is gorusmesi

İş müsahibəsində nələri gizlətmək lazımdır?

Baxış sayı: 984

Qısa iş periodu

Ola bilər ki, iş axtaran şəxs hansısa mənfi peşə təcrübəsinə sahibdir. Tutaq ki, namizəd əmək kitabçasında əks olunmayan qısa bir müddət ərzində haradasa işləyib. İnsan seçimdə səhv etdiyi, komandanı bəyənmədiyi və ya vəzifə öhdəlikləri maraqsız gəldiyinə görə 1-2 həftə sonra işdən ayrıla bilər. Yaxud da rəhbər özü mədəni şəkildə “yola sala” bilər. CV işaxtaranın bacarıq və qabiliyyətini əks etdirən sənəddir. Namizəd bu qədər qısa iş dövründə hansısa zəruri qabiliyyətə yiyələnə bilibmi? Çətin ki. Odur ki, artıq və gərəksiz informasiya ilə rekruteri yormayın. CV-də sırf əhəmiyyətli məlumatları qeyd edin.

Əgər qısa iş dövrünüz əmək kitabçasında qeyd olunubsa, elə iş müsahibəsində işəgötürənə bildirin. Çünki müsahibə zamanı aşkar olmazsa belə sənədləri rəsmiləşdirərkən işəgötürən bundan xəbərdar olacaq. Odur ki, iş müsahibəsi zamanı dürüstcəsinə bildirin ki, səhv etmisiniz,. İşə düzələrkən düzgün olmayan qərar qəbul etmisiniz, sonra da yanlışınızı anlayıb vaxt itirmədən sizə maraqsız gələn işdən ayrılmısınız.

 

Keçmiş rəhbərliklə münaqişələr

İşaxtaranların əksəriyyəti əvvəlki işinə xitam verilməsinin səbəbləri barədə suallardan qaça bilməz. Əvvəlki iş yerindən karyera yüksəlişi və inkişaf üçün ayrılmısınızsa, bu, sizin yüksək daxili motivasiyanızı nümayiş etdirəcək və sizə əlavə xal qazandıracaq. Bəs işdən çıxarılma səbəbi rəhbərlik və ya həmkarlar ilə ciddi qarşıdurma olarsa, nə olacaq?

Müdüriniz və həmkarlarınızın necə pis insan olduğu barədə ətraflı hekayə HR-menecerin nəzərində namizədliyinizi şübhə altına salacaq. Belə bir namizəd münaqişəyə meylli, qeyri-konstruktiv və komandada işləyə bilməyən hesab edilə bilər.

is-gorusmesi-735x400

Şəxsi həyat

Bəzən HR-menecerlər namizədin şəxsi həyatına dair etik görünməyən suallar verə bilərlər. Belə halda nəzakətlə cavabdan qaçına bilərsiniz. Yalan danışmaq qəbul olunmazdır, amma boşanmanız və ya bir il sonra uşaq sahib olmaq planlarınız haqqında bəhs etmək məcburiyyətində deyilsiniz.

Bu situasiyada diplomatik cavab vermək məqsədəuyğundur. Məsələn: “CV-də göstərilib ki, siz boşanmısınız. Buna nə səbəb olub?” — “Bunun mənim gələcək işimə nə aidiyyəti var, bilmirəm, madam ki, soruşursunuz, cavab verim. Sadəcə xarakterimiz üst-üstə düşmədi”. Bəzən müsahibələrdə qəsdən qıcıqlandırıcı suallar verilir. Belə suallar potensial işçinin nə dərəcədə adekvat yaxud aqressiv biri olmasını yəqin etmək məqsədi daşıyır. Odur ki, sualdan asılı olmayaraq nəzakətli və təmkinli qalın.

Digər tərəfdən, sizin tərəfdən açıq-aşkar bir yalan (“Rəhbərimlə münasibətlərim əla idi, mən sadəcə əlaqəli bir sahədə özümü inkişaf etdirmək istədim”) ən azı qeyri-etik və karyera üçün təhlükəlidir. Çünki rekruter əvvəlki iş yerinizdən tövsiyələr almağa qərar verərsə, yalan ortaya çıxa bilər.

Bəs necə edək? Qızıl ortanı tapmaq lazımdır. Elə cavab fikirləşin ki, yalan olmasın, ancaq işədüzəlmə ehtimalınızı da puç etməsin. Keçmiş rəhbəriniz hər nə qədər dözülməz biri olsa da, qətiyyən pisləməyin, yalnız və yalnız onun sayəsində hansısa təcrübəyə yiyələndiyinizi vurğulayın. “Bəzi iş məsələlərində keçmiş rəhbərimlə aramızda fikir ayrılığı yaranırdı. Şirkətin təklif etdiyim dəyişikliklərə hazır olmadığını başa düşdüm və başqa bir iş axtarmağa qərar verdim”, “Dəyişən şəraitdə necə işləməyi öyrətdiyinə görə kollektivimə minnətdaram, lakin məqsədim bir az fərqli bir işdir” cavabları səmimi səslənsə, işəgötürəni tamamilə qane edəcək.

 

“Freelance” işlər, uğursuzluqlar, problemlər …

Müsahibədə sizdən bu barədə soruşulmazsa, özünüz lüzumsuz yerə əvvəlki iş yerinizdə işlədiyiniz dövrdə əlavə olaraq başqa bir işlə də məşğul olduğunuzu deməyin. Rekruter sizin özünüzü yeni işə bütünlüklə həsr etməyəcəyinizi düşünə bilər. İştirak etdiyiniz uğursuz layihələri müsahibə zamanı unudun. Əgər bu barədə sizə sual verilməzsə, mövzunu açmayın. Bir vaxtlar alkoqol problemi ilə üzləşdiyiniz, ancaq bunun öhdəsindən gəldiyiniz barədə də məlumat artıqdır. Çoxdan həll edilmiş digər şəxsi problemləriniz barədə də susmaq ən yaxşısıdır. Yalan və sükut arasındakı xətt çox incədir. Sonradan işinizə təsir edə biləcək hər hansı bir ciddi hal barədə susmaq (məsələn, uşağınızın tez-tez xəstələnməsi və vaxtaşırı xəstəliyə görə məzuniyyət alınması məcburiyyətində qalmaq) ləyaqətli bir insan kimi nüfuzunuzu zədələyə bilər. Müsahibə əsnasında nəyi danışacağınızı və nə haqqında susacağınızı əvvəlcədən qərarlaşdırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir