eyni zamanda insanlarımızın özünün hazırlığı xeyli aşağıdır. Məsələn, tutaq ki, bütün qışı qapalı mühitdə qalan insanlar birdən-birə təbiətə çıxır və qəflətən orqanizmdə dəyişikliklər olur, xüsusən də immuniteti  aşağı olan insanlarda. Məsələn, arıçı adamlarda infeksiya xəstəlikləri demək ola ki, yox dərəcəsindədir. Beləliklə təbiilik və immunitet mühüm rol oynayır”.
İnfeksion xəstəliklərinin artmasının digər səbəblərdən biri də sanitar-gigiyenik qaydalara doğru-dürüst riayət edilməməsi, meyvə-tərəvəzin düzgün yuyulmaması və sairə amillər göstərilir. Lakin əsas başlıca səbəb kimi dəniz və hovuzlar göstərilir. Məlumdur ki, isti yay günlərində sərinlənmək üçün insanlar daha çox dəniz və hovuzlara üz tutur.
Dəniz suyu, isti qum, günəşin şüaları insan orqanizmi üçün nə qədər faydalı olsa da, zərərləri də az deyil. Çünki dəniz və hovuz suyunda orqanizm mikroblara daha tez yoluxur. Burada nəinki qulaq, burun-boğaz infeksiyaları, həmçinin dəri infeksiyaları qaçılmazdır.
Hovuzların ortaq istifadə sahəsi olması, mövsümün hər il daha bürkülü keçməsi hovuzların istifadə nisbətini artırır. Beləliklə də bu nisbət hovuz suyu vasitəsi ilə yoluxan xəstəliklərin artımına gətirib çıxarır. İnsanlar daha çox göbələk xəstəliklərinə yoluxmadan və gözün infeksiyalaşmasından şikayətlənirlər.
Hovuzların təmizliyinin nə dərəcə qorunması isə bu gün də sual altında qalmaqdadır. Mütəxəsislər bildirirlər ki, hovuz suları mütəmadi olaraq hər gün dəyişdirilməli, xlor ilə dezinfeksiya edilməlidir. Lakin xlordan həddindən çox istifadə edilməsi də böyük fəsadlara səbəb olur. Nəzərə alınmalıdır ki, hovuza hər kateqoriyadan olan insan girir və onların gigiyenik şərtlərə necə əməl etməsindən xəbərsizik. Buna görə də mütəxəssislər xüsusən də valideynlərə tövsiyə edir ki, övladlarının hovuz suyunda daha az qalmasına, daha az insan olduqda hovuzdan istifadə etməsinə çalışsınlar.
Dəniz hovuzlarla müqayisədə daha az təhlükəlidir
Təbii ki, hovuz sularında olan bakteriyalar bir o qədər çox dənizdə var. Lakin mütəxəssislər bildirirlər ki, hovuzla müqayisədə dənizdə xəstəliyə yoluxma ehtimalı nisbətən azdır. Çünki dəniz atmosferdən böyük miqdarda oksigen alır. Həmçinin dəniz suyunda duz nisbətinin çoxluğu infeksiyaya yoluxma riskini azaldır.
Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdən də məlum olur ki, hovuzlara nəzarət heç də ürəkaçan deyil. Əksəriyyəti valideynlər olan şikayətçilərin sözlərinə görə bəzi obyektlərdə hovuz suları günlərlə dəyişdirilmir.
Çimərliklərə gəldikdə isə qanunla bu ərazilərə həkim, baytar nəzarəti olmalı, bir kub metr suda nə qədər bağırsaq çöpünün olması yoxlanılmalıdır.
Həkim Seyfəddin Əsəd dəniz və hovuz suları haqda məsələyə bu cür münasibət bildirdi: “Rəsmi qurumlarım monitorinq edib çimməyə qadağa qoymadığı ərazilərdə dənizin suyu hər cəhətdən əladır. İnanmıram ki, bütün hovuzlarda suyu günlərlə dəyişdirilməsin. Doğrudur, həyətlərdə olan hovuzların suyu mövsüm vaxtı, ildə bir dəfə dəyişdirilir. Lakin hovuzlara biznes marağı olduğu üçün nəzarət edilir. Şəxsən mənim getdiyim hovuzun suyu hər gün dəyişdirilir, yüksək səviyyədə nəzarət var”.
 
Xalidə GƏRAY



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir