ersad ezimzade

İnsan özünün ya həkimidir, ya qənimi – Məşhur loğman YAZIR

Baxış sayı: 444

Bir çox adamlar öz xəstəliyini irsiyətlə bağlamğa çalışır. Xəstələrdən tez-tez eşitmək olur: “Babam da, atam da, anam da bu xəstəlikdən ölüb. İrsi xəstəlikdir”. Xəstəliyi heç kəs öz həyat tərzi ilə əlaqələndirmək istəmir. Bəla burasındadır ki, xəstəliyin irsən keçməsi fikirini mikrobların qarşısında aciz qalan bir çox həkimlər də qəbul edir. Xəstəliyi genlərin boynuna yıxmaq həm xəstələri qane edir, həm də həkimləri. Sərfəlidir. Əslində isə, irsi xəstəlik yoxdur! Əlbəttə, irsi qüsur ola bilər. Əgər xəstəliklər genlərlə keçsəydi, onda gərək dünyada tək bir xəstəlik mövcud olaydı – əcdadımız sayılan Adəmlə Həvvanın xəstəliyi.

İlk əcdadlarımızın xəstə olub-olmadığını deyə bilmərəm. Amma hamı belə bir fakt şahididir ki, eyni ailədə bir uşaq bu xəstəlikdən, o biri – başqa xəstəlikdən, üçüncü də tamam başqa xəstəlikdən əzab çəkir. Üstəlik, gündə bir təzə xəstəlik meydana çıxır. Lakin bu reallığı da inkar etmək olmaz ki, bəzən həqiqətən də baba da, ata da, nəvə də eyni xəstəlikdən ölür. Belə hallar az olsa da, mövcuddur və adamların şüurunda qəti fikir formalaşdırıb ki, xəstəliklər irsən keçir. Çox təəssüf ki, belə düşünənlər xəstəliklərə qarşı mübarizə aparmır, öz “acı talei” ilə barışır və dərmanların hesabına yaşayır.

Soruşa bilərsiniz: əgər xəstəliklər irsən keçmirsə, babanın, oğulun və nəvənin eyni xəstəlikdən ölməsi faktını nə ilə izah etmək olar? Bunun çox sadə izahı var. Bütün xəstəliklərin kökü eynidir – mühit və həyat tərzi. Əgər insan qeyri-sağlam həyat tərzi yaşayırsa və pis vərdişlərin quludursa, o, mütləq xəstə olmalı və dünyasını tez dəyişməlidir. Başqa cür ola bilməz. Xəstəlikləri məhz pis vərdişlər törədir. Onlar isə həddən ziyada çoxdur. Kitablarımın birində pis vərdişlərin siyahisini vermişəm. Siyahi çox uzun alındı – 200-ə yaxın pis vərdişi yadıma sala bildim. Güman edirəm ki, onlar daha çoxdur.

Dünya tibb elminin banisi Hippokratın “bizi öldürən qocalıq deyil, pis vərdişlərdi” kəlamını rəhbər tutsaq, deməliyik ki, hər pis vərdişin özünə məxsus xəstəliyi var. Məsələn, ətbaz ailə ürək-damar xəstəliklərinə meyilli olursa, çörək və un məmulatlarını çox sevən ailə oynaq xəstəliklərinə, şirniyyata üstünlük verən ailə isə sümük xəstəliklərinə daha çox meyilli olur. Və sairə.

Burdan belə bir qənaətə gələ bilərik ki, xəstəliklərin daşıyıcısı genlər deyil, pis vərdişlərdi. Babanın, oğulun və nəvənin eyni xəstəlikdən ölməsinin başlıca səbəbi – həmon ailədə eyni pis vərdişlərin nəsildən nəsilə ötürülməsidir. Deyək ki, baba da ətbaz olub, oğul da, nəvə də.

Kitablarımı oxuyan və sağlam məntiqə inanan yüzlərlə xəstə öz həyat tərzini dəyişərək və pis vərdişlərin üstündən qalın xətt çəkərək, “irsən keçən” bir neçə xəstəliyin axırına davasız-dərmansız çıxa bilib. Təkcə bu faktın özü xəstəliklərin genlər vasitəsilə keçməsi fikirini tamam alt-üst edir. Fikirləşin: necə olur ki, vərəm xəstəliyindən əzab çəkən ana sağlam övlad doğur, lal-kar atanın övladları dilli-dilavər, kor kişinin uşaqları normal olur? Əgər xəstəliklər irsən keçirsə, bəs necə oldu ki, mən ata-anamı öldürən xəstəliklərə deyil, 8 fərqli xəstəliyə tutuldum? Necə oldu ki, pis vərdişləri tərgidən kimi, o xəstəliklər məni tərk etdi? Genlərimmi dəyişdi? Xeyir, dəyişən yeganə şey – həyat tərzim oldu.

Gəlin, genləri rahat buraxaq, nadan olduğumuzu boynumuza alaq. Mən hər yerdə deyirəm və yazıram ki, düz 60 il cahil olmuşam, sağlamlığımı baltalamışam. Ağıllı adamların kitablarını oxuyandan sonra, gözlərim açıldı və dərk etdim ki, bizi zəka deyil, pinti “gödən” idarə edir, nəfs və tamah bizi müti qula çevirib. Şükürlər olsun ki, “xəstəlik” adlı böyük bəladan qurtarmağın yolu var – SAĞLAM HƏYAT TƏRZİ. Bu yolu – sağlamlıq və xoşbəxtlik yolunu öz kitablarımda ətraflı işıqlandırmişam. Oxuyanların çoxu bəhrələnib.

Sağlam və xoşbəxt olmaq üçün insana nə milyonlar lazımdı, nə əzəmətli saray, nə də yüksək vəzifə. İnsana ikicə şey lazımdır – dərin zəka və möhkəm iradə. Yaxşı-yaxşı düşünün, yaşadığınız həyat tərzinə kamil insanların gözü ilə baxın. Öz təcrübəmdən dəqiq bilirəm: həyat tərzini dəyişmək, xəstəliklər üzərində zəfər çalmaq və xoşbəxt olmaq heç bir yaş dərəcəsində gec deyil.

Bu gün çıxaracağımız nəticə belə olmalıdır: irsən keçən xəstəlik yoxdur, bütün xəstəliklər pis vərdişlərin acı məhsuludur, elə bir xəstəlik tapa bilməzzsən ki, onu SAĞLAM HƏYAT TƏRZİNİN köməyi ilə sağaltmaq mümkün olmasın.

 

Ərşad ƏZİMZADƏ

“Ana Təbiət” Natural Gigiyena Mərkəzini rəhbəri, yazıçı-jurnalist




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir