Nureddin Mehdixanli

Nurəddin Mehdixanlı: “Onlar bilməlidirlər ki, öldürsələr, öldürüləcəklər” – MÜSAHİBƏ

Baxış sayı: 1. 064

Məlum olduğu kimi, bu günlərdə ölüm hökmünün yenidən bərpası ilə məsələ gündəmə gəlmişdi. Qeyd edilən məsələnin gündəmə gəlməsi isə xalq artisti Nurəddin Mehdixanlının Sumqayıtda baş verən iyrənc olaydan qəzəblənərək səsləndirdiyi fikirlər olmuşdu. Bu və digər məsələlər ilə bağlı xalq artisti ilə söhbətləşdik, Bel’likl’ h’min müsahibəni təqdim edirik:

 

– Nurəddin bəy, ilk öncə bu sualdan başlamaq istərdim, yay istirahətinizi harada və necə keçirirsiniz?

– Bir müddət öncə dağlarda idim.

 

– Ölkədən kənarda, ya necə?

– Yox, həmsərhəd bölgədə idim. Ümumiyyətlə mənim üçün istirahət yoxdur. Mənim üçün həmişə iş var. Bir də evdə ailə üzvlərinin hamısı eyni zamanda məzuniyyətə çıxa bilmədiyindən istirahətimiz uzun müddətli olmur. İstirahət üçün xarici ölkəyə niyə gedim ki? Azərbaycanın, vətənimin çox gözəl səfalı yerləri var.

 

– Bu günlərdə Sumqayıtda baş verən iyrənc olaya biganə qalmadız, “ölüm hökmü yenidən bərpa edilsin” deyə çağırış etdiniz, bu çağırışa bir sıra tanınmışlar da qoşuldu. Yenə də bu fikrinizdə qalırsızmı, yoxsa bu qəzəbdən doğan bir çağırış idi?

– Sözün düzü heç məni maraqlandırmır, kim mənim çağırışıma qoşuldu, kim qoşulmadı. İndi də öz fikrimin üstündə qalıram. Bu, nifrətdən, qəzəbdən irəli gələn məsələ deyil. Bu qədər ölüm hadisələri, vəhşi, iyrənc  cinayətlər olarmı?  Bilmirəm, əgər bu gün nüvə silahı olmasaydı, dünya olardımı, ya yox? Yəqin indi 9 ya da 10-cu dünya müharibəsi gerçəkləşərdi. Amma nüvə silahının ortaya gəlməsi, çox dəhşətli, çəkindirici gücə malik olduğuna görə böyük dünya müharibələrinin qarşısını aldı. Əslində  nüvə silahı böyük mənada, dünya müharibələrinin qarşısını aldı.

Beləliklə, bu gün əgər şəxs bilsə ki, öldürsə, onu da öldürəcəklər, bu qədər ölüm hadisəsi baş verməz. Keçmiş dönəmlərə, ölüm hökmünün olduğu zamanlara diqqət edib, ölüm hadisələrinin statistikası ilə indikini müqayisə edəndə görərik ki, ortada böyük rəqəmlər var. Daha sonra baxaq cəzalara, qatilə bəzən 7-8 il cəza verirlər, bəzən 15 il, bəzən də ömürlük. Sonra da şəxsin ümidi olur ki, əfvə düşəcək. Şahidi olduq ki, bundan əvvəl nə qədər insan ömürlük cəzaya düşdükdən sonra, azadlığa çıxdı. Bəs körpəsi öldürülən, gənc yaşda başı kəsilən, öldürülən gəncin ailələrin aqibəti necə oldu? Bəs bunların əvəzini kim verəcək? Qatil gedib cəzasını çəkdikdən sonra azadlığa çıxacaq, yaşayacaq, amma axı öldürülənlər geri qayıtmır. Qatil isə yaşayır, nəfəs alır, halbuki bir ailəni məhv edib. Məncə həm şəriət, həm də dünya qanunlarında ölümə ölümün olması doğrudur. Hansı ki, qəsdən, düşünülmüş şəkildə, vəhşicəsinə, qeyri-insani şəkildə qətl törədən şəxslərə ölüm hökmü icra edilməlidir. Onlara yaşamaq haqqı vermək olmaz, bilməlidirlər ki, öldürsələr öldürüləcəklər. Təsadüfən, bilməyərəkdən ölüm hadisəsi baş veribsə, təbii ki, burda məsələ dəyişir.  Qeyd etdiyim ki, ölüm cəzası həmin şəxsləri çox ciddi şəkildə qorxu hissi yarada bilir. Bu gün dünyaya demokratiya dərsi keçən, bir çox ölkələrdən ölüm hökmünün ləğvini tələb edən Amerikanın özündə ölüm hökmü var və müxtəlif formalarda, məsələn, iynə vurmaqla, güllələməklə, elektrik stulunda əyləşdirməklə yerinə yetirir. Beləliklə, ölkəmizdə baş verən qəddar, vəhşicəsinə törədilən qətllərin, qeyri-insanı hərəkətlərin qarşısını almaq üçün çəkindirici bir cəza olmalıdır, bu da ki, ölüm hökmüdür.

 

– Bir müddət bundan əvvəl “Cavad xan” filminin nümayişinə qadağa qoyulduğu barədə iddialar ortaya çıxmışdı. ADP sədri Sərdar Cəlaloğlu bu qadağanı filmin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına xələlə gətirdiyinə görə əsaslandırıb. Təbii ki, bu məsələ ətrafında xeyli müzakirələr oldu, Mədəniyyət Nazirliyi isə bundan xəbərsiz olduğunu qeyd etdi və sairə. Bəs siz bu qadağa barəsində nə bilirsiz?

– Məsələ burasındadır ki, “Cavad xan” filmi nə təxribatçı nə hansısa ölkəyə qarşı olan filmdir. Film tarixi faktlar, həqiqətlər əsasında çəkilib, böyük zəhmətlər bahasına ərsəyə gəlib. Orada Azərbaycanın əsl milli qəhrəmanı, kişisi, milləti, vətəni üçün oğlunu belə qurban verən ləyaqətli oğlundan söz açılır. Azərbaycan tarixində bu sayaq kişilər barmaq sayılı qədərdir. İkinci  bir tərəfdən, hələ filmin çəkilişləri əsnasında Rusiya tərəfindən belə bir fikirlər mövcud idi ki, Azərbaycanda dövlət hesabına anti-rus filmi çəkilir. Film ərsəyə gəldikdən sonra isə bu fikirlər dəyişdi, hətta təqdimatı Moskvada keçirildi. Beləliklə Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun təşəbbüsü ilə Moskvadakı böyük kinoteatrda təqdimat oldu, orada Rusiyanın siyasi nümayəndələrinin fikirləri də səsləndi. Bildirdilər ki, azərbaycanlılar tarixi faktlar əsasında film çəkib və burada anti-rus amillər yoxdur. Eyni zamanda bu hadisə çar Rusiyasının vaxtında baş verib və bu tarix artıq hər kəsə məlumdur, faktlar ortadadır.

 

– Amma nədənsə çox az hallarda bu filmi ekranda görə bilirik.

– Deməzdim. Məsələn, 2016-cı ildə baş verən aprel döyüşləri zamanı ATV televiziyasında dəfələrlə göstərildi. Hətta film gedərkən arada prezidentin Azərbaycan ordusuna müraciəti yayımlanırdı, ayır-ayrı çıxışlarından hissələr göstərilirdi. Hesab etmirəm ki, filmə qarşı  qadağa var. Azərbaycan müstəqil dövlətdir və inanmıram ki, kiminsə diktəsi ilə hansısa filmin nümayişinə qadağan qoyulsun. Biz Rusiyanın qarşısında günahkar deyilir, əksinə onların bizim qarşımızda günahkarları var.

Bilmirəm, Sərdar Cəlaloğlu hansı əsaslarla bu barədə danışıb, amma mənə elə gəlir ki, bəzən bu cür məsələlər elə içimizdə olan qorxaqların “ayı” xidmətindən irəli gəlir. Kim Azərbaycanın tarixindən, yaddaşından Cavad xanı silə bilər? Film mədəniyyət nazirliyi və dövlətin maliyyə dəstəyi ilə çəkilib, ərsəyə gəlib, ayrı-ayrı xarici ölkələrdə, o cümlədən ABŞ-da nümayiş olunub. Yerli telekanallar da bu məsələyə daha çox meyl göstərməli, filmi yeri gəldikcə nümayiş etdirməlidir.

 

– Yaradıcılıq baxımından builki teatr mövsümü sizin üçün necə başa çatdı, yadda qaldı?

– Deyərdim ki, builki teatr mövsümü mənim üçün bir qədər istirahətli keçdi. Yəni, il boyu müəyyən qədər bekar qaldım. Akademik Milli Dram Teatrı bu il daha çox uşaq tamaşaları hazırladı. İlin sonuna yaxın teatrın direktoru və bədii rəhbəri Azərpaşa Nemətov əməkdar incəsənət xadimi, Azərbaycanın istedadlı rejissoru, bir zamanlar teatrımızda ən uğurlu tamaşaları  səhnəyə qoyan Bəhram Osmanovu teatra dəvət etdi. Rejissor “Dəli yığıncağı” tamaşasını hazırladı, ictimai baxış oldu. İnşallah ki, yeni mövsümün açılışında biz tamaşanı tamaşaçılara təqdim edəcəyik. Bildirim ki, çox maraqlı və fərqli bir işdir. Yəni, “Dəli yığıncağı”na fərqli, şeytanın ağlına gəlməyəcək yanaşma verilib. Təbii ki, bu günə qədər bu tamaşaya çox müraciət edilib, çox uğurlu tamaşalar alınıb. Hətta 1978-ci ildə teatra ilk gəldiyim dövrdə bu əsər səhnələşdirilmişdi və mən həmin tamaşada kütləvi səhnədə iştirak etmişəm. İndi isə Bəhram Osmanovun yanaşması fərqlidir. Tamaşada həm yaşlı, həm orta, həm də gənc aktyor və aktrisalarımız iştirak edir. Düşünürəm ki, tamaşaçılar çox maraqlı, uğurlu, yaxşı mənada müzakirələr yarada biləcək tamaşa görəcək. Tamaşada mən Fazil Küleynini canlandırıram. Hansı ki, bu obrazı məndən əvvəl məşhur aktyorlarımız, o cümləsən Səməndər Rzayev və digərləri oynayıb.

Bu mənada bu mövsümdə teatrda əsas işim bu oldu. Təbii ki, könül istərdi ki, ildə 2-3 tamaşa olsun… Allah böyüklərimizə insaf versin.

 

– Mövsümdən söz düşmüşkən, fikrimcə bu mövsüm mədəniyyət və incəsənət xadimləri üçün bir hadisə ilə də yadda qaldı. Məlum olduğu ölkə prezidenti və birinci vitse-prezident bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşdü, onların arzu və tövsiyələrini dinlədi və bu görüşdən sonra bir neçə uğurlu işlər həyata keçirildi. Maraqlıdır, siz də o görüşdə olsaydınız, hansı arzu və tövsiyələriniz olardı?

– Hesab edirəm ki, çox yaxşı bir görüş idi, çox ciddi və maraqlı məsələlər qaldırıldı, bütün səslənən məsələlər öz həlini tapdı. Demək ki, qorxmaq, çəkinmək lazım deyil, dövlət başçısı insanlara çox açıqdır, yaxşı müsahibdir. Bu görüş onu göstərdi ki, problem varsa söyləmək lazımdır və problem öz həllini tapır. Bu çox yaxşı bir nümunə idi.

Həmçinin ötən mövsümdə çoxlu sayda sənət adamlarına, aktyor və aktrisalara mənzillər, fəxri adlar, orden və medallar verildi. Bu dövlət başçısının mədəniyyət adamlarına verdiyi qiymət, dəyərdir. Biz də onun əvəzini yaxşı tamaşalar, filmlər, işlər ilə verməliyik.

Qaldı ki, orda olsaydım, hansı fikirlər səsləndirərdim, inşallah ki, yenidən belə bir görüş keçiriləndə fikirlərimi orda bildirəcəm. Deyim çox maraqlı təkliflərim olacaq və anındaca həllini tapacaq. İndi əgər o fikirlərimi desəm, qorxuram ki, kimsə oğurlayıb, cibinə qoyar( zarafatla)”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir