ders

Kurrikulum təhsil proqramı şagirdlərin inkişafına mənfi təsir edir?

Baxış sayı: 256

Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycan təhsil sistemində kurrikulum təhsil proqramının tətbiq olunmasıdır. Aprel buraxılış imtahanında XI sinif şagirdlərinin göstərdiyi zəif nəticəyə əsasən, bir çox müəllim, eləcə də valideyn bu təhsil proqramının şagirdlərin inkişafına mənfi təsir göstərdiyini düşünür.

Lakin təhsil ekspertləri həmin fikirlərlə razılaşmır və proqrama yanaşmanın düzgün olmadığını qeyd edirlər. Ekspertlərin fikrinə görə, bu bir yenilikdir və yenilikdən şikayət edən, yalnız onu düzgün dərk etməyən və mənimsəməyənlərdir. Belə müəllimlərin sayı isə kifayət qədərdir. Onu dərk etməyənlər bütün qüsur və problemi yalnız proqramda görürlər. Yeni təhsil proqramı o deməkdir ki, dərsin mənimsənilməsində metodika var. Burda şagirdlər müəllimin öz şəxsi düşüncəsi ilə yox, müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilir. Bunun üstün cəhəti isə çoxdur.

Orta məktəb dərslikləri də narazılıq doğurur. Dərsliklərdə mövzuların həcmi azaldılır, həmçinin bir çox mövzular çıxarılır. Təhsil eksperti Kamran Əsədov bildirir ki, kurrikulum üzrə hazırlanan tarix dərslikləri yaxşı olsa da, mövzular yarımçıqdır. Müharibələrdən çox söhbət gedir, dövlətlərin sosial-iqtisadi inkişafına, mədəniyyətinə az yer verilir:

“İlk növbədə qeyd edim ki, hazırda orta məktəblərdə tarix dərslikləri ilə bağlı ən böyük qüsur tarix dərsliklərinin səhifələrinin, həcminin azaldılmasıdır. Bu sahədə təkmilləşdirmələrin aparılmasına ehtiyac var. Uşaqlarımızın milli tariximizi, dünya tarixini, türkün tarixini öyrənmələri üçün yeganə vasitə dərslikdir, dərsliyi də həcmcə azaltmaq olmaz.

Dərslik həcmcə azaldılırsa, deməli, uşaqların tarixi bilikləri məhdudlaşdırılır. Mən bu mənfi meyli hiss edirəm və arzu edirəm ki, Təhsil Nazirliyində bu sahədə olanlar başa düşsünlər, qiymətləndirsinlər ki, tarix dərsliklərinin həcmini azaltmaq olmaz. Təklif edərdim ki, şagirdlərin daha çox yüklənməməsi üçün dərsliklərdə mümkün olduğu qədər insan, yer, şəhər adlarından az istifadə olunsun”.

Şagirdlərin nəticələrinin aşağı olmasının daha bir səbəbi kimi onların gündəlik dərslərə hazırlaşmadıqları göstərilir. Ekspertlərin fikrinə görə, gündəlik dərslərə önəm verilsə, şagirdlərin hazırlığa getməsinə lüzum olmaz.

Universitet qazanmaq üçün diqqət yalnız əsas imtahan fənlərinə yönəlir və digər fənlər kənarda qalır. Baxmayaraq ki, artıq təhsil təmayüllər üzrə təşkil olunur və 10-11-ci siniflər yalnız seçəcəkləri ixtisaslar üzrə dərslərdə otururlar.

Yenə də vəziyyət qaneedici deyil. Çünki 10-11-ci siniflər təmayüllərə bölündüyü zaman keçilməyən bir çox fənn və mənimsənilməyən kifayət qədər biliklər qalır. Və həmin qeyri-ixtisas fənləri şagirdlərin dünyagörüşünün formalaşmasında böyük rola malikdir. Belə olan halda təhsilin təmayüllər üzrə təşkili cəmiyyətin kütləvi savadsızlaşmasına gətirib çıxara bilərmi? –deyə bir sual ortaya çıxır.

 

Təhsil eksperti Nabatəli Qulamoğlu bildirir ki, bu, şikayət olunası, narahatlıq doğuracaq bir məsələ deyil:

“Əvvəlki imtahan suallarına baxanda indiki imtahan suallarını daha rasional hesab edirəm. Burda yenilik var. Sadəcə bu yenilik abituriyentləri müəyyən qədər çaşdırır. Əksinə, təmayüllər üzrə bölgü təhsilin dərindən inkişafıdır. Dünyanın hər bir yerində təhsil təmayüllər üzrə təşkil olunur. Burada ixtisaslaşma ciddi şəkildə həyata keçirilir. Çox təəssüf ki, Azərbaycan təhsil sistemində bunu gec başa düşdülər. Təsəvvür edin ki, insan beyni qutudur. Və o qutu hər şeyi tutmur. Onu sadəcə lazım olan məlumatlarla doldurmaq lazımdır. Təmayüllər üzrə təhsil ona görədir ki, insan beyni bir sahə üzrə formalaşsın və inkişaf etsin, daha dərin biliklərə malik olsun. Bütün kəşflər təmayüllər üzrə təhsilin nəticəsidir. Ümumi dünyagörüşü əhatə edən biliklərə şagirdlər əvvəlki illərdə yiyələnirlər”.

 

Əməkdar müəllim Almaz Həsrət də məsələ ilə bağlı ciddi narahatlığın olmadığını qeyd edir. O bildirir ki, 10-cu sinfə qədər şagirdlərə bütün fənlər tədris olunur. Ona görə də, bunun heç bir qorxusu yoxdur. Lakin xarici ölkələrdə olduğu kimi Azərbaycanda da təhsil 12 illik olsa və təmayülləşmə 11-12-ci siniflər üzrə təşkil olunsa, daha yaxşı olar:

“10-cu sinfə qədər məktəb fənlərinin hamısı keçilir və əsas biliklər ümumiləşdirilir, öyrədilir və yekunlaşdırılır. Bilik və bacarıqları tam dərk edilir. 11-12-ci sinifdən isə hər bir şagird öz seçmək istədiyi ixtisas üzrə təmayülləşə bilər. Belə bölünsə, o zaman daha yüksək nəticə əldə etmək mümkün olar. Elə fənlər var ki, onlar mütləq şəkildə şagirdlərə tədris olunmalıdır. Bu məsələyə təzədən baxılmalı və 12 illik təhsil sisteminə keçilməlidir”.

 

Sevda Ulutau




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir