imtahan

Qəbul imtahanlarında uğur qazanmaq üçün nə etməli? – MÜTƏXƏSSİS RƏYLƏRİ

Baxış sayı: 378

Artıq iki gündən sonra ali məktəblərə qəbul imtahanlarının sonuncu mərhələsinə start veriləcək. Təbii ki,imtahan vaxtı yaxınlaşdıqca abituriyentlər həyacanlanmağa və stress keçirməyə başlayırlar. İmtahan zamanı isə bu stress və həyəcan ikiqat artır.

Qəbul imtahanlarının yayın ən isti dövrünə təsadüf etməsi ürəyi, əsəbləri zəif məzunlara əlavə çətinliklər də yaradır.

Bəs abituriyentlər imtahan ərəfəsi həyəcanı, psixoloji gərginliyi necə dəf edə bilərlər?

elnur rustemov

Psixoloq Elnur Rüstəmov deyir ki, imtahan məsuliyyət tələb etdiyindən həyəcana səbəb olması da təbiidir: “Şagirdlər biliklərinin yekun qiymətləndirilməsi üçün keçirilən imtahanlarda bəzən bildikləri cavabı belə, səhv yazırlar. Buna səbəb şagirdlərin həyəcanıdır. Yetkinlik yaşında olan uşaqlarda bu həyəcan daha çox olur. Onlarda sualı axıradək oxumadan cavablandırma, diqqətsizlik hallarına rast gəlinir”.

Psixoloq deyir ki, imtahan verən şagirdə ailənin psixoloji baxımdan dəstəyi vacibdir. Çalışmaq lazımdır ki, ailə imkan daxilində imtahana hazırlaşan şagirdlə daha çox vaxt keçirsin, mülayim rəftar etsin. Bundan əlavə E. Rüstəmov imtahana hazırlaşan şagirdin mümkün qədər az informasiya qəbul etməsini, sosial şəbəkələrdən isə ümumiyyətlə, istifadə etməməsini tövsiyə edir.

Nermine Abbasova

Həkimlər də imtahanqabağı şagirdlərin sağlamlıqlarına diqqət yetirməsinin vacib olduğunu söyləyirlər. Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, iyul ayındakı hava şəraiti imtahan verən şagird və abituriyentlər üçün əlverişsiz, yüksək temperaturlu hava şəraiti hesab olunur. Terapevt imtahan həyəcanı yaşayan şagird və abituriyentlərə yüksək hava şəraitinin təsir edəcəyinin şübhəsiz olduğunu söyləyir. Onun sözlərinə görə, stress içərisində olan şagirdlər bu temperaturda başgicəllənmə, ürəkbulanma, təzyiqin enməsi kimi xəstəliklərlə üzləşə bilərlər: “Havanın isti keçməsi həyəcan keçirən insanlara daha çox təsir göstərir. Belə halda əsasən təzyiqin enməsi müşahidə olunur. Bu hava şəraiti ürəkbulanma, başgicəllənmə, ən pis halda isə huşunu itirmə ilə də nəticələnə bilər. Günvurma da şagirdlərin səhhətinə təsir göstərə bilər”.

Ona görə də Nərminə Abbasova şagirdlərə həm imtahandan əvvəl, həm də imtahan zamanı mayedən çox istifadə etməyi məsləhət görür. Terapevt deyir ki, temperatur yüksək olduqda insan orqanizmində istilik balansı pozulur. Bu səbəbdən də imtahan həyəcanı yaşayan şagird və abituriyentlərdə sadalanan xəstəliklər baş qaldıra bilər. Terapevt şagirdlərin isti hava şəraitində sağlam və uğurlu imtahan verməsi üçün bir sıra məsləhətlər də verdi: “Belə hava şəraitində imtahana qatılacaq şagirdlərin özlərini gümrah hiss etmələri, imtahan gedişi zamanı səhhətlərində hər hansı problemin yaranmaması üçün mütləq axşam və imtahan günü səhər qidalanmalarına diqqət yetirməlidirlər. Abituriyentlər axşam yatmazdan əvvəl və səhər yüngül qidalar qəbul etməlidirlər. Meyvə yemək və meyvə şirəsi içmək vacibdir. Eyni zamanda çoxlu digər mayelər də qəbul etməlidirlər”.

Terapevt şagirdlərin səhər uğurlu imtahan verməsi üçün axşam tez yatmalarının da vacib olduğunu bildirir. Onun sözlərinə görə, imtahan verməyə hazırlaşan şəxs ən azı 10 saat yatmalıdır. Terapevt imtahan həyəcanı yaşayanların axşam televizora az baxmalarını da məsləhət görür. Belə ki, şagirdin beyni informasiya ilə dolu olduğundan, kənar informasiya qəbulu beyni yükləyə bilər.

Terapevt yüksək hava şəraitində şagirdin səhhətində hər hansı problem olarsa, həkim müdaxiləsinə qədər düzgün ilkin tibbi yardımın göstərilməsini də vacib sayır. Əgər  ürəkbulanma, təzyiq enməsi, başgicəllənmə halları baş verərsə, dərhal xəstə kölgəlik, sərin yerə aparılmalı, üzərinə sərin su çilənməli, dəsmalı isladaraq yaş halda ürəyinin üzərinə qoyulmalı və maye verilməlidir: “Huşunu itirmə ilə nəticələndikdə isə xəstəyə naşatır spirti qoxuladaraq həkim müdaxiləsini gözləmək lazımdır. Bu zaman həkim kofein və kordiamin iynələri vuraraq, xəstənin vəziyyətini düzəldə bilər”.

Xatire Mirzeliyeva 3

 

Məsələyə münasibət bildirən kimya/fizika/biologiya fənnləri üzrə mütəxəssis müəllim Xatirə Mirzəliyeva isə aşağıdakıları dedi: “Qəbul imtahanlarındakı həyəcanı aradan qaldırmaq şagirdlərin hazırlaşdığı müəllimlərin də əlbəttə ki, əvəzedilməz rolu var. Bu həyəcanın qarşısını almaq üçün ən azı bir ay öncə müəllimələr şagirdlərlə xüsusi daışıqlar aparmalıdırlar. Eyni zamanda, müəllimlər özləri çox təmkinli görünməlidirlər ki, bu təmkini və sakit düşünmə enerjisini öz şagirdlərinə də ötürə bilsinlər. Əks təqdirdə şagirdlərə müəllimlərdən əlavə gərginlik və həyəcan ötürülür. Bütün şagirdlərimizə uğurlar diləyirəm.”

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir