kama ahmad

Nə üçün xoşbəxt evlilikdə olmalıyıq və ya evliliyi boşanmadan qorumağın 4 yolu

Baxış sayı: 1. 027

Amerikalı alim və evlilik üzrə ekspert Con Qotmanın Vaşinqton Universitetinin nəzdindəki “Sevgi Labaratoriyası”nda 45 ildən daha uzun zamanı əhatə edən və minlərlə cütlüyü yeni evlilik dövründən başlayaraq əhatə edən elmi araşdırmaları göstərir ki, xoşbəxt evlilikdə olmaq insan üçün faydalıdır. Professor Qotmana görə xoşbəxt evlilikdə olan cütlüklər:

  • Mental və fiziki cəhətdən daha sağlamdırlar
  • Xəstəliklərdən daha tez bərpa olurlar
  • Daha zəngindilər
  • Həyati sınaqlara qarşı daha dözümlüdürlər
  • Daha uzunömürlüdürlər
  • Daha uğurlu uşaqlar böyüdürlər

Xoşbəxt evlilikdə olan cütlüklər özləri və evlilikləri üzərində işləməyə hazır insanlardırlar. İnkişaf, informasiya və çoxsaylı resurslar əsrində yaşayan bir nəsil olaraq bizlər üçün indi boşanma ilk deyil, son çıxış yolu olmalıdır. Hədəfimiz sadəcə evli olmaq və evli qalmaq deyil, xoşbəxt evlilikdə olmaqdır.

Belə bir hədəfiniz varsa, bu hədəfinizə xidmət edəcək bir neçə yol:

Emosional intellektinizi yüksəldin, çünki emosional intellekt evliliyinizi boşanmadan xilas edə bilər.

Emosional intellekt insanın öz emosiyalarını tanıması, idarə və ifadə edə bilməsi, həmçinin partnyorunun emosiyalarını oxuya bilməsi və empatiya qura bilməsi qabiliyyətidir.

Partnyorunuzla münaqişə zamanı ona onun necə tənbəl, necə pinti və səliqəsiz olduğunu təsvir etməyin.

Ona evdəki dağınıqlığın sizdə hansı hissləri oyatdığından, nə hiss etdiyinizdə və nə istədiyinizdən-ehtiyaclarınızdan danışın. Onun sizi sözsüz anlayacağını gözləmədən ehtiyaclarınızı açıq şəkildə dilə gətirməyi öyrənin.

Günahlandırmadan, mühakimə, müqayisə və təhdid etmədən yalnız öz emosiya və ehtiyaclarınızı təsvir edin.

Emosional intellekt həm də sosial bacarıqlarınızı əhatə edir: ünsiyyət və konflikti həll etmək bacarıqlarınız üzərində işləyin və onları inkişaf etdirin.

 

“Problem münasibətin bir parçasıdır” düşüncəsini, “konflikt sağlam ola bilər” inanclarını formalaşdırın

Bizlərə indiyədək səhvən münasibətdə problemlərin mənfi göstərici olduğu aşılanıb. Halbuki evliliyinizdəki problemlər bir-birinizi daha yaxşı tanımağınıza səbəb olur.Doğru idarə edilən konflikt sonda bir-biriniz və münasibətiniz barədə aydınlıq gətirir.

Problemlərə və konfliktə yanaşmanızı dəyişdirin. Problemi münasibətin bir parçası kimi qəbul etmək onu həll etməyinizi asanlaşdıra bilər.

Ekspertlərə görə ailə həyatındakı problemlərin 69%-i həll edilməsi mümkün olmayan “əbədi” problemlərdir. Onlar tərəflərin fərqliliklərindən: şəxsiyyət tiplərindəki fərqlərdən, inanclarındakı və dəyərlərindəki fərqlərindən, həmçinin həyat tərzlərindəki fərqliliklərindən doğur. Sürətli çözümlər əsrində yaşasaq belə münasibət problemlərinin tez həlli olmadığını qəbullanmalıyıqHəll olunması mümkün problemlərinizi həll edin. Digər həll ediləməyən problemləri isə dialoq yolu ilə müzakirə etməyə açıq olun. Bu problemləri nəvaziş və anlayış, bir az qəbullanma və yumorla qarşılamaq evliliyinizi qorumağa kömək edəcək.

 

Həyat yoldaşının pozitiv təsirini qəbul etmək

Ekspertlər çoxsaylı tədqiqatlarla sübut etmişdir ki, həyat yoldaşının pozitiv təsirini qəbul etməyi bacaran kişilər daha xoşbəxt və uzunömürlü evlilikdə olurlar. Həyat yoldaşının pozitiv təsirini qəbul etmək dedikdə onlar kişinin həyat yoldaşının emosiyalarını, ehtiyaclarını və fikirlərini dinləməsini və qərar verərkən onun ehtiyac, emosiya və fikirlərini göz önündə saxlamasını nəzərdə tuturlar. Bu təbii ki, hər iki tərəf üçün keçərlidir.

Həyat yoldaşınız üçün əhəmiyyətli olanları önəmsəməyi öyrənin. O davamlı olaraq sizdən corablarınızı ortalığa atmamağınızı xahiş edirsə, bu onun üçün əhəmiyyətlidir. Onun xahişini nəzərə almadığınız hər dəfə siz ona” sənin nə istədiyin mənim üçün əhəmiyyətsizdir, sənin üçün bu xırda əziyyəti belə çəkməyimə dəyməzsən” mesajını vermiş olursunuz. Siz əslində çirkli corablara görə dava etmirsiniz. Konfliktin altında yatan ehtiyac qadının ailə üçün etdiklərinin görülməsi və dəyərləndirməsi ehtiyacıdır. Onu görün və dəyərləndirin.

 

Həyat yoldaşını yaxşı tanımaq

Həyat yoldaşınızın şəxsiyyət tipini, sevgi dilini, qıcıqlandırıcılarını və “qırmızı düymələrini” tanımaq və gündəlik həyatda onları nəzərə almaq evlilik həyatında xoşbəxtliyə gətirə bilər. Həyat yoldaşının arzularından və hədəflərindən xəbərdar olmaq, onun işlərində maraqlı olmaq və ona dəstək olmaq münasibətinizin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək. Birgə qoyduğunuz hədəflər isə evliliyinizi möhkəmləndirəcək. Əgər siz Mən deyil, Biz, yəni bir komanda olmağı bacarsanız, evliliyiniz uzunömürlü olacaq.

Yaxşı insan olmağınız hələ yaxşı həyat yoldaşı olduğunuz anlamına gəlməz. Həyat yoldaşınız üçün yaxşı həyat yoldaşının necə biri olduğunu öyrənin və onun xəyal etdiyi həyat yoldaşı olun.Sevginizin canlı qalması üçün bir-birinizəhər gün xırda jestlər edin. Bu “səni sevirəm” ismarıcından tutmuş onun çayını təzələməyə qədər xırda ola bilər.

Xoşbəxt evlilikdə olmanız diləyi ilə

 

Kama Ahmad

Kouç və Münasibətlər üzrə ekspert

www.kamaahmad.az




4 şərh “Nə üçün xoşbəxt evlilikdə olmalıyıq və ya evliliyi boşanmadan qorumağın 4 yolu

  1. Elçin

    İlk 3-5 ili çətin, riskli dövrü olur. İki ayrı ailə mühitindən çıxmış şəxs birlikdə yaşamağa başladıqda fikir, düşüncə toqquşmaları, uyğunsuzluq baş verə bilir.

    Cavabla
  2. Dilarə Əliyeva

    İndiki gənclərimizdə isə müəyyən dəyişikliklər baş verib. Belə ki, ailə məsələləri xeyli sosiallaşıb və mənəvi dəyərlər əvvəlki tək rol oynaya bilmir.

    Cavabla
  3. Şəlalə Musazadə

    Mənəvi yaxınlıq və əsl sevgi haqqında istədiyiniz qədər danışa bilərsiniz. Lakin bu, problemlərinizi həll etməyə kömək olmayacaq. Ona görə də güclü və sabit maddi vəziyyəti olan insanla evlənmək lazımdır.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir