34342561_10156452766307445_3983169180164685824_n

Özünüzə tabu qoyun! – Həkim Rəşad Sultan yazır

Baxış sayı: 1. 180

Marketə yemək almaq üçün girdim. Alacağım şeylər: pomidor, xiyar, bibər, göyərti, süd. Bir  də baxdım, millət dolub şirniyyat bölməsinə.
Başa düşdük, Novruzdur, marketdə də şəkərburadan paxlavayacan hər şey var. Elimizin adətidi, süfrədə olmalıdı, onu anladıq. Daha bu, anlaşılmaz kofetlər bölməsində nə işiniz var?! Tortlardan, digər un məmulatlarından nə istəyirsiz?! Dindirsən, deyəcəklər ki, uşaqlar istəyir, evə adam gələndə süfrəyə qoyuruq, harasa gedəndə aparırıq. İllərdir ki, bunun əziyyətini çəkirəm. Nəyin? – şirniyyat asılılığının, ona görə də üsyan edirəm: uşaqları şirniyyata öyrəşdirməyin. Evə adam gələndə də süfrədə quru meyvə, çərəz olsa, bəs edər. Harasa gedəndə də bunlardan aparmaq olar, ya bir qutu dəyərli qəhvə, ya çay, ya da nəsə başqa bir şey. İş yoldaşlarıma yalvarmaqdan yorulmuşam ki, işə gələndə şirniyyat alıb gətirməsinlər. Alkoqol, siqaret, narkotik qədər bəlalıdır şirniyyat, un məmulatları, hərəkətsizlik, piylənmə…. Evdə, işdə əlimizin altında varsa, yeməmək olmur. Amma marketdə həmin bölmələrin yanından o tərəfə baxmadan sürətlə keçə bilərik. Təkcə şirniyyat deyil. Kolbasa, sosiska, ketçap, mayonez. Bu şöbələrə tərəf baxmayın. Uşaqlar da dadını bilməsin.

Pendir, kəsmik, xiyar, kələm, göyərti, ət, balıq, toyuq, yumurta… Nəyə imkanımız çatırsa. Bir də paxlalı bitkilər: noxud, lobya. Xalqımın dovğa kimi yeməyi var, bəh-bəh-bəh. Ayranı var, qatığı var. Slavyanların kefiri var. Alın qatığı, vurun darçını, olsun sizə şirniyyatsız şirniyyat. Onsuz da öz ürəyinin istəyiylə yox, qonşuların standartı ilə yaşayan cəmiyyətik. Həyatda tək zövq mənbəyimiz yeməkdir, anlayıram. Heç olmasa, onu elə manipulyasiya edək ki, sağlamlığımıza zərər gəlməsin, kilo almayaq, piylənməyək. Ürək-damar, dayaq-hərəkət, həzm sistemi, ginekoloji, onkoloji xəstəliklər üçün risk faktoru olan piylənmə bizdən uzaq olsun. Gözəl olaq, gümrah olaq.

Gözəl bayram günlərində sağlamlıq arzu edirəm!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir