Nesibe Abdullayeva

Özbək müğənni: “Bu gün həm də ona görə sevinirəm ki…” – MÜSAHİBƏ

Baxış sayı: 436

“Gencaile.az” saytı jurnalist Aida Eyvazlının Azərbaycan və Özbəkistanın xalq artisti, tanınmış müğənni Nəsibə Abdullayeva ilə müsahibəsini  təqdim edir.

 

Bir neçə gün öncə xəbər saytlarında Özbəkistanın xalq artisti Nəsibə Abdullayevaya Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə “Xalq Artisti” fəxri adının verilməsi xəbərini oxudum. Uyğun bir saatda  telefonuna yazıb təbrik etdim. Həm də ismarıc səs göndərdim ki, vaxtı olduğu zaman mənimlə telefon əlaqəsi qursun.

Bizim vaxtla gecə saat 11-də, Özbəkistan vaxtı ilə isə gecə saat 12-də 1985-ci ildən dostluq etdiyim Nəsibə Abdullayeva ilə söhbətimiz baş tutdu. Bir daha təbrik etdim. Dedi, bilirəm ki, sizin ailənizdə məni hamı sevir, hər kəsə salamımı çatdırın.

Sonra aldığı mükafatla bağlı müsahibə yazmaq istədiyimi dedim. Dedi, bəlkə sonraya qalsın, indicə  Özbəkistan Respublikasının Müstəqilliyinin 30 illiyi ilə münasibəti ilə keçirilən konsertdən çıxmışam, yorğunam, bir neçə gün müsahibə verməyə vaxtım olmayacaq.

Belə olduqda, qərara gəldik ki, bir blits-müsahibə edək, ətraflı müsahibəni sonraya saxlayaq. Və başladıq:

 

– Nəsibə xanım, azərbaycanlı pərəstişkarlarınız bu xəbərə çox sevindilər. Bütün xalqın ürəyindəndir bu. Özbəkistanda  da çox sevilirsiniz, bir nömrəlisiniz, lakin Azərbaycan üçün də o qədər əzizsiniz. Bunu özünüz də gözəl bilirsiniz.

– Bilirsiniz, bu mənim üçün çox vacibdir. Mən çox istəyərəm ki, Azərbaycan Prezidentinin imzası ilə layiq görüldüyüm bu fəxri ad, adından da göründüyü kimi, həqiqətən xalqın adından verlsin. Mən çox istəyirəm ki, xalq prezidentin verdiyi qərardan şad olsun, razı olsun. Ona görə ki, prezidentin imzasıyla verilən ad onun imzasına layiq olmalıdır. Qoy kənardan deməsinlər ki, filankəs bu ada layiq deyil.

 

– Xəbəriniz varmı, bu gün bütün xəbər saytları sizin fəxri ad almağınızı necə sevinclə yayırdılar? Bəs siz özünüz xəbəri necə aldınız?

– Səhər yuxudan oyananda facebook səhifəsini açdım və burada öz şəklimi və  adımı gördüm… Və sonra təbriklər yağmağa başladı, zənglər hələ də kəsilmək bilmir…

 

-Təbriklərin hamısı Azərbaycandanmı gəlir?

-Yox, həm Azərbaycandan, həm Özbəkistandan təbriklər almaqdayam.

 

– Nəsibə xanım, sizə Özbəkistandan gələn təbriklər, əlbəttə ki, həm də özbək xalqının Azərbaycan musiqisinə verdiyi dəyərdir. Sizin üçün bu mükafata layiq görülməniz gözlənilməz oldumu?

-Bilirsiniz, cənab İlham Əliyev bu ilin iyun ayının sonlarında Özbəkistanda rəsmi səfərdə olanda onun şərəfinə təşkil olunan musiqili proqramlarda mənim də iştirakım təsdiq olunmuşdu. Azərbaycan Prezidentinin şərəfinə verilən əsas konsertdən sonra hər iki prezident – cənab Şavkat Mirziyayev də, cənab İlham Əliyev də səhnə arxasında Özbəkistanın sənət adamları ilə görüşdülər. Həmin görüşdə prezidentlər dedilər ki, biz belə qərara gəlmişik, Azərbaycanın və Özbəkistanın artistlərini fəxri adlarla mükafatlandıraq. Özbəkistan prezidenti dedi ki,  mütəxəssislərlə məsləhət edib, belə qərara gəlinib ki, bu ada ən layiqli və birinci namizəd Nəsibə Abdullayevadır. Azərbaycan Prezidenti isə dedi ki, Müstəqillik günündə Nəsibə xanımı təltif edərik. Şəxsən mən elə bilirdim ki, bu təltiflər Azərbaycanın Müstəqillik günündə olacaq. Ona görə də bu gün Sərəncamın çıxması mənim üçün gözlənilməz oldu.

 

– Nəsibə xanım, əslində bu əlamətdar hadisə də sübut edir ki, Azərbaycan və Özbəkistanın  həm Müstəqillik bayramları, həm də  bütün sevincli günləri hər iki ölkə üçün eyni cür əlamətdar olur. Bu, həm xalqlarımızın, həm də dövlətlərimizin diplomatiyasıdır.

– Mən istəyirəm deyəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına minnətdaram. Siz bilirsiniz ki, mən Azərbaycanı, Azərbaycan musiqisini necə sevirəm. Mən bu mahnıları 42 ildir ifa edirəm. Azərbaycan  mahnıları ifa edərkən, musiqilərini səsləndirərkən, heç vaxt hər hansı bir mükafat haqqında düşünməmişəm. Sadəcə, bu musiqilərə vurğunam. Azərbaycan musiqiləri  doğulduğum gündən mənim həyatımda olub. Mən onları sevmişəm, sevirəm, nə qədər ömrüm varsa, sevəcəyəm. Bir onu bilirəm ki, hər zaman bu mahnıları böyük məhəbbətlə ifa etmişəm, yaşatmışam. Azərbaycan xalqı var olsun ki, dünyanın hər yerində sevilən, dinlənilən belə gözəl musiqi xəzinəsinə malikdir.

Nesibe Abdullayeva 1

–  Gənc müğənni kimi Özbəkistanın Əməkdar artisti adını 1987-ci ildə aldınız. Mən də o vaxt Daşkənddə tələbə idim. Bizim universitetdə konsert verirdiniz. Orada tanış olduq.  Sizi artıq Azərbaycanda da tanıyırdılar.  32 yaşınızda isə ən gənc ifaçı kimi Özbəkistanın xalq artisti adına layiq görüldünüz.

– Hətta 32 də deyil, 31 yaşım var idi. O günlər unudulmazdır. Bu gün isə həm də ona görə sevinirəm ki, Özbəkistanın incəsənət və musiqi tarixində ilk  Özbəkistan xalq artistiyəm ki, həm də Azərbaycanın xalq artisti adına layiq görülmüşəm.

 

– Nəsibə xanım, 26 avqustda Azərbaycan Prezidneti İlham Əliyev Laçın rayonunun erməni işğalından tam azad olması haqqında yeni tvit yazdı. Həmin günü sizin  ifa etdiyiniz “Ay Laçın” mahnısını sosial media səhifələrimdə yerləşdirdim. İndi sizin ifa etdiyiniz “Ay Laçın” mahnısını Laçının özündə  30 il əvvəl səsləndirdiyimiz kimi səsləndirə bilirik. Laçının dağları, düzləri səsinizi dinləyir…

– Mən yenə də Azərbaycan xalqını təbrik edirəm.

 

– Bir danılmaz həqiqət də var ki, bizim musiqilərə, mahnılara Nəsibə xanım ikinci ömür, ikinci nəfəs verir. Sizin səsinizdə musiqilər daha əsrarəngiz, daha çox yaşayan olur. Daha sevimli olur. Biz də buna görə sizə minnətdarıq. Onu da bilirəm ki, siz özünüzü heç vaxt şou-biznesə qatmırsınız, sənətinizə ciddi yanaşırsınız.

– Bəli, mən heç vaxt özümü şou-biznesdə görməmişəm, həmişə də belə qalacağam. Başqa cür ola bilmərəm.

Nesibe Abdullayeva 2

-Ötən il sizinlə müsahibələrimin birində dediniz ki, istəyərdiniz, Azərbaycanın Zəfəri haqqında sizin ifa etməyiniz üçün bir mahnı yazılsın. Sizin bu arzunuzun həyata keçməsi üçün sorğu keçirdik, tanınmış bəstəkarımız, Azərbaycanın Xalq Artisti,  professor Faiq Şücəddinov bu xeyirxah işi öz üzərinə götürdü. Həmin mahnı nə zaman ərsəyə gələcək, məlumatlısınızmı?

– Faiq müəllimlə elə ilk telefon danışığımızdan dost olduq. Hələ üz-üzə görüşməmişik. Lakin onun təklif etdiyi musiqi və mahnı elə bil ki, mənim ruhuma biçilib. Bu mahnı Azərbaycan bəstəkarı tərəfindən şəxsən mənim ifam üçün yazılan ilk mahnıdır. Buna görə, Faiq müəllimə də,  təşəbbüskar kimi sizə də çox minnətdaram. Yadınıza gəlirsə,  bir dəfə  mən sizə demişdim ki, o mahnının belə gec ərsəyə gəlməsinə mənim COVİD virusuna yoluxmam səbəb oldu. Uzun müddət oxuya bilmədim. İndi mahnı hazırdır. Təkcə səsimin “oranjerovkası” qalıb. Bu yaxınlarda, Allah  qoysa, yazarıq, hazır olan kimi mən sizə xəbər edəcəm…

 

– Xeyirli və uğurlu olar, İnşallah.

Azərbaycanın Xalq Artisti Nəsibə Abdullayevanı çox yormamamq üçün  15 dəqiqədən sonra, sağollaşdıq ki, Özbəkistanın müstəqillik bayramı şənliklərində iştirakı bitəndən sonra yenidən zəngləşək…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir