elan

İnsanları şoka salan qeyri-adi satışlar

Baxış sayı: 1. 408

Əvvəllər nəyisə satın almaq üçün müxtəlif mağazalar gəzirdiksə, indi buna ehtiyac yoxdur. Çünki internet elanları vasitəsilə axtardığımız hər şeyi, ev, maşın, əşya, geyim və sairə satın ala, hətta evimizə qədər gətirmələrinə nail ola bilərik. Texnologiya inkişaf etdikcə bu kimi elan saytlarının da sayı artdı.

Artıq indi internetdə yerləşdirilən elanlarda nəinki geyim və əşya, hətta qeyri-adi satışlara da rast gəlmək mümkündür. Kimi uşağını, kimi ərini, kimi anasını, kimi ruhunu, uşağına ad qoyma haqqını, kimisi isə məşhurla nahar yeməyi haqqı satır. eBay hərracında material əşyaların satışı ilə yanaşı, mənəvi “dəyərlərin” satışına da rast gəlmək mümkündür. Məsələn, Uorren Baffet ilə nahar yeməyi kimi. Məşhur amerikalı milyarder Uorren Baffetlə nahar eBay internet-hərrac üzərindən 2,34 milyon dollara satılıb. 2010-cu ildə anonim saxlanılan bir insan 2,6 milyon dollar ödəyərək Uoren Baffet ilə nahar etmək imkanı qazanıb.

Digər qeyri-adi bir satış isə Türkiyədə baş verib. Belə ki, ikinci əl deyilən və işlənmiş əşyalar satılan bir elan saytında Busə adlı qadın yeddi il evli olduğu həyat yoldaşını satışa çıxarıb. O, ərinin onunla ilk gündəki kimi maraqlanmadığını və bu durumdan narahat olduğu üçün onu satışa çıxardığını bildirib. Busə 276 TL-yə satışa çıxardığı həyat yoldaşı haqda elanda bu cümlələri yazıb: “7 ildir evli olduğum həyat yoldaşımı artıq tanıya bilmirəm. Çöldə baxımlı olmasına baxmayaraq evdə baxımsız və ilgisiz gəzir. İşi-gücü olsa da, mənim heç bir ehtiyacımı ödəmir. Bazarlıq pulundan başqa mənə 5 qəpik də pul vermir. İstədiyim heç nəyi ala bilmirəm. Ona görə də bu adamla eyni evdə yaşamaq istəmirəm. Ərimi laqeydliyinə, həm də pulsuz olduğuma görə satışa çıxarıram. Mən bir xeyrini görmədim, alan görsün”.

Türkiyədə insanları heyrətləndirən daha bir satış isə Antalyada baş verib. Burada yaşayan bir şəxs “uyğun qiymətə ruhumu satıram” adı ilə internetdə elan yerləşdirib. 100 TL-dən satışa çıxardığı ruhunu 6 gün keçməsinə baxmayaraq, alan olmayıb. Gənc elanda bu cümlələri yazıb: “Dostlar, uzun zamandır ki, ruhumla yola gedə bilmirəm. O, başqa birinə aid olmaq istəyir. Ona görə də satmağa qərar verdim. Ruhum uyumlu, doğru istiqamət verə bilən, yalanı olmayan bir ruhdur. Ruhumu bankada satıram. Ruhum geri dönməyəcək, buna zəmanət verirəm, əgər dönsə onu geri qaytaracam”.

Qeyd edək ki, Azərbaycanda ana müqəddəs hesab edildiyi üçün onun haqqında kiminsə nəsə mənfi fikir bildirməsinə belə dözümsüz yanaşırıq. Ancaq Azərbaycandan fərqli olaraq elan saytlarında anasını və onun fikirlərini satanlara da rast gəlinib. Belə ki “dünyanın ən yaxşı anası və onun düşüncələri” adı ilə hərrac səhifəsində Don Baber adlı biri anasının mükəmməl olduğunu və ən yüksək məbləğ verənə bir gün boyunca anasının emaillər yazaraq analıqla bağlı düşüncələrini bölüşəcəyini, mükəmməl bir övladı necə yetişmək olar istiqamətinə dair ip ucları verəcəyini bildirib. Baberin anası isə oğlunun onun haqqında yazdığı sözlərdən duyğulandığını deyib. Bir dollardan başlayan məbləğ artaraq 345 dollara qədər yüksəlib.  Elan üçün məbləğ artıranların bir qismi Baberin anasına çox xoş bir jest etdiyini desə də, bir qisim  anasının düşüncəsini satdığı üçün onu qınayıb.

Ana ilə bağlı buna bənzər digər hadisə isə Kanada da baş verib. Xərcliyini az verdiyi üçün anasına əsəbiləşən 17 yaşlı Steve Duck adlı şəxs eBay satış səhifəsində anasını satışa çıxarıb. Anasını 10 dollardan satışa çıxaran Duckun anası bunu biləndə qəzəblənib. eBay səlahiyyətliləri isə satışa icazə verməyəcəklərini deyərək, elanı səhifədən yığışdırıblar.

Ötən il isə Amerikada yaşayan 19 yaşlı Jizel adlı tələbə qız “Escorts Cinderella” saytında öz bakirəliyini hərraca çıxarıb. Qızın bakirəliyini Əbu-Dabidən olan adı gizli saxlanılan biznesmen 3 milyon dollara alıb. Tələbə qız aldığı pulu təhsil almaq və səyahət etmək üçün xərcləyəcəyini deyib.

Qeyd edək ki, Azərbaycanda bu cür qeyri-adi satışlara demək olar ki, rast gəlinmir. Bu cür elanlara çox az hallarda rast gəlindiyində isə bu, ictimaiyyət tərəfindən qınanılır və müvafiq orqanlar tərəfindən qarşısı alınır. Hər kəsə məlumdur ki, bu yaxınlarda elan saytlarının birində ata 40 günlük övladını 10 min manata satışa çıxarmışdı. O, övladına baxa bilmədiyi üçün bu addımı atdığını desə də, bu inandırıcı deyildi. Çünki övladına baxa bilməyən biri onu satmaq yerinə uşaq evinə yerləşdirə bilərdi. İctimaiyyət və hüquq-mühafizə orqanlarının reaksiyasından qorxan şəxs elanı sildirərək qaçmışdı.

 

Günel MANAFLI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir