insan alveri

İnsan alveri qurbanları necə müdafiə olunmalıdır?

Baxış sayı: 173

İnsan alveri dedikdə zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə oğurlama, dələduzluq, aldatma yolu ilə təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi (uşağın istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, bu maddədə göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir) nəzərdə tutulur. İnsan alverinin qurbanı insan alverindən zərər çəkmiş, yaxud zərər çəkməsi ehtimal olunan şəxsdir.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi üçün tədbirlər görülməlidir. Onlar üçün xüsusi müəssisələr yaradılır.

“İnsan alverinə qarşı mübarizə haqqında“ Qanununa əsasən həmin xüsusi müəssisələr aşağıdakılardır:

• insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar;

• insan alveri qurbanlarına yardım mərkəzləri;

Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Qeyd edilən xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir.

İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar (bundan sonra – sığınacaqlar) insan alveri qurbanlarına layiqli yaşayış şəraitinin yaradılması, onların təhlükəsizliyinin təmin edilməsi, orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edilməsi, onlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün yaradılır. Sığınacaqlarda insan alveri qurbanlarına telefonla danışmaq və tərcüməçinin xidmətlərindən istifadə etmək imkanı yaradılır. Konfidensial söhbət aparılması üçün xüsusi yerlər ayrılır. Sığınacaqlarda insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir. Sığınacaq davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq insan alverinin qurbanına onun xahişi ilə 30 gün müddətinə təqdim edilir.

İnsan alveri qurbanlarına yardım mərkəzləri (bundan sonra – yardım mərkəzləri) insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar vermək, tibbi, psixoloji və digər zəruri yardımın göstərilməsi, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək məqsədilə yaradılır. Yardım mərkəzlərində insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir. İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verilir.

Sex Trafficking Myths and How to Identify a Potential Victim - TheHopeLine

Yardım mərkəzlərində davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq, özünü insan alverinin qurbanı kimi təqdim edən hər hansı şəxsə onun xahişi ilə yardım göstərilir.

İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilir. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur.
İnsan alverinin qurbanı olmuş şəxslərin “Psixoloji yardım haqqında” Qanuna əsasən ödənişsiz psixoloji yardım almaq hüququ vardır.

 

Hazırladı: Sevinc Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir