SAMIRE

“Miss Azərbaycan-2019”: Ağlı olmasa da, pullu kişini seçərəm – MÜSAHİBƏ

Baxış sayı: 1. 963

“Gencaile.az” saytı  “Oxu.az”-a istinadən “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynovanın müsahibəsini təqdim edir.

 

– Səmra, bir müsabiqənin qalibi olmusan və ondan sonra məşhurlaşmısan. Səni bir az tanıyaq:

– Dörd nəfərdən ibarət ailəm var: atam, anam, əkiz bacım və mən. Bacım ailəlidir. Valideynlərim işləmirlər. Evə mən baxıram. Evi dolandırmaq övladın borcudur. Mən 15 yaşımdan valideynlərimdən pul almıram. Dünyaya baxışım başqadır. 18 yaşıma çatanda şəxsiyyət olduğumu başa düşdüm və hər şeyi özüm idarə etməyə qərar verdim. İndi də atamla anamın işləməsinə icazə vermirəm. Anam işləmək istəyir. Mən isə onun çalışmasına etiraz edirəm. Deyirəm ki, sən mənim anamsan, sənin artıq işləmək vaxtın deyil. İndi sənin istirahət etmək vaxtındır. Eləcə də, atamın işləməsini istəmirəm və qoymuram.

 

– Deyirlər ki, Səmra gözəlləşmək üçün tez-tez cərrah qapısı döyür. Doğrudur, yoxsa..?

– Plastik əməliyyat təkcə burnumda etdirmişəm. İki il öncə huşumu itirib üzü üstə yerə yıxılmışdım. Burnum əzilərək, əyilmişdi. Məcburiyyətdən burnumu əməliyyat etdirdim. Amma ciddi bir dəyişiklik olmayıb. Qatıldığım gözəllik müsabiqəsi üçün qaşlarımdakı permanenti sildirdim. Dodağımın həcmini böyütmüşdüm, onu da əməliyyat yolu ilə yenidən əvvəlki görünüşünə qaytardım.

 

– Yarışma demişkən, bir neçə həftə öncə keçirilən gözəllik müsabiqəsində “Miss Azerbaijan-2019” adına layiq görüldün. Qalib olmaq üçün pul vermisən, yoxsa “day-day”ın köməklik edib ?

– Müsabiqəyə qatılmamışdan öncə hamı bir ağızdan söylədi ki, burada kənardan hansısa müdaxilə olmayacaq. Dedilər ki, qatıl yarışmaya, yerlər satılmayacaq. Bir az tərəddüd etdikdən sonra qərara gəldim ki, yarışmaya qatılmalıyam. Bu müsabiqə bir çox Avropa ölkələrinin diqqətindədir. Onlar gözəl qız seçilməyəndə, yəni şəffaflıq olmayanda etirazını bildirirlər. Bu kimi müsabiqələrin öz kriteriyaları var. Üz cizgiləri, boy, arıqlıq. Bir kök insana bu adı verə bilməzlər. Məhz bu səbəbdən bu titula məni layiq gördülər. Həm də gördülər ki, mən qalib gəlmək üçün çox göz yaşı axıdıram, ona görə mən qalib gəldim (gülür).

– Bu kimi yarışmalarda Səmranın qazancı nə olur?

– Böyük bir qazancım olmadı. Bu, mənim arzum idi. Şir bürcüyəm, tacım çatmırdı. Nəhayət taca da sahib oldum. Qələbə qazansam da, böyük bir dəyişiklik olmadı. Artıq Azərbaycan gözəli kimi nümunə göstərilə bilərəm.

– Bu il Azərbaycan gözəli model Melisa Nuriyeva seçildi. Onun bu titula sahiblənməsi sosial şəbəkələrdə birmənalı qarşılanmadı. İzləyicilər Melisada gözəllikdən əsər-aləmət olmadığını yazıb onu tənqid etdilər. Sən Melisanı bu ada layiq görürsən?

– Bu xanımı seçməklə ən böyük səhvi yarışmanın böyükləri (münsiflər heyəti – red.) edir. Sənətə, gözəlliyə üstünlük verməkdənsə, pulu daha üstün tuturlar. Kim pul verdi, onu “gözəl” etmək düzgün deyil. Gərək layiqli, model standartlarına uyğun görünüşü olsun ki, ona bu titulu versinlər. Günah bu kimi yarışmaları keçirənlərdə, buna icazə verənlərdədir. Mən demirəm ki, Melisa çirkindir, sadəcə “Azərbaycan gözəli-2019” adına layiq görmürəm.

– Rəfiqən, aktrisa Pərvin Abıyeva ilə sənin hava limanında sərxoş halda əlinizdə spirtli içki ilə görüntüləriniz sosial şəbəkələrdə paylaşılmışdı. Asayişi pozduğunuz və cərimələndiyiniz haqqında xəbərlər yayıldı. Əslində, nə baş vermişdi?

– Pərvin İstanbulda mənə çox dəstək göstərib. Birlikdə təyyarədə idik, onunla bərabər Azərbaycana qayıtdıq. Düşünmürəm ki, şərab içmək ayıbdır. Şərab içmək normal bir şeydir. Bayramlarda da, “Yeni İl”də də içirik. Bu məsələni böyüdən bizim insanlardır. Burada qeyri-adi bir şey yox idi. Mən də, Pərvin də buna normal baxırıq. Bizim insanlar bilmirlər nə etsinlər, təki zərbə vurub, pis təqdim etsinlər. Heç kim bizi cərimələməyib. Əlimizdə olan şərait onların əlində olsaydı, bizim kimi edərdilər. İnsanlar düşünsələr ki, həyata bir dəfə gəlirəm və hər şeyi öz istədiyim kimi etməliyəm, hamı bizim kimi olar.

– Az öncə vurğuladın ki, Pərvin sənə dəstək olub. Bu məsələni bir az konkretləşdirək. Necə dəstək olurdu?

– Xəbərlərdən, səs-küylərdən, söz-söhbətlərdən o qədər bezdim ki, İstanbula getdim. O zamanlar isə, Pərvin həm orada yaşayırdı, həm də təhsil alırdı. Mən İstanbula gedəndə əlimdən tutan insan məhz Pərvin Abıyeva oldu. Orada kastinqlərdə, çəkilişlərdə iştirak etməkdə yardım göstərdi.

– Maddi köməklik edirdi?

– Bu pul söhbətlərini heç xoşlamıram. Pərvin mənim kişim deyil axı maddi dəstək olsun (gülür).

– Instagramda tez-tez açıq-saçıq çəkilişlərdən ibarət foto və videolar paylaşırsan. Belə materialları yayımlamaqda məqsədin nədir?

– Qonorar. Açıq-saçıq kontentli materiallara görə öncə verilən qonorarın məbləğinə baxıram. Açıq geyimdə foto-video çəkilişinə bir qiymətə gedirəm, bağlı geyimdə başqa. 1000-2000 manat arasında qonorar alıram. Açıq-saçıq geyimdə çəkilişlərə görə mənə verilən məbləğ yüksəkdir, sərf edir, mən də ona görə çəkilirəm. Problem insanlardadır. Onlar öz gözlərini tərbiyə etsələr, açıq-saçıqlığa deyil, gözəlliyə baxarlar. Hər şey – sənət, insanlıq, hörmət və baxış bucağı ilk növbədə bizim özümüzdən asılıdır.

– Bu yaxınlarda Pərvin onu söyüb təhqir edənləri polisə verib. Sən heç bu cür addım atmısan?

– Məni söyənləri mən də dəfələrlə polisə vermişəm. Özü də lap çox. Çünki başqa çıxış yolu görmürəm. Başa salırsan, xoşagəlməz sözlərlə cavab verirlər. Hədə-qorxu gəlirlər adama. Onlarla mübarizənin ən effektiv yolu polisə verməkdir. O təhqir edənlər polisə gəlib onların yanında özlərini elə aparırlar ki, mən özüm utanıram.

 

– Sosial şəbəkə izləyiciləri ilə çox qarşıdurmaların olub?

– 4-5 dəfə. Daha çox qızlar məni təhqir edib söyür. Söyüşlərinin də səbəbini bilirəm. Rahatlıqla onlara yazıram ki, əgər sevgilin və ya həyat yoldaşın məni sosial şəbəkədə izləyirsə və düşünürsənsə ki, səni sevən insanın həyatında hər hansı yerim var, mənə yaz, de, onu blok edim. Biz qadınıq və qadın həmrəyliyimizi qorumalıyıq. Bilmədiyin insan haqqında bu cür nalayiq sözlər yazıb onu təhqir etmək lazım deyil. Məlum məsələdir ki, qadınlar niyə digər qadınları söyür. Səbəb onların sevgilisi, nişanlısı və ərinin telefonunun baş şəklinin digər qadınlar olmasıdır.

Image result for “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynova

– Atan və anan çəkdirdiyin və sosial şəbəkədə paylaşdığın açıq-saçıq foto və videolara görə səni danlamırlar?

– Əvvələr atam çox hirslənirdi, hətta onunla danışmadığımız zamanlar olub. Ona başa saldım ki, mən elə bir ad qazanacağam ki, sən “Qızıma halal olsun” deyəcəksən. Mən sırf sənətimə görə ad qazanacağam. Söyləyəcəklər ki, Azərbaycanda bu qız modellik sənətinə görə irəli gətdi və məşhurlaşdı. O dediyim pilləyə çatanda atam mənimlə fəxr etdiyini söylədi. Ona izah etdim ki, yaşadığımız mühitlə ayaqlaşmaq lazımdır.

Küçənin ortasında açıq-saçıq geyimlə gəzmirəm ki… Bu cür geyimləri səhnədə təqdim edirəm. Bu isə mənim işimdir. Atamla harasa gedəndə mənə elə formada müraciət olunur ki, atam baxır deyir “qızım, sənə halal olsun”.

– Azərbaycanda modellik sahəsinə dırnaqarası baxırlar. Model bəyləri alfons, qızları isə eskort kimi qələmə verirlər. Səncə, bunun səbəbi nədir ?

– Saytlarda kimləri model adlandırdıqlarına diqqət yetirmisiniz? Bunu edən bizim bəzi dırnaqarası jurnalistlərdir. Onlar əsl modeli o dediyiniz eskortdan düzgün şəkildə ayırmağı bacarsa, o zaman modeli önə çəkər, onun adının təmiz çıxması üçün çalışar. Amma jurnalistlər elə insanlara dəstək durub önə çəkirlər ki, modellərin hamısına elə eskort adını verirlər. Mən özümü nə qədər vurub çırpsam da ki bu belə deyil, onsuz da fikir verən olmayacaq.

– Modellərin çoxu aktyorluğa meyilli olurlar. Onlar +18 mövzulu səhnələrə çəkilməkdən belə çəkinmirlər. Seks səhnələrinə çəkilərsən?

– Mən Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissor-aktyorluq fakültəsinin məzunuyam. Peşəm də budur. Amma aktrisalıqda özümü tapmadım. Təəssüf ki, istədiyim texnika, videoçəkiliş, keyfiyyət yoxdur. Baxırsan ki, səndən qat-qat aşağı səviyyədə olan aktrisaya səndən daha çox dəyər və qonorar verilir. Rejissorlar sənin məşhurluğundan istifadə etsələr də, qat-qat aşağı pul təklif edirlər. Bir filmdə ki rejissor sənə pul vermək istəmir, o filmdən nə gözləmək olar?! Heç nə. Məhz elə ona görə də mənə gələn təkliflərdən imtina edirəm. Açıq-saçıq səhnələrə çəkilərəm. Bu bir sənətdir. Xaricdə də çəkilərəm. Azərbaycanda yüksək səviyyədə keyfiyyət, dəyər olsa, çəkilərəm. Qiymət yox, məhz dəyər.

– Bozun 50 çaları filmindəki Anasteyşanı canlandıra bilərsən? 

– Bu filmin yüksək dəyəri olsa və dünyaya səs salsa, çəkilərəm. Burada söhbət artıq dünyadan gedir, Azərbaycandan yox.

– Yüksək vəzifəli şəxslərdən sənə gəl sevgilim ol, mən də sənə sponsorluq edərəm kimi təkliflər gəlir?

– Mən sponsor axtarmıram. Ailə həyatı haqqında düşünürəm. İstəyirəm ki, sevdiyim şəxs olsun. Söhbət nikahdan getmir, hörmət və sevgidən gedir. Bilirsən ki, bu insan sənin yanında hər hansı sənədə görə deyil, səni almır ki kukla kimi saxlasın. Başa düşürsən ki, sən həyatını bu insanla birlikdə qurmaq istəyirsən.

Yüksək vəzifəli şəxslərdən mənə təkliflər çox gəlir. Lakin mən bu təkliflərə razılıq vermirəm. Bu mənim üçün normal haldır. Hər gün bu kimi təkliflər alıram. Gündə mənə zəng edirlər. Lakin bu, mənim təbiətimlə üst-üstə düşmür.

– Zəng edib nə söyləyirlər, hansı təklifləri edirlər?

– Zəng edib deyirlər ki, bir şəxs var, sizinlə tanış olmaq istəyir. Mən də sual verirəm ki, hansı səbəbə görə tanış olmaq istəyir. Səbəbini dolayısı yolla izah edəndə, anlayıram ki, bunun mənə təklifi nədir və söhbəti bağlayıram.

– Sevgilin var?

– 4-5 ildir ki heç bir ciddi münasibətim yoxdur.

Miss Azərbaycan-2019 : - "Açıq-saçıq videolara görə çox pul alıram, sərf edir" - FOTOLAR

– Səbəb nədir?

– Çünki çox çətin insanam. Mənim üçün kişi anlayışı tamam başqa bir şeydir. Kişi çox güclü, uğur qazanmış bir insan olmalıdır. Sözü özü üçün yox, hamı üçün keçərli olmalıdır. Məni sevən bir şəxs gəlib deyirsə ki gəl bunu belə etməyək, bu cür edək, o görməsin, bu görməsin, artıq o, mənim üçün kişi deyil. Kişi söz verdisə, nəinki sözə əməl etməli, eləcə də, sözdən əlavə hərəkət etməlidir. Ağlamamalıdır.

– Pulu olmalıdır?

– Uğurlu kişinin əlbəttə pulu olmalıdır. Əgər kişi zəif olsa, o ağlayacaq. Uğurlu olan təqdirdə o, pul qazanmağı düşünəcək və yanında gözəl bir xanımı arzulayacaq. Mən yaraşıqlı oğlanlara üstünlük vermirəm. Çünki elə bilirlər ki, hamı onlara borcludur. Hətta qadınlar da. Amma mənim gözümdə onlar zəifdirlər. Onlar yalnız yaraşıqlıqlarına güvənirlər. Əsl kişi isə əlinin gücünə güvənməlidir.

– Hansı kişilər Səmranı qıcıqlandırır?

– Əldən-ayaqdan gedən kişiləri sevmirəm. Gündə məni axtaran, cicim-micim sözləri deyən kişilərdən acığım gəlir. Sevirəm ki, kişi ağır olsun. Məni arxasıyca qaçırtsın. Elə bir insan da həyatımda olub. Onunla 3 il ciddi münasibətdə olmuşam. Lakin münasibətlərimiz alınmadığı üçün ayrılmağa qərar vermişəm. Ayrılmağımıza səbəb qısqanclıqlar idi. Səbəbsiz dava-dalaşlar. Gördüm ki, bunun sonu yaxşı olmayacaq, biz evlənsək, daha betər olacaq. Dəfələrlə onunla küsüb barışmışam. Mən özüm qısqanc deyiləm. Çünki özümə çox güvənirəm.
Qadın yalnız zəif olanda kişini qısqanır. Hazırda həyatımda heç kim yoxdur.

– Pullu ağılsız kişi, yoxsa ağıllı kasıb?

– Ağıllı kişi heç zaman kasıb olmur. Pullu kişinin ağılsızlığı qadından aslıdır. Ona görə də mən pullu, ağılsız kişini seçirəm (gülür).

– Modellikdən pul qazana bilirsən?

– Özümü və ailəmi idarə edəcək qədər qazanıram.

– Səncə, nə vaxtsa Validə Abbasova ola bilərsən?

– Validə ən çox sevdiyim azərbaycanlı modellərdən biridir. Onunla fəxr edirəm. Düşünürəm ki, onun kimi mən də böyük nailiyyətlərə imza atacağam.

– Səmra 5-10 ildən sonra özünü harada görür?

– Bütün jurnalların üz qabağında, saytlarda və televiziya kanallarında.

Image result for “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir