xestelik

Ölkədə “adsız” epidemiya

Baxış sayı: 569

Ötən ilin dekabrından başlayaraq Azərbaycanda çox güclü virus yayıldığı deyilir. Bununla bağlı paylaşımlara sosial şəbəkələrdə tez-tez rast gəlmək olur. Həmin xəstəliyin güclü boğaz ağrısı, yüksək hərarət, öskürək və qulaq ağrısı ilə müşayiət edildiyi bildirilir. Bəziləri bunun koronavirus, bəziləri də “donuz qripi” olduğundan şübhələnirlər.

Səhiyyə Nazirliyindən  təsdiqləyiblər ki, son günlər əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir: “Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1 variantı (donuz qripi) yayılmaqdadır. Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Belə ki, bu mövsümdə indiyədək ölkə ərazisində “donuz qripi” virusu aşkarlanmayıb”.

Qeyd olunub ki, qurumun Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır: “Bildirilir ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir. Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil”.

Həkim: “Mən səhiyyədə ciddi keyfiyyət dəyişikliyi müşahidə etmirəm”

“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də  bildirir ki, hər il bütün dünyada payız-qış fəslində mövsüm xəstəlik kimi kəskin respirator virus infeksiyaları yayılır: “Bu da növbəti birisidir. Ola bilsin, koronavirusun mutasiyaya uğramış daha yüngül xəstəlik yaradan bir ştamıdır, ola bilsin, başqa virusdur. Əlamətləri bir az kəskin intoksikasyon sindrom verir və daha çox sinusitlə ağırlaşır (haymorit), yuxarı tənəffüs yollarının iltihablaşma, halsızlıq, oynaq ağrıları ilə özünü göstərir”.

Lakin o qeyd edib ki, koronavirus tüğyan edən zamanda ağciyərdə görünən mənzərə görünmür: “İndi yayılan yoluxma halları ki var, onların bir çoxunu mən yoxlamışam və ağciyərdə ciddi dəyişiklik müşahidə edilmir, tək-tək pnevmoniya ilə ağırlaşma olur”.

Həkim hesab edir ki, xəstəlik yayılan kimi xəstələrin qanından, burundan, boğazından nümunə götürülməli və xüsusi laboratoriyalarda analiz edilməli idi: “Bununla da virusun ştammı aşkarlanmalı idi. Xəstəlik bir aydır yayılıb, müvafiq qurumlarımız çıxıb bunun nə olduğunu desinlər.”

“Hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyir.

Onun sözlərinə görə, bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olanlar və yaşlı insanlar ehtiyatlı olmalıdırlar: “Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq tövsiyə olunur”.

Valideynlər karantin müddətində övladları ilə necə davranmalıdır? – Pediatr vacib məqamlara aydınlıq gətirdi - aztibb.az AZƏRBAYCANIN SƏHİYYƏ XƏBƏR PORTALI

Həkim-pediatr Aytən İsmayılzadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki,  hazırda insanlar, əsasən də uşaqlar arasında yayılan qrip virusudur: “Uşaqlar arasında Streptokok A infeksiyası da yayılıb. Bu infeksiyanı qriplə səhv salırlar. Boğaz qıpqırmızı, ağrıyır, yüksək hərarət varsa, bunlar streptokokun əlamətləridir. Hazırda bir çox ölkələrdə də uşaqlar arasında Streptokok A infeksiyası yayılıb. Son vaxtlar bizdə də Strep A-antigen testi pozitiv çıxır. Ona görə də boğaz ağrı, hərarətlə gələn uşaqlarda elə ilk gündən bu test edirik. Test boğazdan götürülən yaxma ilə aparılır. Cavab tez zamanda hazır olur. Qiyməti də baha deyil.  Bu testi etməliyik, çünki vaxtında bilməsək, müalicəyə gecikirik. Mütləq antibiotik vermək lazımdır. Streptokok A vaxtında müalicə olunmazsa, ürəyi, böyrəyi zədələyir. Boğazda səpki verə də bilər, verməyə də bilər. Streptokok A qrup betta – hemolitik streptokok bakteriyadır, virus deyil, revmatizm, skarlatina törədən mikrobdur. Mikrob olduğu üçün mütləq antibiotiklə müalicə olunur. Ona görə də azacıq şübhə olarsa, test olunmalıdır”.

Həkim təəssüflə qeyd edir ki, testlər yalnız özəl klinikalarda var: “Yaxşı olar ki, bu testlər poliklinikalara da verilsin ki,  onların da işi asanlaşsın və gecikmiş olmayaq. Hava çox soyuqdur, xəstə uşaqları xəstəxanalara deyil, yaxınlıqda olan poliklinikalarda tez bir zamanda yoxlamaq olar. Qiyməti də çox ucuzdur. İlk günlərdə qan analizinə də ehtiyac qalmır, çünki qanda dəyişiklik olmur ilk günlərdə. İkinci məsələ də, qrip, COVİD də ağırlaşarsa, orada da antibiotik təyin olunur. Amma antibiotikə tez başlamaq olmaz. Bir məsələyə də diqqət etməliyik, burun axması və öskürək varsa, bu, qripin əlamətləridir,  streptokok deyil. Hazırda bizə müraciət edən kifayət qədər xəstə var ki, əksəriyyətin də streptokokla bağlı testlərin nəticəsi pozitiv çıxıb. Əgər nəticə pozitivdirsə, müalicə vaxtında təyin olunsa da ürək  Exo-kq olunmalıdır. Qətiyyən boğaz ağrısı, angina vaxtı badamcıqları basmaq, bərk silmək  olmaz. Çünki mikrobun qana keçməsini sürətləndirərik. Nəzərə almaq lazımdır ki, iltihablı toxuma tez dağıla bilən, qanayan olur”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir