qizilca

Ölkədə donuz qripi və qızılca ilə bağlı son durum necədir?

Baxış sayı: 1. 355

Son 3 ayda ölkə əhalisi  bir çox yoluxucu xəstəliklərdən əziyyət çəkdi. Mövsümi olaraq artan kəskin respirator xəstəliklərlə yanaşı, qonşu ölkələrdən donuz qripi adlanan H1 N1 virusuna yoluxma da qeydə alındı. Bununla yanaşı, orta yaşlı insanlar arasında dünyanın bir çox ölkələrini bürüyən qızılca xəstəliyi yayıldı. Bəs görəsən, hazırda ölkə üzrə vəziyyət necədir? Yoluxucu xəstəliklərin qeydə alınmasında artım tempi varmı?

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva  bildirdi ki, kəskin respirator virus-infeksiyaları epidemioloji hədd çərçivəsindədir, bu həddi keçməyib: “Mövsümi olaraq qeydə alınır, artıq müşahidə olunmur. Eyni zamanda qeyd etdiyiniz, A H1N1 qripi ilin əvvəlində 16 nəfərdə qeydə alındı, ondan sonra bu virus Azərbaycanda qeydə alınmayıb. Lakin mövsümi qriplər və A virusları var, onlar da son həftələrdə azalmağa doğru gedir, üzü bahara doğru getdiyinə və havalar isti keçdiyinə görə hər il olduğu kimi xəstəlik azalır. Mövsümi respirator viruslarda da artıq artım müşahidə olunmur. A H1N1 qripi isə hazırda qeydə alınmır. Mövsümi qriplər isə laboratoriya tərəfindən təsdiq edilir və həmin hallar da azalmağa doğru gedir”.

A.Əliyevanın sözlərinə görə, qızılca xəstəliyi 2018-ci ilin noyabr ayının sonlarından etibarən Azərbaycanda dekabr, yanvar aylarında da qeydə alınıb: “Fevral ayında isə azalmağa doğru gedir. Əsasən 20-40 yaşlı insanlar xəstələnir. Onlar isə zamanında bu infeksiyaya qarşı peyvənd olunmayan insanlardır. Bu müddət ərzində tək-tək hallarda uşaqlar arasında da qızılcaya yoluxma halları qeydə alınıb, onlar da müəyyən səbəblərdən peyvənddən imtina edən insanlardır. Bəzən tibbi göstərişə, bəzən isə digər səbəblərə görə valideynlər peyvənddən imtina edirlər. Bu mənada əsasən peyvənddən kənarda qalanlar xəstələnir. Hansısa uşağın peyvənd təqviminə uyğun peyvəndləri həyata keçirilibsə, yəni 12 ayının tamamında və 6 yaşında da alıbsa, həmin uşaqlar arasında qızılca xəstəliyi qeydə alınmır. Biz gözləyirik ki, çox yaxın zaman üçün, yəni mart ayının əvvəlinə Azərbaycana qızılca və məxmərək əleyhinə vaksin gətiriləcək və böyük yaşlı insanlar da peyvənd olunacaq”.

Ä°lgili resim

Mərkəz direktorunun sözlərinə görə, hazırda ölkədə uşaqların qızılca, məxmərək və parotit əleyhinə kombinə olunmuş vaksinlə peyvənd edilməsi üçün kifayət qədər ehtiyat var: “Hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların da peyvəndlə təmin olunması tibb müəssisələri tərəfindən həyata keçirilir. Mart ayında isə böyük yaşda olan insanların da immunizasiyası həyata keçiriləcək. Çox yaxın zamanlarda vaksini gözləyirik”.

A.Əliyeva vətəndaşlar arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün tövsiyələrini də səsləndirdi: “Xəstəliklərin daha az yayılması üçün tövsiyəm odur ki, valideynlər vaxtlı-vaxtında uşaqlarını peyvənd təqviminə uyğun olaraq tibb müəssisələrinə aparıb peyvənd etdirsinlər. Hər bir uşaq 1 yaşının tamamında qızılca, məxmərək və parotit əleyhinə peyvənd almalıdır. Bu bir vaksindir və uşaq peyvənd olunmaqla 3 infeksiyaya qarşı immunitet almış olur. 6 yaşından yenidən təkrar peyvənd olunmalıdır. Əgər hansısa səbəbə görə vaxtında uşağı aparmayıblarsa, sonradan gətirib peyvənd etdirmək lazımdır. Hazırda Avropanın əksər ölkələrində, eyni zamanda bizə həmsərhəd olan ölkələrdə qızılca var və hər zaman ölkəmizə gətirilə bilər”.

Müsahibim vurğuladı ki,  uşaqları qızılcadan qorumağın yeganə mübarizə üsulu peyvənddir:“Peyvəndi olan şəxs heç zaman ağır qızılca keçirə bilməz. Əgər insan vaxtında peyvənd alıbsa, o insan xəstələnmir. Əgər vətəndaşlardan hər hansı birində kataral əlamətlər başlayıbsa, mütləq həkimə müraciət etmək lazımdır. Əgər qızılca olduğu təsdiq olunmuş şəxslə təmas olubsa, bu uşaqlarda qızdırma kimi hallar müşahidə edilirsə, bu halda gecikmədən həkimə getmək lazımdır.  Bundan başqa, vaxtında kollektiv mühitdən izolyasiya edilməlidir ki, həm vaxtında düzgün müalicə ala bilsin, heç bir fəsad baş verməsin, eyni zamanda  digərlərini yoluxdurmasın. Yəni qızılcaya yoluxmuş insan zamanında ev şəraitinə keçərsə, həm özünü, həm də ətrafdakıları qorumuş olar. Artıq qızılcaya yoluxma halları azalır, mart ayında böyüklər arasında immunizasiya işləri aparıldıqdan sonra yəqin ki, bu virus yox vəziyyətinə gələcək”.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir