efsane rustemova

“Qardaşının borcunu bədəniylə ödəyən bacı” – “NATAMAM”

Baxış sayı: 293

– Çöldə sizi gözləyən bəy çox narahatdır. Sizin üçün narahat olan birinin olması gözəl duyğudur yəqin.

– O mənim üçün narahat deyil, vaxt gedir deyə narahatdır.

– Vaxt hara və necə gedir?

– Qardaşımdır.

– Bu yaşda hələ də sizə nəzarət etməsi qəribədir.

– Daha qəribə bir şey deyimmi sizə?

-(Hə, hekayənin başlanğıc nöqtəsinə çatdıq deyəsən. Bir az güvən yarada bilsəm, nəhayət, danışacaq) Hər ailədə problem olur, mənə güvənə bilərsən…

– Güvənib, bezib, nə olursa-olsun moduna girib gəlmişəm. Sadəcə nədən və necə başlamalıyam bilmirəm. (Uzun bir sukut ) 5 nəfərlik bir ailə, ailə bağları güclü görünən.  Amma heç kəsin bir-birinin daxili dünyasından xəbəri olmayan. Hər biri uğurlu və xoşbəxt görünən, daxilən bədbin… Mən qardaşımı daha çox istəmişəm həmişə, o məndən çox balaca olduğu üçün idi bu bəlkə də. Digər bacımın öz dünyası var idi sanki. Əsgərlikdən gəldikdən sonra yaxşı qazanmağa başladı qardaşım. Mən onun necə belə qazana bildiyini soruşduğumda anam ağzımdan vurur, ona qarışmamağı mənə tənbeh edirdi. Çünki anam etiqadı pul olan bir qadın idi, nə qədər özü bunu heç vaxt qəbullanmasa da, bu belə idi. Hər yaxşı gün kimi bizim də belə günlərimiz sona çatdı, pulunun dalı kəsilməyən qardaşım “bankrota düşdü”.  Elə bununla da dəyişdi həyatımız.  Anam borclular qapımıza gəlməsin deyə qardaşımı evdən qovdu. Onda da mənə “sən qarışma” dedi.  Mən onda bir kursda müəllimə olaraq işləyirdim. Əlbəttə ki, qardaşımın borclarnı qarşılayacaq qədər maddi imkanım yox idi, lakin onu belə vəziyyətdə də qoya bilməzim. Hər ay maaşımdan bir miqdar ona-yeməyinə ayırırdım. O da heç vaxt yox demirdi.Kirayə bir ev tutduq ona. Yüngülvari bir şərait. Artıq ilkin problemlər həll olunmuşdu deyə daha qlobalları həll etmək zamanı idi. Bir dəfə ona yemək bişirməkçün kursdan Həzi Aslanova gedəndə – içimdə də o qədər rahatlıq var ki, şükür, artıq başın soxacaq bir evi var, qarnı toxdur, işləyib pulun qazanıb borcların da ödəsə, heç bir problemimiz qalmır. Blokdan mübahisə səsi gəlirdi. Qorxaraq yuxarı qalxdım. Qapımızın ağzında səs daha da artırdı. Əlim əsə-əsə açarı çıxarıb qapını açdım. Bir adam qardaşımı divara dirəyib boğazından yapışmışdı. Qışqıraraq üstünə cumdum. Nəisə, həmin gün bir təhər yekunlaşdı. Qardaşım məni onun borclarını ödəməli olduğuma inandırmağa çalışırdı, mənim isə elə bir imkanım yox idi. Sonra o özlüyündə çarə tapdı – MƏNƏ DEMƏDƏN! Yenə yemək bişirməyə gəldiyim gün həmin adamı evdə gördüm, amma qardaşım yox idi. Bir anlıq duruxdum. Anlamadım. Sonra o mənə “nəvazişlə” başa saldı hər şeyi. Beləcə mən qardaşımın bütün borcların ödədim- hər yemək bişirməyə gələndə- fərqli adamlarla. Sonradan qardaşım bu rahat qazanca öyrəşdi. Yəni anlayacağınız, indi o mənə görə narahat deyil,mənim özümə ayırdığım hər zaman dilimi onun qazancın azaldır. O özü üçün narahatdır. Yəqin gözləyən var deyə narahatdır həm də. Çünki adamları da o tapır, pulu da o alır. Mənim pəzəvəngim mənim qardaşımdı yəni.

Danışdıqca ürəyi rahatlayır, gözündənsə sakit yaş axıdırdı. Çarəsiz bir hekayənin “QADIN QƏHRƏMANI” nə edəcəyini bilmirdi.

Belə…

Bəzən belə də olur. Yaxşı ailəsi və ailə bağları olanlar həyata 1-0 öndə başlayanlardır, çünki doğulduğun ölkə sənin qədərin deyil (dəyişə bilərsən), amma doğulduğun ailə sənin qədərindir.  Var-dövləti kənarda axtarmayın…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir