Plazmaforez

Plazmaforez nədir?

Baxış sayı: 498

Bu müasir köməkçi müalicəvi üsul hazırda tibbdə çox geniş istifadə olunur.

Həkimlər bildirirlər ki, plazmaforez müstəqil müalicə üsulu deyil, bu üsul yalnız əsas müalicə ilə yanaşı istifadə oluna bilər.

İnsanın qanında çoxlu sayda müxtəlif elementlər var. Bunlar qan hüceyrələri (eritrositlər, leykositlər, trombositlər və s.), bakteriyalar və viruslar, müxtəlif anticisimlər, autoimmin komplekslər, toksinlər, şlaklar, orqanizmin fəaliyyəti nəticəsində əmələ gələn parçalanma məhsulları və s.dir. Bütün bu elementlər qanın plazmasında olur. Bu elementlərin bəziləri qanda həddən artıq miqdarda toplandıqda bu, müxtəlif xəstəliklərə və orqanizmdə pozulmalara səbəb olur ki, bunlar da xroniki infeksiyalar, intoksikasiyalar, allergiyalar, dəri xəstəlikləri, hamiləlik zamanı pozulmalara səbəb ola bilir.

Plazmaforez və ya digər adı ilə qanın təmizlənməsi zamanı xüsusi apparatın köməyi ilə qan ziyanlı maddələrdən təmizlənir.

Eyni zamanda, plazmaforez müxtəlif xəstəliklər və pozulmalar zamanı köməkçi vasitə kimi istifadə olunur:  xroniki və kəskin intoksikasiyalar (zəhərləmələr), atopik dermatit, psoriaz, neyrodermit, alkoqolizm nə narkomaniyanın müalicəsi, bronxial astma, xroniki bronxit, plevrit, qlomerulonefrit, böyrək çatışmazlığı, bəzi qan xəstəlikləri, bəzi sinir sistemi xəstəlikləri (sklerozlar, polinevrit, Alsheymer xəstəliyi), kolit, Kron xəstəliyi, qara ciyər diffuz xəstəlikləri, virus hepatitləri, birləşmə toxumasının xəstəlikləri (revmatoid artrit, qırmızı qurdeşənəyi, poliartrit), şəkərli diabet, autoimmun tireoidit, tireotoksikoz, bəzi ürək xəstəlikləri və pozulmaları (ürəyin işemik xəstəliyi, hipertoniya, autoimmun kardiopatiyalar), plazmaforez kosmetologiyada da istifadə olunur (akne və civzələrin müalicəsi zamanı).

Həkimlər qeyd ediblər ki, plazmaferez hamiləlik zamanı xroniki infeksiyaların və ciftdə qan dövranı pozulmaları zamanı istifadə olunur. Plazmaforez, həmçinin hamiləlik zamanı ağır toksikozların müalicəsində və antifosfolipid sindromu (AFS) zamanı da istifadə olunur.

Lakin unutmamalıyıq ki, plazmaforez bütün bu gözəl xüsusiyyətlərinə baxmayaraq, müalicəvi prosedurdur və bu prosedurun da müəyyən əks-göstərişləri (bəzi qan, ürək  xəstəlikləri, beyin qan dövranının kəskin pozulmaları, psixiki pozulmalar və s.) və yanaşı təsirləri (anafilkatik şok, qanaxma, hipotoniya və s.) mövcuddur. Bu səbəbdən plazmaforez  xəstəyə yalnız həkim tərəfindən və yalnız bu prosedura ciddi zərurət yarandıqda təyin oluna bilər.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir