kosmetika

Qədim dövrlərdə kosmetika istifadəsi ilə bağlı maraqlı faktlar

Baxış sayı: 339

Sırf gözəllik məqsədilə kosmetikadan istifadə qədim Misirdə yaranmışdır. Kleopatranı ilkin gözəllik reseptlərinin banisi adlandırmaq olar. Belə ki, misirli xanımlar hələ ta qədimdən gözəlliyə can atmışlar. Onlar ilk dəfə müasir kirşanı xatırladan əhəngli tozdan istifadə edirdilər. Göz kölgələrini isə his, kül əvəz edirdi. Dəmir oksid və gil qarışığından əldə etdikləri məhlulla dodaqlarını, müxtəlif yabanı meyvələrin şirəsi ilə yanaqlarını, təbii həna ilə isə əl-ayaqlarını boyayırdılar.

Misirdən sonra qədim Yunanıstan və Romada da kosmetik vasitələrin yaranmasına maraq artdı. Kosmetika sözü elə yunan sözü olub “cosmo”- yəni boyama sənəti adlanır. Makedoniyalı İsgəndərin sarayındakı çinli qadınlar kosmetikaya daha çox meyilli idilər. Onlar nəinki üzlərini boyayır, eyni zamanda, saç rənglərini də açır, kül və yumurta ağının qarışımından hazırladıqları məhlulla kirpiklərini boyayırdılar.  Həddi buluğa çatmış hər bir qız kosmetikadan istifadə edə bilərdi.

Romalılar isə ilk dəfə olaraq müasir şampun, sabun, losyona bənzər müalicəvi kosmetik vasitələr yaratdılar. Romalılar masaja çox önəm verirdilər. Gözəlləşmək məqsədilə süd və süd məhsullarından qida kimi çox istifadə edirdilər. Eyni zamanda, zəngin romalı xanımlar dişi uzunqulağın südündə vanna qəbul edirdilər. Romada ağdərili qadınlar daha gözəl hesab edilirdi. Saç rənglərini saraltmaq üçün baş dərilərini sabun, keçi südü və fıstıq ağacının külündən hazırlanmış xüsusi məhlula batırılmış süngər ilə sürtürdülər. Daha sonra saçlarını təbii günəş istisindən qurudurdular.

İntibah dövründən başlayaraq kosmetik vasitələrdən istifadə qərbi Avropaya yayılmağa başladı. Müasir dekorativ kosmetikadan xüsusilə fransızlar istifadə edirdilər. Çox maraqlıdır ki, o dövrdə fransız qadınları müalicəvi və ya qulluq vasitələri sayılan kosmetikadan qətiyyən istifadə etmirdilər. Yalnız gözəl görünmək üçün dekorativ kosmetika istifadə edirdilər. Ekaterina Mediçinin sarayında kosmetikadan istifadə aristokratlıq əlaməti hesab olunurdu. Baxmayaraq ki, bu cür kosmetikalar dərini tez qocaldırdı, fransız xanımları aristokrat görünüş qazanmaq üçün  necə deyərlər,dəridən, qabığdan çıxırdılar. Onlar qaşlarını tamamilə alırdılar və həmin nahiyədə tük çıxmasın deyə alınlarına əhəng və auripiqment adlı məhlul qarışığını sürtürdülər.

 

Kirşanın maraqlı yaranma tarixçəsi

Üz cizgilərini vurğulamaq, bəzən isə gizlətmək böyük məharət tələb edir. Bunda qadınların köməyinə kirşan gəlir.  Dəri səthini örtən və tonunu balanslaşdıraraq daha zərif göstərən bu  tozun maraqlı tarixçəsi var.Sən demə, bu sadə kosmetik vasitə artıq neçə min ildir ki, qadınlar tərəfindən istifadə edilir. Kirşanın da icadı digər bütün kosmetik vasitələr kimi Qədim Misirdə yaranıb. Yeri gəlmişkən, buna qədər də dünyanın müxtəlif guşələrinin sakinləri üzlərini ağ tozla örtürdü. Bu üsulun onları pis ruhlardan qoruduğu güman edilirdi. Zaman keçdikcə kirşanın əhəmiyyəti artır və onu gözəllik naminə tətbiq etməyə başlayırlar.

Qulların dəriləri qızmar günəş altında işlədikləri üçün qaralırdı. Aristokratlar isə öz imtiyazlı statuslarını vurğulamaq üçün dərilərini ağartmağa çalışırdılar. Aydın məsələdir ki, kirşan bu işdə onlara kömək edirdi. Həm də misirlilər üçün dəri rənginin seçilməsi çox vacib idi. Ağ və süd rəngli dəri  qadın cəlbediciliyinin əsas atributlarından biri hesab olunurdu. Keçmiş zamanlarda ağ dəri və üzün rəngi sosial statusu və hansı zümrəyə mənsub olduğunu vurğulayırdı. Bundan başqa, ağçöhrəli olmaq mirvari və ağ zanbaq ilə assosiasiya olunur, saflığın və təmizliyin rəmzi kimi tanınırdı.

 

Bəs görəsən dodaq boyası necə yaranıb?

Bəzi ölkələrdə dini səbəblərə görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Bəs dodaq boyasının yaranması haqqında nələri bilirik?

Tarixdə ilk pomada bundan 8 min il əvvəl misirlilərin zəyi qaynadaraq əldə etdikləri qırmızı boya ilə dodaqlarını rəngləmələri ilə yaranmışdır. Qədim Yunanıstan və Romada ancaq yuxarı sinfin qadınlarına dodaqlarını qırmızı boya ilə rəngləmələrinə icazə verilərdi. Qeyd edək ki, boyama işi çətin olduğuna görə,  parisli bir ətir satıcısı 1884-cü ildə qırmızı boya ilə bal pətəyi və balzamı qarışdırıb ipəkdən parça bir rulon içinə yerləşdirərək   qələm şəklində satmağa başladı. Qadınlar bu yeni kəşfi dərhal sevib ona “sosiska” (Saucisse) adını belə verdilər.

 

Kosmetik vasitələrin necə saxlayaq?

Çoxumuz gözəllik vasitələrini hamam şkafında, ya da makiyaj masasında saxlayırıq. Əslində onların bəzilərini soyuducuda saxlamaq lazım imiş.
Amerikanın məşhur dermatoloqu Dendi Engelmanın sözlərinə görə, bununla təkcə kosmetik vasitələrin keyfiyyəti yaxşılaşdırmır, eyni zamanda, soyuducuda saxlanan kosmetik vasitələr  üzə asanlıqla çəkilir. Məsələn, göz kreminin soyuducuda qalması təkcə sərinlədici effekt yaratmır, eyni zamanda, qan damarlarındakı şişkinlikləri də azaldır.
İstilik və günəş işığı ətrin qoxusunu dəyişə bilər.

Ətir çox uzun müddət istidə qalarsa, içindəki kimyəvi maddələr korlanır və qoxusu tamamilə dəyişir.

Soyuducuda saxlanan üz maskaları kapilyar damarları daraldır və qızartını azaldır. Bundan başqa, həssas və qıcıqlanan dəri üzərində sakitləşdirici təsirə malikdir.

Məşhur vizajistlər  göz qələmini və laynerini istifadə etməzdən  10 dəqiqə əvvəl soyuducuya qoymağı təklif edir. Bu zaman cizgilər daha düzgün çəkilir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir