sekil

Özündən başqa hamıya oxşayanlar

Baxış sayı: 495

Elə bir dövrdə yaşayırıq ki, kim realdır, kim saxta – bəlli deyil. Son vaxtlar bu istiqamətdə bir problem də yaranıb. Bəzən sosial şəbəkələrdə şəkillərdən gördüyümüz şəxsləri canlı görəndə tanıya bilmirik. Səbəb isə axır vaxtlar dəbə düşən filtrlərdir. Əvvəllər makiyajın insanları dəyişdiyini deyirdilərsə, indi dəyişmək funksiyasını filtrlər əvəz edir. Bu ənənə uzun illərdir mövcud olsa da, son vaxtlar ifrat dərəcədə artıb. İnsanlar bu proqramlarla özlərini arıqlada, kökəldə, makiyaj edə və hətta saç düzümünü, geyimlərini də dəyişə bilərlər. “Snapchat” kimi effekt verən proqramlarla yanaşı, artıq sosial şəbəkələrin özlərində də insanları inanılmaz dərəcədə dəyişən filtrlər dəbdədir. Bəs əslində insanları buna sövq edən nədir? Bu, insanların özünü aldatması deyilmi? Yoxsa burada bir psixoloji problem var? 

 

Özünəvurğunluq isterik nevroza gətirib çıxara bilər

Psixoloq Vəfa Əkbərin fikrincə, estetik gözəlliyə və filtrə önəm verən insanların əksəriyyəti özgüvən problemindən əziyyət çəkir: “Öz potensiallarına bələd deyillər və olanlarını da ortaya çıxara bilmirlər. Özlərini təqdimatda çətinlik çəkdikləri üçün gözəllik etalonu ön plana keçir. İnsanların dəbə uyğun gözəllik anlayışı nədirsə, ona uymağa çalışırlar. Biri var gözəllik üçün etdiyimiz bəzək-düzək, kiçik toxunuşlar, bir də var öz obrazımızdan çıxmaq. Bəzən filtrlərdən istifadə edənlər öz obrazlarından tamamilə çıxırlar. Belə olduğu təqdirdə özlərini daha rahat, komfortlu hiss edirlər”.

V.Əkbər hesab edir ki, insanlar psixoloji pozuntular yaranmasın deyə, özlərini olduqları kimi qəbul etməlidirlər: “Daim diqqət cəlb etmək, psixoloji özünəvurğunluq narsistliyə, isterik nevroza gətirib çıxara bilər. Bu hallardan qurtulmaq üçün birinci növbədə özlərini dərk etməli, xüsusi bacarıq və istedadlarını ortaya çıxararaq, ətraflarına sağlam münasibət qura biləcəkləri insanlar yığaraq, mənfi xüsusiyyətlərini korreksiya edib, müsbətləri ortaya çıxarmalıdırlar. Belə edərlərsə, özlərindən daha çox məmnun qala bilərlər”.

 

“Filtr mənim üçün yolgöstərəndir”

Bloqer Səma Abıyeva isə filtrdən istifadə edənləri qınamır. Onların səhv və ya düz etdiklərini isə şəxsi məsələləri hesab edir: “Bloqer olaraq mən də filtrlərə rast gəlirəm. Bəzən öz üzərimdə də tətbiq edir, necə göründüyümə baxıram. Amma heç vaxt üzümdəki görüntünün dəyişməsinə səbəb olacaq filtrdən istifadə etmirəm. Filtr mənim üçün sadəcə yolgöstərən ola bilər. Ondan istifadə edib xarici görünüşümlə bağlı hansısa istiqamətə yönələ bilərəm. Filtr real görüntümdə gözümün altındakı qaralığı və yaxud sızanaqları qapadır, daha yaxşı görünürəmsə, realda da buna nail olmağa çalışaram. Yəni reallıqda da filtrdəki kimi görünüm deyə, üzərimdə işləyə bilərəm. Məsələn, gözaltı qaralıq üçün yaxşı yata, çoxlu su içə, dərimə düzgün qulluq edə, şəkəri rasionumdan çıxara bilərəm. Kosmetoloqdan məsləhət alaram ki, filtrdəki kimi olmaq üçün nə edim”.

“Əgər bir insan dodaq ölçüsünü bəyənmirsə…”

Amma S.Abıyevanın hamı onun kimi etməlidir deyə bir düşüncəsi yoxdur: “Mən xarici görünüşümdə total dəyişikliyə həvəsli deyiləm. Əgər bir insan dodaq ölçüsünü bəyənmirsə, filtrlə böyüdəndə, ona xoş gəlirsə, kosmetoloq ifrata getmədən onu istədiyi ölçüyə gətirə bilər. Amma kosmetoloqda dolğu etdirib üstündən filtrləyirsə, real görüntüsündən kəskin fərqlənən cizgilərə sahib olursa, artıq bu məsələni özü üçün siqnal kimi görməlidir. Özünə sual verməlidir ki, özüm olmaqdan qorxurammı? Mütəxəssisdən məsləhət ala, bu haqda məqalələr oxuya bilər”.

“Görünüşlərində heç bir problem olmasa belə…”

Sosioloq Aynur Hacıyeva da hesab edir ki, insanların şəkillərini filtrlərlə dəyişdirmələrinin səbəbləri müxtəlifdir: “Səbəblərdən biri özgüvənin aşağı olmasıdır. Görünüşlərində heç bir problem olmasa belə, özlərini olduqları kimi qəbul etməyə çəkinirlər. Digər bir səbəb – effektlə şəkil çəkən proqramlar əlçatan, can qurtarandır. Ona görə istifadəsi geniş yayılıb”.

A.Hacıyeva hesab edir ki, bu aldatma oyunu insanların öz seçimidir: “Sadəcə onu bilməlidirlər ki, özlərini şəkillərdə qəbul etməyə necə çətinlik çəkirlərsə, insanlar da onları real görüntüləri ilə qəbul etməkdə çətinlik çəkirlər. Çalışmalıyıq özümüzü olduğumuz kimi qəbul edək və digərlərinə də elə qəbul etdirək”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir