toy

Mayda toy etmək olarmı?

Baxış sayı: 194

Ölkəmizdə may ayında toy mərasimlərinin keçirilməməsi ilə bağlı qəribə bir ənənə mövcuddur. Belə ki, toy-nişan şənlikləri etmək istəyən əksər ailələr heç bir əsası olmayan “may ayında toy etmək olmaz” fikrinə inanaraq bu ayı uğursuz hesab edirlər, bu vaxt ailə quran cütlüklərin xoşbəxt olmayacağını düşünürlər və bu səbəbdən may ayında toy-nişan etməyə o qədər də isti yanaşmırlar.

 

Bəs may ayında niyə toy etmək olmaz?

Bunun səbəbləri haqqında müxtəlif versiyalar mövcuddur. Bəzi insanlar may ayında xeyir-bərəkət olmadığını, bəziləri isə bu zaman çox yağış yağmasının təbiətin ağlamağı kimi qiymətləndirdiyi üçün bu ayı ağır ay hesab edir. Ya sən, ya mən… Daha bir maraqlı səbəb isə yasəmən gülü ilə bağlıdır. Bəzi inanclara görə, may ayında toy olmamasının səbəbi bu ay yasəmənin çiçək açmasıdır. Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır. Bunu isə gülün adı ilə bağlayırlar. Yasəmən çiçəyinin mənası “ya sən, ya mən” deməkdir. Yəni həmin vaxt toy eləsən, ya sən qalarsan, ya mən. Mütəxəssislər isə hesab edir ki, bu ay toy edilməməsinin səbəbi ruslar və ermənilərdən gələn ənənə ilə bağlıdır. Ruslar bu ayı yuxarıda göstərdiyimiz səbəblərə görə ağır ay hesab edir, ermənilərin isə qondarma soyqırımları üçün 40 gün yas saxlayır ki, bu da may ayına təsadüf edir. Sovet dövründə də onlar bizimlə yaşadıqları üçün bu adət bizlərə də keçib və bu səbəbdən bu ay toy-nişan edilmir.

 

Tibbi baxımdan mayda toy etmək olarmı?

May ayının ağır olması ilə bağlı belə bir fikir də mövcuddur ki, bu ayda fəsil dəyişkənliyi olduğu üçün insan orqanizmində də mənfi mənada müəyyən dəyişikliklər baş verir və bu səbəbdən may ayı ağır ay hesab olunur. Terapevt Məlahət Abbasova bizimlə söhbətində bu ayda insan orqanizmində müəyyən dəyişikliklərin olduğunu təsdiqlədi amma həkim bunun may ayında toy etməklə heç bir əlaqəsi olmadığını bildirdi: “May ayında qan laxtalanmağa meyilli olur və buna görə də xroniki xəstəliklər əsasən bu vaxt aktivləşir. Çünki qanda laxtalanma baş verərkən qan dövranı zəifləyir və immunitet aşağı düşür. Amma bu o demək deyil ki, may ayında toy etmək olmaz. Mayda toy etməməklə bağlı tibbdə heç bir fikir və fakt səsləndirilməyib. Bunlar sadəcə batil inanclardır ki, bəzi insanlarda kortəbii şəkildə buna əməl edirlər . Sadəcə olaraq, bu ayda orqanizm qışdan çıxdığı üçün bir qədər zəif olur, bu hal da özünü hər kəsdə göstərmir”/

 

İslam dini nə deyir?

Dini ekspert Elşad Miri bizimlə söhbətində may ayında toy edilməməsinin islam dini ilə heç bir əlaqəsi olmadığını bildirdi. Onun sözlərinə görə, may ayının xoşbəxtlik gətirməyəcəyi kimi batil inanclara inanmaq belə islamda günah sayılır: “İslam dinidə may ayında toy-nişan edilməməsi ilə bağlı heç bir fikir yoxdur. Ümumiyyətlə, dinimizdə hansısa ayın ağır ya da yüngül olması kimi bir anlayış mövcud deyil. Hətta islam dini spirtli içkilərdən istifadə olunmadığı halda Ramazan və Məhərrəmlik ayında da toy keçirilməsinə icazə verir. May ayında toy edilməməsi ilə bağlı batil inanclara inanmağın özü belə islam dinində günah sayılır”.

 

May ayı toy etmək üçün ideal aydır

Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində ölkəmizdə may ayında toy mərasimlərinin keçirilməməsini uzun müddət Rusiyanın təsiri altında olmağımızla əlaqələndirdi. Onun sözlərinə görə, xristianlar aprel-may aylarında toy etməyə üstünlük vermirlər: “May ayının boş ay adlandırılmasının əsas səbəblərindən biri də keçmişdən bu günə qədər bu vaxtlar əhalinin kənd təsərrüfatı ilə məşğul olması olub. Belə ki, may ayı əkin-biçin ayı hesab olunur və bu vaxt əldə olan vəsait az olduğu üçün bu ayı boş ay hesab edirlər”. Psixoloq vurğuladı ki, may ayı təqvimin ən gözəl aylarından biridir və bu ayı boş ay hesab edənlər tamamilə yanlış düşünürlər: “May ayında toy etməyin psixoloji cəhətdən bir çox üstünlükləri var. Belə ki, bu ayda hər tərəf gül-çiçəkli, yaşıllıq olduğu üçün insana xüsusi zövq verir. Araşdırmalar da göstərir ki, yazda ailə quran insanların övladları çox sağlam olurlar. Çünki, bu zaman insanların əhval-ruhiyyəsi çox gözəl olur. May ayında xüsusilə insanlarda dinamizm yaranır, ətalətdən çıxırlar və nikbinliyə doğru gedirlər. Bu ay düşünülənin əksinə insanlarda yenilənmə və həyat eşqi yaradır. Bu səbəbdən may ayı toy mərasimlərini keçirmək üçün ən gözəl aylardan biridir”. Araşdırmalarımız nəticəsində bizə məlum oldu ki, keçmişə nisbətən son 2-3 ildə may ayında toy edənlərin sayında artım qeydə alınır. Amma illər öncə şadlıq sarayları üçün bu ay sözün əsl mənasında “ağır ay” hesab olunurdu və restoran sahibləri tərəfindən may ayında insanları toy-nişan şənlikləri etməyə cəlb etmək məqsədilə toy edən şəxslərə qiymətli hədiyyələr təklif edilirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir