Qan qruplari

Laqeydlik, yoxsa maddi çətinlik?

Baxış sayı: 1. 179

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qan verən 169 nəfərdə virus aşkarlanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub. 4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub. HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.

Könüllü olaraq qanvermə aksiyasında iştirak edən beş min nəfərin 169-da virusun aşkarlanması, əlbəttə, ciddi narahatlıq doğurur. Məsələ burasındadır ki, bu insanlar qan verməsəydi, bir virusun daşıyıcısı olduqlarından xəbərsiz qalacaqdılar. Bu da öz növbəsində xəstəliklərin daha böyük areala yayılmasına səbəb ola bilərdi. Bəs görəsən insanlarımız öz sağlamlıqlarına niyə belə laqeyd yanaşır? Niyə insanlar özlərini müayinə etdirmir?

 

Həkim terapevt Məlahət Abbasova deyir ki, maarifləndirmə işlərinə ehtiyac var: “Elə adam var ki, hepatit xəstəliyinin varlığından xəbəri yoxdur. İnsanların əksəriyyəti bu haqda məlumatlı deyil. Ona görə də maarifləndirmə işinə böyük ehtiyac var. Hər şey orta məktəblərdən başlanmalıdır. Orta məktəblərdə ayda bir dəfə bu haqda profilaktik söhbətlər aparılmalı, şagirdlər məlumatlandırılmalıdır. Həmçinin müəssisələrdə, iş yerlərində maarifləndirmə işini gücləndirmək lazımdır. Daha çox insanın maariflənməsi üçün mətbuatın, televiziyanın üzərinə böyük yük düşür. Bundan başqa, məcburi müayinələrə də ehtiyac var. Tibb müəssisəsində işləyən hər kəs 6 aydan bir müvafiq müayinələrdən keçir. Amma təhsil müəssisələrində, özəl və dövlət şirkətlərində bu məsələyə diqqət edilmir. Yaxşı olar ki, məktəblilər, tələbələr, işçilər müəyyən müddətdən bir icbari olaraq müayinəyə cəlb olunsunlar. Çünki erkən müayinə və diaqnozun qoyulması xəstəliyin müalicəsində mühüm rol oynayır. Hepatit virusu qan vasitəsilə yayılır. Kimdəsə bu virus varsa, ailə üzvlərinə də asanlıqla yoluxa bilər. Ona görə də belə müayinələr vaxtlı-vaxtında aparılmalıdır. Bu, həm də xəstəliyin müalicəsində mühüm rol oynayır. QİÇS virusuna yoluxanlar müalicəyə o zaman gedirlər ki, orqanizmin immun sistemi tamamilə sıradan çıxır. Belə olan halda xəstəni müalicə etmək mümkün olmur. Erkən müayinə zamanı düzgün müalicə gedərsə, xəstənin ömrü uzadıla bilər. Amma bizdə insanlar öz sağlamlıqlarına laqeyd yanaşırlar. Ona görə də daim profilaktiki tədbirlərin görülməsinə ehtiyac var. Bəzən deyirlər ki, müayinələr baha başa gəlir. Amma dövlət xəstəxanalarında belə müayinələr təmənnasız edilir. Əsas məsələ bu haqda məlumatlı olmaq və sağlamlığımıza biganə qalmamaqdır”.

 

Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, bir çox insanların müayinəyə pulu olmur: “Buna görə də əksəriyyət öz sağlamlığına laqeyd yanaşır: Bəzi hallarda insanların çek-ap müayinələrdən keçməyə maddi imkanı olmur. Digər tərəfdən, Hepatit və ya QİÇS virusuna yoluxan insan bir ay ərzində başqaları üçün yoluxucu olur. Amma qanda bu virusun aşkarlanması 3 aydan sonra baş verir. Yəni qanda infeksiya tapılmırsa, bu o demək deyil ki, infeksiya yoxdur. Ona görə də yoxlamalar bir neçə ay ərzində aparılmalıdır. Belə viruslar çətinliklə aşkarlanır. 169 nəfərin qanında virusun aşkarlanmağı ciddi məsələdir. Hətta deyərdim ki, statistik göstəricilər tam reallığı əks etdirmir”.

 

“Sağlam Toplum” İctimai Birliyinin rəhbəri Lalə Mehralı düşünür ki, icbari tibbi sığorta işə başladıqdan sonra bu problemlər geridə qalacaq: “Qanvermə aksiyasının ən böyük üstünlüklərindən biri də məhz budur. Bizim insanlar öz sağlamlıqlarına qarşı həddən artıq biganədirlər. Yalnız belə hallarda onların orqanizmində hansı xəstəliyin olduğundan xəbərdar olurlar. Elə insan var ki, illərlə xəstəxanaya getmir, heç bir analiz vermir. Əsas problemlərdən biri də çek-ap müayinələrin baha olması ilə bağlıdır. Qiymətlər hər kəs üçün əlçatan deyil. Bu mənada müəyyən şeyləri başa düşmək olur. Qan analizinin qiyməti dövlət xəstəxanasında təqribən 15-20 manatdır. Bu analizlə qanın tərkibi və faizi təyin olunur. Xəstəliklərin təyin olunması üçün detallı analizin qiyməti isə kifayət qədər bahadır. Özəl klinikalarda isə bu qiymət bir neçə dəfə çoxdur. Ona görə də belə müayinələr insanlar üçün əlçatan deyil. Nəticədə çoxları öz sağlamlığından xəbərsizdir. Belə xəstəliklərin gec aşkarlanmasının ən böyük səbəbi də məhz budur. İnsanlar hansı xəstəliklərin daşıyıcısı olmasından xəbərsiz halda cəmiyyət arasında gəzir.  Gələn ilin yanvar ayından tibbi sığorta işə başlayacaq. Düşünürəm ki, belə müayinələr və analizlər artıq hər kəs üçün əlçatan olacaq. 18 yaşına çatmamış uşaqlar və pensiyaçılar dövlət hesabına müayinə olunacaq. İş yerlərində işçilərin sığortası təmin olunacaq. İşsizlər isə ayda 10 manat ödəməklə istənilən tibbi yoxlamadan keçə biləcəklər. İcbari tibbi sığortanın qüvvəyə minməsi bu baxımdan çox vacibdir və insanlara kömək edəcək. Bu məsələni təkcə laqeydliyin üzərinə ata bilmərik. Məsələnin əsas səbəbi maddi çətinliklərlə bağlıdır”.

 

Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir