Problem həyat yoldaşınızın xarakteri ilə bağlıdırsa…

Baxış sayı: 687

Ailədə danışmamaq və ya başqa sözlə ünsiyyət problemi ilə daha çox qadınlar qarşılaşsalar da, bəzən bu problem kişilərdən də yan keçmir…

Əgər sizin də həyat yoldaşınız evə gələndə danışmamağa üstünlük verirsə və ya sizin verdiyiniz suallara başı ilə cavab verirsə, deməli, siz də bu problemi yaşayanlardansınız.

Bəzi qadınlar danışmağı sevmədikləri üçün həyat yoldaşlarının bu “münasibəti” onları çox da narahat etmir. Ancaq həyat yoldaşı ilə danışmaq ehtiyacı hiss edən qadınlar üçün bu, çox ciddi bir problemə çevrilir. Xarakter etibarı ilə ünsiyyətə meyilli olan qadınlarda isə bu problem özünü daha kəskin şəkildə büruzə verir.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu problem təkcə qadınların problemi deyil. Bəzən kişilər də həyat yoldaşları danışmadıqları üçün şikayət edirlər. Təbii ki, bu, ilk növbədə, ailədə tərəflərin təcrid olunmasına səbəb olur. Bu isə evlilikdə ciddi “çatların” meydana gəlməsinə gətirib çıxarır. Elə isə bu problemi necə aradan qaldırmaq olar? Hər şeydən əvvəl problemi tez-tez “ön plana” çıxarmayın. “Heç mənimlə danışmırsan”, “Mənimlə yad kimi hərəkət edirsən” və s. kimi cümlələrlə problemin həllini çətinləşdirməyin. Digər tərəfdən, bir problemi tez-tez “ön plana” çıxarmaqla o problemi adiləşdirdiyinizi də unutmayın. Çünki bu üsulla həyat yoldaşınızı yola gətirə bilməyəcək, əksinə, onda “özünümüdafiə instinkti” formalaşdıracaqsınız. Ona görə də, həyat yoldaşınızı ittiham etmək əvəzinə öz ehtiyaclarınızdan danışın. Məsələn, “Mənimlə niyə danışmırsan?” əvəzinə, “Mənim ünsiyyətə ehtiyacım var” deyin. Əgər problem həyat yoldaşınızın xarakteri ilə bağlıdırsa (üstəlik, bütün səylərinə baxmayaraq, problemin qarşısını ala bilmirsə), başqa alternativlər axtarın. Yox, əgər həyat yoldaşınız sizinlə və ya evliliyinizlə bağlı bir səbəblə danışmırsa, onda səbəbləri bir yerdə araşdırın. Digər tərəfdən, problemin siz düşündüyünüzdən də dərin olduğunu düşünürsünüzsə, bir ailə psixoloquna müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir