Qadin

Qadını sığınacaqda qorumalı, yoxsa…- EKSPERT RƏYLƏRİ

Baxış sayı: 1. 199

“Məişət zorakılığından əziyyət çəkən insanlar üçün sığınacaqların sayının artırılmasına çox böyük ehtiyac var”. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova parlamentin son iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı belə deyib. O qeyd edib ki, zorakılıq faktları var və vətəndaşlar sığınacaqlarla təmin edilməlidir. “Elə etməliyik ki, bəzi qeyri-peşəkarlar yaranan boşluqlardan istifadə etməsinlər”, – deyə H. Hüseynova əlavə edib.

Etiraf etməliyik ki, Azərbaycanda qadına qarşı zorakılıq halları və qadın qətlləri hər gün artır. 2022-ci il başlayandan bu günə qədər 30-a yaxın qadın qətlə yetirilib. Son zamanlar Azərbaycanda intihar hadisələrinin, qadın intiharlarının da sayı artır. Bəs çıxış yolu nədir?

lale mehrali

Sosioloq Lalə Mehralı mövzunu  şərh edərkən bildirdi ki, dövlətin zorakılığa məruz qalan insanlar üçün sığınacaqları olmalıdır: “Qeyri-hökumət təşkilatlarının ianələr hesabına idarə etdiyi sığınacaqlar bəzən çətinliklərlə üzləşirlər. Geyim, ərzaq və s. ehtiyaclar üçün tez-tez elan verildiyinin şahidi oluruq. İanələr olmasa, o sığınacaqların durumu necə olacaq? Sığınacaqlardakı qadınlar bir çox hallarda işləyirlər, əl əməyi məhsullarını satışa çıxarırlar lakin etiraf edək ki, bu gəlir yetərli deyil. Bəzi qadınlar isə ümumiyyətlə, işləyə bilmirlər çünki sığınacaqdan kənarda təhlükədədir. Heç olmasa, vacib ehtiyacları qarşılamaq üçün şəffaflığı təmin etmək məqsədilə dövlət dəstəyi olmalıdır. Sığınacaqların sayının artmasını yox, əksinə azalmasını istərdim. Təəssüf ki, zorakılığın qarşısını tam almaq mümkün deyil. Kimsəsizlər, ölümlə hədələnənlər, məişət zorakılığına məruz qalanlar olduqca sığınacaqlara məruz qalanlar da olacaq. İanələrə ümid etmək olmaz. İl ildən pis gəlir, bahalıqdır, əmək haqları o qədər də yüksək deyil. Bu gedişlə ianələr azala, hətta tamamilə kəsilə bilər. Bu baxımdan dövlət dəstəyi önəmlidir”.

Vefa Residova

Psixoloq Vəfa Rəşidovanın fikrincə, ilk növbədə intiharların səbəbini araşdırmaq lazımdır: “Səbəblər aydınlaşdıqdan sonra onları aradan qaldırmaq üçün vasitələr axtarmaq lazımdır. İntiharların sayı azalarsa, sığınacaqlara ehtiyac qalmayacaq. Sığınacaqların olması təbii ki, yaxşı haldır, lakin intiharların qarşısını almaq üçün kifayət deyil. Əksinə, problemi tam həll etmək əvəzinə, müvəqqəti həll yolu kimi görünür.  Hesab edirəm ki, sığınacaqların sayının artırılması çıxış yolu deyil. Öncə intiharların səbəblərini öyrənmək, onları aradan qaldırmaq lazımdır. Hər kəs məsuliyyətini dərk etməli, maddi yaxud mənəvi amillərdən yaranan emosional və fiziki şiddətin qarşısını almaqla tədbirlər görülməlidir”.

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında qeyd etdi ki, məişət zorakılığından əziyyət çəkən insanlar üçün sığınacaqların sayı məsələsi hər zaman müzakirə predmeti olub: “Bəzi insanlar hesab edir ki, qanunda nəzərdə tutulduğu  və ƏƏSMN-nin hesabatında olduğu kimi sığınacaqların sayı çox olmalıdır. Yaxşı olardı ki, Gəncədəki kimi regional sığınacaqlar olsun. Türkiyə təcrübəsində 50 min əhalisi olan, ən az 10 min uşaq olan ərazilərdə mütləq şəkildə sığınacaqlar nəzərdə tutulur. Sığınacaqların tipləri də var. Məsələn, düşünmə evləri, müvəqqəti sığınacaqlar, gender, reabilitasiya mərkəzləri ola bilər. Alternativ yollardan biri zorakılıq törədən şəxslərlə işləməkdir. Bəzi hallarda onlar bu dəstəkdən kənarda qalırlar. Ola bilər,  aqressiya başlanğıc mərhələdədir. Biz təklif etmişik ki, zorakılıq törədən şəxslər elektron qandal daşısınlar. Evdə sosial iş məsələsini də həll etmək lazımdır. Münaqişə məsələsi aşkarlanan kimi sosial və psixoloji iş təşkil edilməlidir. Bəzi hallarda hüquq-mühafizə əməkdaşları kifayət qədər təcrübəli olmurlar, barışdırmağa çalışırlar. Xəsarət qeydə alınmayıbsa, sosial mərkəzlərə yönləndirmə olmalıdır ki, risk qiymətləndirilsin. Hesab edirəm ki, sosial cinayətlər üzrə polislərin olması yaxşı olardı. Zaman bunu tələb edir, ixtisaslaşmış polis qruplarına ehtiyac var. Alternativ çıxış yollarından biri qadın polislərin olmasıdır. Fikrimcə, bu da effektli nəticə verə bilər”.

zahid oruc

Qadınları sığınacaqlarını ümid yeri kimi görməyə vadar edən həm də Azərbaycanda boşanma mədəniyyətinin olmamasıdır. Bu il boşanmaq istəməyən bir neçə kişi öncə  qadını, sonra özünü öldürüb. Təəssüf ki, məişət zorakılığına məruz qalan qadınların əksəriyyəti ölümdən yaxud ölüm təhlükəsi ilə üz-üzə qalmaqdan qorxduqları üçün susma mövqeyində olurlar. Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucun bu günlərdə səsləndirdiyi rəqəmlərə diqqət yetirək: “Son 10 ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların ümumi əmsalı 8,9-dan 3,5-ə düşüb. Həmin müddətdə əhalinin hər 1000 nəfərinə boşanmaların ümumi əmsalı 1-dən 1,5-ə qədər artıb. Belə ki, 2010-cu ildə nikahların sayı 79172, boşanmaların sayı 9061, 2020-ci ildə isə nikahların sayı 35348, boşanmaların sayı 14628 olub. Müqayisə üçün deyək ki, boşanma statistikası Qərb ölkələrində-Avropa Birliyində 1000 nəfərə düşən 8 evlilikdən 3.1-nin, ABŞ-da 3-nün, Rusiyada isə ən böyük 4.7-nin dağılması faktını təşkil edir. Azərbaycanda son 60 illik tarixində boşanmaların, ailələrin dağılmasının ən yüksək həddi 1990-cı ildə baş verib. Həmin il 1000 nəfərə düşən 10 evlilikdən 2-si dağılıb. Göründüyü kimi, ölkəmizin həyatında baş verən qlobal və lokal dəyişikliklər birbaşa ailə institutunun sabitliyinə təsir edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir. Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir