reqs

“Qadınlarımız əvvəlcə kişi kimi şalvar geyindilər, sonra isə…”

Baxış sayı: 1. 412

Cəmiyyətimizdə tez-tez bu fikir səslənməkdədir. Bəziləri qeyd edir ki, qadınlar kişi kimi şalvar geyinməyə başlayandan, kişi kimi rəqs etməyə üstünlük verirlər.  Təbii ki, bu fikirlə tamamilə razılaşmaq olmaz.

Məlum olduğu kimi, tarixdə ilk dəfə şalvarı məhz Şərq qadınları geyinib.  Hətta bəzi qaynaqlarda yazılan məlumatlara görə, 3 min il bundan əvvəl şalvarı Assur padşahının həyat yoldaşı Semiramida dəbə salıb. Halbuki orta əsrlərdə Avropada əgər, bir xanım şalvar geyinərdisə, onu dərhal tonqalda yandırardılar. Dizdən olan donun altından belə, şalvar geyinmək ən ağır cəzaya başa gələ bilərdi. Bu səbəbdən XX əsrin əvvəllərinədək avropalı xanımlar uzun ətəklərdə gəzib. Şalvarın qadın qarderobuna tam şəkildə keçməsi isə XX əsrdə baş verib. Artıq XXI əsrdən etibarən şalvar qadınların, eləcə də azərbaycanlı xanımların gündəlik, ən rahat geyiminə çevrildi.

Qadınlarımızın kişi kimi rəqs etməsi məsələsinə gəldikdə isə, artıq uzun müddətdir ki, xanımların şıdırğı rəqslər edib, sanki kişilərlə yarışa çıxması, rəqslərində kişilərə məxsus kobud, cəld, əndazədən çıxan hərəkətlər etməsi adiləşib. Bununla bağlı internet resurslarında çoxlu sayda videolar da rast gəlirik.  Mətbuatda da bəzən bu cür videolara “qız öz rəqsi ilə hər kəsi heyran qoydu” deyə başlıqlar qoyaraq yayılır. Hansı ki, həmin şıdırğı rəqslərdəki texniki-dinamik hərəkətlər heç bir məna daşımır, sadəcə fiziki əzələ oynatmalarından ibarətdir.

Əslində isə milli qadın rəqslərimizdə heç zaman kişilərə məxsus kobud  hərəkətlər olmayıb. Qadınlarımız uzun, zərif paltarlarına uyğun rəqslər ediblər. Yalnız “Yallı” rəqsində kişilərlə bərabər bəzi iti ayaq hərəkətləri olub. Bu da qadın incəliyinə, zərifliyinə heç də zərər gətirməyib. Beləliklə artıq milli rəqslərimizin quruluşu, dəyəri itirilməyə, unudulmağa başlayıb.

Peşəkar rəqqaslar bu məsələyə öz tənqidi fikri və tövsiyələrini bildirsələr də, hələlik heç bir nəticəsi yoxdur. Halbuki, milli rəqslərimizin hər birində xalqımızın tarixi, milli dəyərləri, adət-ənənəsi, psixologiyası yaşayır. Tanınmış rəqqaslar da dəfələrlə qeyd ediblər ki, rəqslərimiz heç də primitiv hərəkətlərdən, musiqinin tempinə uyğun ritmik bədən hərəkətlərindən ibarət deyil. Hər bir rəqsin özünəməxsus xüsusiyyəti var.

Məsələn, “Uzundərə”, “Heyvagülü”nə müdriklik, bəy ədası, “Vağzalı”da sevinc göz yaşları, “Tərəkəmə”də bir tərəkəmə ab-havası, “Qoçəli”də igidlik, “Yallı”da birlik, “Turacı”da, “Ceyrani”də zəriflik tərənnüm olunur. Beləliklə, rəqslərimizdə hər hərəkət ölçülüb-biçilib. Rəqslərdə qadınların hərəkətləri incəliyi, zərifliyi, kişilərdə isə cəsurluğu, cəldliyi bildirir. Lakin qeyd etdiyimiz kimi, artıq çoxdan toy və məclislərdə, el şənliklərində bu amil tamamilə sıradan çıxmağa başlayıb.

 

Bəs, milli rəqslərimizin “GMO-laşmasına” səbəb kimlərdir?

Kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı aşağıdakıları dedi.: “Azərbaycan xalqının sivlizasiya tarixində rəqsin, folklor hərəkətlərinin rolu çox böyük olub. Bu baxımdan biz tarixə nəzər salanda hər zaman görümüşk ki, qadınlar üçün ayrı, kişilər üçün ayrı olaraq müxtəlif fərdi və kollektiv rəqslər olub. Xanların, şahların sarayında, toy məclislərində bu özünü daha çox biruzə verirdi. Və hər zaman müsəlman və Azərbaycan düşüncəsinə görə qadınla kişi təmasda olmamalı idi, bu özünü rəqsdə də göstərirdi. Lakin son zamanlar yaşam tərzinin dəyişməsi, incəsənət, mədəniyyətlə bağlı müxtəlif texnalogiyaların ortalığa çıxması baş verib ki, bu da Azərbaycan xalqı üçün yad düşüncə tərzinə söykənib. Nəticədə həyatda olduğu kimi, artıq rəqslərimizdə də sərhədlər bütövlükdə bitib. Hətta bir çox aksesuarlar, geyimlər var ki, hansı ki, onlar orta cinslər üçün nəzərdə tutulub, yavaş-yavaş həyat tərzimizə girməyə başlayıb. Bu hadisələr baş verdikcə, bizdə də geylərin və bu tip insanların sayı da artır.

Beləliklə, son vaxtlar qadınlarımız məclislərdə, şənliklərdə kişilər kimi şıdırğı rəqs etməyə başlayıblar. Sanki bunu yeni nəslin beyninə yeridirlər. Kiçik yaşlı qızlar belə oğlan kimi rəqs edirlər. Gələcəkdə bu tendensiya davam edərsə, şikayət etməməliyik ki, niyə insanlar arasında yuxarıda qeyd etdiyimiz problemlər yaranır”.

Xalq artisti, məşhur rəqqasə Roza Cəlilovanın fikrincə isə buna səbəb həvəskar rəqqasların sayının artmasıdır: “Toylarda qadınların kişi, kişilərin də qadın kimi rəqs etməsinin əsas kökü baletmeysterlərimizin olmaması ilə bağlıdır. Ortaya çıxanlar da oradan-buradan kasetlər tapıb, başlayırlar rəqs öyrənməyə… Nəticədə bu cür hal alınır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir