ders

Məktəblərimizdəki xoşagəlməz halların səbəbləri nələrdir?

Baxış sayı: 730
Bu günlərdə sosial şəbəkələrdə orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik etdiklərini, xoşagəlməz hərəkətlərə yol verdiklərini əks etdirən videogörüntü yayıldı. Məlum oldu ki, sözügedən videogörüntü 165 nömrəli tam orta məktəbdə çəkilib. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) yaydığı açıqlamaya görə, orta məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.“Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb”, – deyə BŞTİ-dən bildirilib.Bu hadisə son zamanlarda məktəblərimizdən gələn xoşagəlməz sədalardan sadəcə biridir. Bəs bu cür halların səbəbi, səbəbkarları kimlərdir? Problemin həlli yolu nədir?

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov  deyir ki, bu cür hallar bir daha tərbiyə məsələlərində ciddi boşluqlarımızın olduğunu göstərir: “Son yayılan görüntüləri biz hamımız ürək ağrısı ilə izləmişik. Bu, sadəcə bir epizoddur. Heç nə bununla bitmir. Bu cür halların yaşandığı başqa məktəblər də var. Mən həmin uşaqlara tərbiyəsiz demək istəmirəm, bu, xeyli ağır ifadədir. Lakin qeyd edim ki, təhsilə yaraşmayan, analoji hallar bir sıra məktəblərdə olur. Bu da təkcə şagirdlərlə bağlı deyil. Bəzən məktəb direktorlarının, bəzən müəllimlərin şagirdə şiddət göstərməsi, rüşvət alması ilə bağlı görüntülər, səs yazıları yayılır. Müəllimin şagirdə əl qaldırdığını əks etdirən görüntülərlə yanaşı şagirdin müəllimə şiddət göstərdiyi, valideynin müəllimə qarşı hörmətsizliyini nümayiş etdirən görüntüləri gündəmə gəlir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda tərbiyə məsələsinə ciddi önəm verməliyik”.

“Mən xatırlayıram, Bakı Dövlət Universitetinin 100 illik yubileyində cənab Prezident təhsil ictimaiyyəti qarşısında çıxış edərkən təhsil müəssisələrinin üzərinə düşən vacib məsələlərdən birinin məhz tərbiyə ilə bağlı olduğunu ifadə etdi. Ölkənin birinci şəxsinin dilindən bu ifadə səsləndi ki, biz şagirdlərimizi, tələbələrimizi milli dəyərlər ruhunda tərbiyə etməliyik. Bu ruhda müəllimə qarşı şiddət yoxdur. Milli dəyərlər ruhunda böyüyə hörmət var, müəllimin yeri ucadır, kiçiyə qayğı var. Yəni müəllim şagirdə şiddət göstərməməlidir. Milli dəyərlər ruhunda məktəb rəhbərinin məktəbə gəlir mənbəyi, şəxsi müəssisəsi kimi baxmağı yoxdur. Əlbəttə, biz milli dəyərlərimizlə hərəkət etsək, təlim-tərbiyəmizi bu istiqamətdə qursaq, belə hallar da olmayacaq”, – deyə həmsöhbətimiz bildirir.

Orucovun fikrincə, bu cür halların olmaması üçün məktəb, valideyn və cəmiyyətin buna yanaşması eyni olmalıdır: “Belə hallar əvvəllər də olub, lakin əvvəllər də bu cür halların olması bunun indi də olmasına haqq vermir. Bu cür halların olmaması üçün məktəb, valideyn və ümumilikdə cəmiyyətin münasibəti bir olmalıdır. Təhsilalanlar, şagirdlər günün dörddə bir hissəsini məktəbdə olur, qalan saatlarda ailədə olurlar. Ailə məsuliyyətinə, ailənin şagirdlərə tərbiyə verməyinə ciddi diqqət edilməlidir. Uşağı dünyaya gətirdin və onunla maraqlanmadınsa, yalnız məktəbi günahlandırmaq yanlışdır. Ən gözəl tərbiyə mühiti ailədədir”.

Şura üzvü bəzi hallarda müəllimin üstünə çox gedildiyinə də toxunub: “Mən düşünürəm ki, bu cür halların baş verməsində məktəb direktorunun, müəllimlərin də günahı olur. Bəzi hallarda şagirdlər müəllimin humanizmindən istifadə edirlər. Lakin biz məktəbi, müəllimi qorumalıyıq. Eyni zamanda da şagirdlərin öz enerjilərini səmərəli istiqamətdə istifadə etmələrini təmin etmək gərəkdir. Burada məktəbin, müəllimin, məktəb direktorunun, psixoloqunun məsuliyyət məsələsi var. Biz bəzi hallarda müəllimin üstünə çox gedirik. Müəllim şagirdi tənbeh edə bilmir. Bəzən olur ki, müəllim şagirdə qarşı səsini bir qədər qaldırdığında ömründə bir kitab oxumamış valideyn məktəbə hücum çəkir. Həmin müəllimi şagirdlərin, digər müəllim yoldaşlarının, direktorun qarşısında təhqir edir. Lakin onu müəllim yoldaşları, məktəb rəhbərliyi müdafiə edə bilmir. Çünki əksər hallarda valideynə daha çox haqq qazandırılır. Cəmiyyət müəllimi günahkar çıxarır”.

“Lakin bizim xeyli sayda çətin tərbiyə olunan şagirdlərimiz var. Bunları gizlətməyə ehtiyac yoxdur. Nə qədər ailədaxili problemlərə görə travma almış uşaqlar var. Narkotik vasitə istifadəçisi olan ailə başçıları var. Elələri uşaqlarını nə dərəcədə yaxşı tərbiyə edə bilər – bu, sual altındadır. Təəssüf ki, cəmiyyətdə deqradasiya gedir. Azərbaycan ailəsinin, müəlliminin, direktorunun bir obrazı olub. Elə direktorlar var idi ki, onların sözü bir kəndin, elin, obanın sözü idi. Onların bir xarizması var idi, bir sözlərini iki etməzdilər. Hörmət, ehtiram bəslənərdi. Təəssüf ki, indi belə obrazlar yoxdur. Məktəb direktoru işə rüşvətlə təyin olunmamalıdır. Təəssüf ki, bu cür hallar oldu. Rüşvətlə, kiminsə qohumu olduğu üçün məktəb direktoru təyin olunanlar olurdu. Bu zaman onun təhsil idarəçiliyinin hansı səviyyədə olması, müəllim kollektivində hörmətinin hansı səviyyədə olacağı sual altındadır. Bunların nəticəsidir ki, indi bu halları yaşayırıq”, – deyə müsahibimiz vurğulayır.

Onun sözlərinə görə, tərbiyə məsələsinə çox ciddi yanaşılmalıdır: “Valideynlər təhsilin subyekti olaraq məktəbin yanında olmalıdırlar. Çox az sayda valideynin məktəblə sıx əlaqəsi var. Valideyn Komitəsi adı altında birləşən valideynlər də pul yığır, bir qismini özləri mənimsəyir, bir qismini məktəb rəhbərliyinə, müəllimə verməklə işlərini bitmiş hesab edirlər. Valideyn komitəsinin işi pul yığmaq deyil. Onların təhsilin idarə edilməsində nə qədər imkanları var. Mən inanmıram ki, bu gün baş verənlərə haqq qazandıran valideyn var. Müəllim səsini çıxara bilmir. “Uşağıma şiddət göstərirlər” deyə Nazirliyin qaynar xəttinə zəng vururlar. Təəssüf ki, bəzən heç araşdırmadan müəllimə töhmət verilir. Halbuki müəllim çıxılmaz vəziyyətdə qalıb. Kompleks yanaşma lazımdır. Bu, çox çətin prosesdir”.

Təhsil eksperti Kamran Əsədov da  təlim-tərbiyə məsələsinin önəminə diqqət çəkir: “Hazırda ölkənin 4432 orta məktəbində 1.6 milyon şagird təhsil alır və bu mənzərə təhsil sisteminin nə qədər müxtəlif olduğunu göstərir. Hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Bu tip hadisələr mütəmadi hal aldığından həmin şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar. Çünki nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir”.

“Sirr deyil ki, məktəblərin əksəriyyətində uşaqlar dərsdən yayınıb repetitor yanına gedirlər. Məsələn, repetitor yanına getməyən digər uşaqlar məktəbdə, lap dərs vaxtında istədikləri hərəkəti edəcəklər. Kim onlara irad tuta bilər ki, “dünən niyə dərsə gəlməmişdin, niyə dərsə gecikdin, niyə 3-cü dərsdən qaçdın” ?! Məktəbdə nizam-intizamı pozan şagirdlərlə iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün bu cür uşaqların əmələ gəlməsinin səbəblərini araşdırmaq, psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazımdır. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür. Burada əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında diaqnostikasını verməyə yönəldilməlidir. Uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaqla tərbiyəvi iş sistemini düzgün müəyyənləşdirmək zəruridir. Təcrübə göstərir ki, çox zaman məktəbdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsiz, az məqsədyönlü xarakter daşıyır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı xatırladır”, – deyə ekspert söyləyir.

Ekspert bu cür vəziyyətlərdən çıxmaq üçün çıxış yolunu da göstərdi: “Psixoloq və müəllimlər müasir psixologiyanın nailiyyətlərinin məktəb həyatına tətbiqi nəticələrinə istinadən etməlidirlər. Şagirdlərin davranışında və şəxsiyyətinin inkişafında özünü göstərə bilən qüsurların qarşısını almaq və onları aradan qaldırmaq sahəsindəki işin aşağıdakı istiqamətlərini müəyyənləşdirmək mümkündür: Məktəbə yeni daxil olan şagirdlə, onun valideynləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa çalışmaq lazımdır. Çətin şagirdin kollektivə alışmasına köməklik göstərmək, sinif rəhbəri ilə birlikdə şagirdin davranışında mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq”.

“Davranışda və şəxsiyyətin inkişafında qüsurlar olan şagirdləri dərindən öyrənmək, bu zaman peşə etikası normalarına əməl etmək, imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək gərəkdir. Lazım gələrsə, psixoloq həmin şagirdin əqli səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə (məsələn, psixator, həkim və s.) əlaqə saxlamalıdır. Əgər uşağın inkişafında qüsurlar, psixi normalara uyğun gəlməmək halları müəyyənləsdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər. Bundan başqa, məktəblərin tam şəkildə kamera ilə təchiz olunmasının vaxtı çatıb. Valideyinlər gün ərzində məktəbdə baş verənləri kənardan izləməlidirlər. Artıq müəllimlər dərs prosesinə müdaxilə etməkdə çətinlik çəkirlər”, – deyə Əsədov fikrini tamamladı.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir