efzeleddin R

Patoloji qısqanclıq, əlamətləri, səbəbləri, həll yolları – 3-CÜ YAZI

Baxış sayı: 452

Keçən iki məqaləmizin davamı olan bu yazıda, patoloji qısqanclığın həll yolları haqda danışacağıq. Bu sahədə müxtəlif göstərişlər verilmişdir. Ən yaxşı tövsiyə ailə müşavirinə və yaxud psixoloqa müraciət etmək olsa da, buna hansısa səbəbdən imkanı olmayanlara bir sıra tövsiyələr vermək də mümkündür:

1) İlk növbədə patoloji qısqanclığın kök səbəblərini anlamalıyıq. Səbəbini bildiyimiz zaman əldə etdiyimiz agahlıq bizdə mövcud olan qorxunun, stresin azalmasına səbəb olacaqdır. Həmçinin, qısqanclığın amillərini tanımaq onunla daha düşünülmüş şəkildə mübarizə aparmağa yardım edəcəkdir. Qısqanclıq hiss etdiyiniz zaman hansı duygular, obrazlar və düşüncələrin sizi qısqandırdığını anlamağa çalışın. Sizi qısqnclığa sürükləyən mövcud vəziyyət, yəni hal-hazırda yaşadığınız ssenari sizə hansısa bir keçmiş həyatınızdakı xatirəni, qorxunu, yaxud kiminsə həyatını və hansısa filmi xatırladırmı? Həmçinin, kiminsə sizi danlamasını, ailənizdə mövcud olan tənqidləri və bunların sayəsində özünüzü bəyənməmənizi xatırladırmı?  Əgər qısqanclığınızın təsirini yarıya endirmək istəyirsinizsə onun kök səbəblərini tapın, bu hissin əsl səbəbi nədir?

Unutmayın, adi bir qoxu, hansısa bir mənzərə, ağacın kölgəsi, tanımadığınız insanın səsinin tonu, səslər, kəlmələr, hətta rənglər belə sizin əhvalınızda təsir qoya bilər, qısqanclığınızı tətikləyə bilər. Bunun üçün bilməlisiniz ki, qısqanclığınızı nə tətikləyir? Səbəbi nədir, sizə hansı qorxunu və natamamlığı xatırladır? Doğurdan da məsələ həqiqi qisqanclıqdır yoxsa sizə şüuraltı avtomatik hiss etdirilən duyğulardır? Məsələnin məğzi budur. İlk növbədə onun kökünü tanıyın. Özünüzə vəziyyəti izah edin. Nə qədər aydın hiss edə bilərsiniz ki, niyə qısqanıram? Bunu bildiyiniz zaman probleminizin 50 faizini həll etmiş olacaqsınız. Problemlərin həllinin kökündə həmişə onun niyəsi dayanır. Məsələn, xanım həyat yoldaşına “sən məni sevmirsən”-deyə etiraz edir. Əri səbəbini soruşduqda, o, “mənimlə maraqlqanmırsan”, “can yandırmırsan”, “filan şeyi almırsan” -deyə etirazlar siyahisini uzada bilər. Lakin bunlar bəhanədir? Həyat yoldaşı ona əsl sualı verməlidir: “mən nə etsəm, sən məndən razı qalarsan, səni sevdiyimiə inanarsan?” Həqiqi cavab məhz bu sualdan sonra veriləcəkdir: “Anan məni danlayanda müdafiyə etmirsən”, “Bacına de ki, bizim ailə işimizə qarışmasın” və sair. Baxın, burda problemin kökü belə məsələlərdir, xanım sadəcə bu problemi söyləyə bilədiyi üçün ərinin başqa əməllərində problem axtarır. Qısqanclıq da belədir. Onun kök və bünövrə səbəbləri vardır. Siz həmin ana səbəbləri tapmalı və analiz etməlisiniz. Keçən məqalələdə qeyd etdiyim səbəblər haqda ciddi şəkildə düşünün. Onların hansı, yaxud hamısı sizin şüuraltınızda və avtomatik səslərinizdə özünə məskən seçmişdir? Çox zaman həyat yoldaşımız deyil, qısqanclığın əsl səbəbi biz özümüzük.

2) Qısqanclıq hissinizi tanıyın, onu adi qəbul edib sakitləşin. Bilin ki, siz qısqanc insansınız. Özünü tanimaq və bunu bir faciə kimi qəbul etməmək sizin qorxunuzu azaldacaqdır. Sakitləşəcəksiniz. Çünki artıq problemin nə olduğunu bilirsiniz. Problem sizin yanlış qavramlarınızda və avtomatik düşüncələrinizdədir. Bundan əlavə isə siz qısqanc olmağı bir faciə kimi görmür, onu  adi qəbul etmisiniz. Təşvişdə deyilsiniz. Bu hislər sizə qrtıq tanışdır. Özümüzlə səmimi açıq oluruq. Ürəyiniz döyünüz narahatlıq və təşvişdəsinizsə, özünüzü sakitləşdirin. Təşvişlə deyil, səbəblərini düşünərək. Problemin haradan qaynaqlandığını agahlıqla fikirləşərək, sakitləşin. Hər şeydən öncə bu duyğularınızı hisslərinizi şəfqətlə qəbul edin normal qəbul edin. Deyin ki, “mən qısqanc insanam haradan qaynaqlandığını da bilirəm. Qorxularım sadəcə bir sıra yanlış qavram və duyğularıma görədir. Hələ ki, dünya yerə gəlməyib və heç nə dəqiq məlum deyil. Amma bu qədər şiddətli şəkildə reaksiya verməyimin kökündə filan-filan (keçən məqalələrdə qeyd etdiyim) səbəblər dayanır.” Bunu özünüzə təkrar-təkrar deyin. Özünüzə deyin ki, qarşı tərəfin heç bir günahı yoxdur, burada xəyalpərəst və dözümsüz olan mənəm. Onu sıxma-boğmaya salmağa haqqım yoxdur.”

Getməyim qarşı tərəfin üzərinə. Dərin nəfəs alın. Təmiz havaya çıxın, bir az sakitləşin. Beyniniz sizə dəfələrlə qısqanclığınızın əsl səbəbinin qeyd etdiyim amillər olmadığını və qorxmalı olduğunuzu diktə edəcək. Fikir verməyin. Özünüzə deyin ki, “eybi yox, tam dəqiqləşdirənə qədər səbirli olmalıyam.”

3) Yanılmaq ehtimalınızı nəzərə alın. Yaxşı yanlış düşünməniz və məsələni aəhv anlamanız mümkün deyilmi? Ola bilər sizin 100 faiz gördüyünüz hadisə, bəlkə də yanlış anlaşılmadır. Siz mələk deyilsiniz, falçı da deyilsiniz, insanların zehnini oxuya bilmir və hərəkətlərini öncədən müəyyənləşdirə bilməzsiniz. Bir kənarda əvvəlcə özünüzlə danışın. Məsələni analiz edin. Özünüzlə sakitcə danışa bilmirsinizsə, həyat yoldaşınızla onu qısqandığınız məsələ haqda danışmayın.  Tələsməyin, qorxmayın. Sizi kimsə aldatmayıb, təhqir olunmamısınız. Həqiqətən qorxmalı bir vəziyyətin olduğunu düşünürsünüzsə, doğurdan da bunu dəstəkləyəcək hansı dəlil-sübutlarınız var? “Mən bilirəm o edər belə şeylər”-deyib öz eqonuzu məmnun etmək istəyirsiniz, yoxsa həqiqətən də, nə baş verdiyinə dair ciddi sübutlarınız var? Bunu bir daha düşünməyiniz lazımdır.

4) Birbaşa hərəkətə keçməyin. Qısqandığınız zaman düşünmədən birbaşa həyat yoldaşınızın üzərinə hücum çəkib, onu sıxma-boğmaya salmaq, özünümüdafiyəyə məcbur etmək çox yanlışdır. Nəticədə qorxduğunuz şey başınıza gələcək. Onun sizə xəyanət etməsindən, sizi tərk etməsindən qorxursunuz. Sizdən soyumasından qorxursunuz. Onu qısqanclığınızla incidib soyudacaqsınız. Qısqanclıq çərçivəsindən çıxsdığı zaman, sevgi, qarşılıqlı hörmət, etibar pərdəsı yırtılar. Adiləşər, kin-küdurət yaranar. Günahsız şəxsin üzərinə çox getdiyiniz zaman sizin tikanlarınız onun bədənindəki ağrıları çoxaldar, dözülməz hala gətirər. Sizə artıq səbr etməz.

Həmçinin, siz qısqanclığınızla ona həm də real olmayan özügüvən və özünəinam bəxş etmiş olursunuz. Həyat yoldaşınız xanımlar, yaxud bəylər tərəfindən bəyənilən gözəlliyə sahib olduğunu düşünəcək. Elə biləcək ki, o başqalarının malik olmadığı cəlbediciliyə və cazibədarlığa malikdir. Yəni, bir sözlə, düşüncəsində xəyanət olmayan birinin fikrində bunu yaradacaqsınız. Buna görə də, gec olmadan qısqanclığınızı nəzarət altında saxlamanız məsləhətlidir.

5) Hisslərinə mane ola bilməsəniz də, onları kontrol etməyə çalışın. Hisslərinizi kontrol etməyi bacarmağı öyrənin. Özünüzlə bir barışıq müqaviləsi imzalayın. Nəydən qorxursunuz? Başqasına vurulub, sizi atıb gedəcəkmi? Təsəvvür edin ki tək qalmısınz. Siz nədən qorxurdunuz? Sevilməməyinizdən? Darıxmayın sizi sevən tapılar. Dəyər verilməməkdən qorxurdunuzsa, darıxmayın sizə dəyər verən də tapılar. Özünüzlə anlayışlı olun, özünüzə qarşı şəfqətli olun. Bu qədər özünüzü xor görməyin.

Başa düşün ki sizə həqiqətən xəyanət olunsa belə təhqir olunan şəxs siz deyisiniz, xəyanət edən şəxsdir. Xəyanət edən şəxs xaindir. Xəyanətin heç bir bəhanəsi yoxdur. Sevməyən şəxs, ayrılıb gedər, amma xəyanət etməz. Leş yeyən quşlar, heyvanlar kimidir xəyanət edən şəxslərin həyata baxışı. Burada çirkin, nöqsanlı və natamam olan siz deyilsiniz. O uğursuzdur. O çirkindir. O sadaqətsizdir. Onun xəyanəti sizi günahkar hiss etdirməsin. İngiltərədə Tüdorlar sülaləsinin məşhur kralı VIII Henri  belə xəyanətlə üzləşmişsə, yaxud günümüzdə gözəlliyi və şöhrəti ilə tanınmış xanımlara xəyanət edilirsə, deməli, bu nə gözəllik və yaraşıqlılıq, nə də ki məşhurluq və sərvət məsələsi deyil. Xəyanətin pisixologiyasında qarşı tərəfin necə olması deyil, xəyanət edən şəxsin natamam şəxsiyyəti, zəif iradəsi, narsist və sair kimi çatışmayan xüsusiyyətləri dayanır.  Əslində xəyanət edən şəxs, ilk növbədə özünə xəyanət edib. Bunları düşünsəniz artıq sizdə olan və qısqanclığa sürükləyən duyğuların, qavrayışların qarşısını müəyyən bir miqdar almış olacaqsınız.

6) Rəqabətçi olun. Məqsədim nədir? Rəqabətçi olun dedikdə, öz gözəlliyinizə və davranışlarınıza ifrat dərəcədə diqqət ayrımanızı nəzərdə tutmuram. Hansı qadın və yaxud bəylərlə yarışa girə bilərsiniz ki? Hər insanın özünə xas bədən quruluşu, gözəlliyi və sair imtiyazları vardır. Bu mənasızdır.

Yaxud bəzi insanlar əvvəlcədən oyunu uduzublar. Əvvəlcədən fikirləşirlər ki, hamı məndən gözəldir. Əksinə, rəqabətçi olmaqdan məqsədim budur ki: “mən normal gözəlliyimə fikir verirəm və özümü hər kəsdən gözəl hesab edirəm. Mən kifayət qədər şəxsiyyətə və fiziki gözəlliyə sahibəm. Buna görə də, həyat yoldaşımın mənə xəyanət etməsi ehtimalını vermirəm.”

Son söz olaraq bunu da qeyd edim ki, əzizlərim, ümumiyyətlə, qarşı tərəfə güvənməkdən başqa çarəmiz yoxdur. Bu əslində bizim insanlıq borcumzdur, Ömür-gün yoldaşına güvənməlisən, bədgüman olmamalısan.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir