Qumru Eyvazova

Kimsəsiz uşaqlar və onların təminatları – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 490

Ümumdünya Yetimlər Günü bütün dünyada noyabr ayının ikinci bazar ertəsi günü qeyd olunur. Bu günün təsis edilməsinin əsas məqsədi dünyanın diqqətini bu sosial problemə cəlb etməkdir. Bütün dünyada uşaqlar müxtəlif səbəblərdən – müharibələr, aclıq, epidemiyalar və aşağı həyat səviyyəsi səbəbindən valideynlərdən məhrumdurlar. Statistikaya əsasən, dünyada hər iki saniyədə bir uşağın yetim qaldığı təxmin edilir.

 

Ölkəmizdə bu məsələ hansı qaydada tənzimlənir?

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Qanuna əsasən, valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər başa düşülür. Lakin, qeyd etmək yerinə düşər ki, burda söhbət nəin ki valideyni itirmiş şəxslər, həmçinin valideyn himayəsindən məhrum olmuş şəxslərdən də gedir. Qanuna əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar aşağıdakılar hesab edilir:

– hər iki valideyni:

  • məlum olmayan;
  • valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
  • xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
  • cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
  • uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
  • uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən;
  • qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

 

Qeyd edək ki, bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Əlavə olaraq qeyd edək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər də hesab edilirlər.

Həmin uşaqların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələri sırasına ailə tipli uşaq evləri, sosial xidmət müəssisələri (uşaq evləri), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar);səhiyyə sistemi müəssisələri və qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələridir.

 

Valideyn himayəsindən məhrum olmuş uşaqların hansı təminatları var?

Valideynlərini itirmiş uşaqlar işə düzələrkən 265 manat kompensasiya ödənilir. Belə ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar.

Həmçinin, yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş məzunların yerləşdirilməsi, işlə təmin olunması ilə bağlı məsələlər mövcud qanunvericiliyə əsasən rayon, şəhər İcra hakimiyyətlərinin səlahiyyətlərinə daxildir.  Ailə Məcəlləsinin 138-ci maddəsinə əsasən, tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrinin məzunlarının hüquqlarının qorunması yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanına həvalə edilir.Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin məzunlarının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda təminat almaq hüququ var. Yaşayış sahəsi olmayan məzunların yalnız yetkinlik yaşına çatana qədər bu müəssisələrdə qalmasına icazə verilir.  Həmin qanunun 20-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə cəzaçəkmə müəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar.Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar təmin edilirlər. Əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar.

Dövlət kimsəsiz uşaqları sığınacaq, yemək və tərbiyəçilərin diqqəti ilə təmin edir, lakin uşaqların ailədən kənar olması onların həyatının aşağı səviyyədə olmasına gətirib çıxarır. Bu gün kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün bir şəxs və yaxud təşkilat olaraq paltar, oyuncaq, yemək verə bilərsiniz. Lakin bu cür uşaqlar üçün ən təsirli kömək onları ailəyə qəbul edilməsidir. Təbiidir və başa düşüləndir ki, bu proses çox çətin və ağır prosesdir, eləcə də, bunu etməyə hər bir vətəndaşın imkanı yoxdur və hər bir vətəndaş prosedur və qaydalarda göstərlən tələblərə də cavab vermədiyindən bunu edə bilməz. Lakin, ən azından məsələn, uşaqlara mentorluq, könüllülük, birbaşa ianələr və sairə bu kimi köməkliklərin uşaq evləri və digər sosial müəssiəsələrə çatdırılmasını təmin edə bilər.

Çox təəssüflər olsun ki, hazıkı dövrdə valideyn himayəsindən məhrum olan uşaqların sayı günü gündən artmaqdadır. Hər birimiz bacardığımız qədər kimsəsiz uşaqların həyatında iştirak edərək onlara kömək edə bilərik. Xeyirli işlərə açıq olmaq və bu işləri görmək hər bir insanın mənəvi borcu olmalıdır.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir