usaq

Qızını döyməyən dizini döyərmi?- POLEMİKA

Baxış sayı: 236

Cəmiyyətin normal inkişafı ailələrdə uşaqlara verilən tərbiyədən asılıdır. Hər ailənin özünəməxsus tərbiyə metodu var. Kimi öz övladının tərbiyəsində sərbəstliyə üstünlük verir, kimisi də mühafizəkarlığa. Hətta “qızını döyməyən dizini döyər” prinsipi cəmiyyətdə anormal qarşılansa da, bu metodla uşaq böyüdənlər də az deyil. Bəs həqiqətən, “qızını döyməyən dizini döyərmi?”

“Qadının xoşbəxt olması üçün onun daha güclü olmasına ehtiyac var”

Vüsal Məmmədov, Azvision.az saytının baş redaktoru

Müsahibimiz deyir ki, uşaq döyməyi təsəvvürünə gətirə bilmir: “Necə mümkün ola bilər belə bir şey? Açığı, uşağın tərbiyəsində praktik təcrübəm yoxdur, amma oxuduqlarımdan belə başa düşmüşəm ki, ən düzgün metod uşaqda böyüklərə qarşı empatiya yaratmaq cəhdidir. Yəni uşağa göstərmək lazımdır ki, onun hansısa hərəkəti, davranışı biz valideynləri incidir, ağrıdır, çox pis oluruq. Və izah etməliyik ki, biz böyüklər onu incitməkdən çəkindiyimiz kimi, o da bizi ağrıtmamağa çalışmalıdır. Bu halda uşaq valideynlərini incitməmək üçün mənfi hərəkətlərə bacardığı, ağlı çatdığı qədər yol verməməyə çalışacaq”.

V.Məmmədov qızı Aylanı azad ruhlu, özünə güvənən və hüquqlarını bilən fərd kimi böyütmək istəyir: “Qız uşağına öz hüququnu və azadlıqlarını tanıtmaq lazımdır. Çünki böyüyən gündən hamı onun hüquqlarını pozmağa çalışacaq. Bunu qohumlar da, məktəbdə sinif yoldaşları da, sevdiyi oğlan da, gələcəkdə həyat yoldaşı da etmək istəyəcək. Hər kəs qızın hüquqlarını məhdudlaşdırmağa çalışır. Bu səbəbdən, qızda azad şəxsiyyət ruhu olmalıdır. Ən azı, başa düşsün ki, ona nəyi qadağan edə bilməzlər və nəyi özü seçə bilər. Bunun üçün də güclü insan olmalıdır. Təkcə bizdə yox, bütün dünyada qadının xoşbəxt olması üçün onun daha güclü olmasına ehtiyac var”.

“Qızını döymək yerinə özünü döy, tərbiyə et”

Gülnar Süleymanova, mühasibat uzrə mütəxəssis

Gülnar deyir ki, özlərini ifadə edə bilməyənlər, izahatın yerinə balaca bir məsumun üzərində öz gücünü sınayan qorxaqlar, həyatlarında yaşadıqları uğursuzluğun, sevgisizliyin, diqqətsizliyin günahını uşaqlarında görənlər onları döyə bilər: “Necə ola bilər ki, ana öz qanından, canından birini incitsin, vursun, yaxud çimdikləsin? Düzdür, hamımız insanıq, bəzən həqiqətən də səbrimiz, anlayışımız tükənir. Yaxud elə bir məqam olur ki, istər-istəməz özünü ələ ala bilmirsən. Amma uşağa əl qaldırmaq həqiqətən qəbul olunmamalıdır. Təəssüf ki, bizim cəmiyyətdə uşağını döymək adi hal alıb. “Qızını döyməyən dizini döyər” sözü diskriminnasiyanın ən pik nöqtəsidir”.

Gülnarın 3 qız övladı var. Deyir ki, uşağa qışqıranda belə vicdan əzabı çəkir: “Mən yalan danışa bilmərəm. Olub ki, bir neçə dəfə özümü ələ ala bilməyib qışqırmışam. Və özümü o qədər günahkar, pis hiss etmişəm ki… Amma mən nə qədər əsəbləşsəm də, barmağımın ucuyla belə ona toxuna bilmərəm. Döymək heç vaxt tərbiyə metodu ola bilməz. Bizim cəza metodumuz belədir ki, uşaq nadinclik edəndə, onu döymək yerinə məsələni izah edirik ki, bu, düzgün hərəkət deyil və özüylə 2 saat tək qoyuruq ki, fikirləşsin. İkinci qızım həddən artıq tez özündən çıxandır. İstədiyi olmayanda uzanır, qışqırır. Ona da izah edirik ki, bu olmaz və nə üçün olmaz. Əgər yenə qışqırsa, otağında sakitləşənə qədər tək qoyuruq. Əvvəl-axır sakitləşib yanımıza gəlir”.

Gülnar da uşaqlıqda döyülmək metodu ilə tərbiyə alıb. Deyir ki, qız uşağını döymək onda dərin psixoloji sarsıntı yaradır: “Ömrü boyu atasının şilləsi, pis sözü uşağın beynində dərin iz buraxır. Mən uşaq olanda təəssüf ki məni də döyürdülər. Anam atama əsəbləşirdi, dalaşırdılar mən bir şey edəndə, əsəb mənim “başımda” partlayırdı. Heç vaxt razılaşa bilmərəm ki, qızını döyməyən dizinə döyər. Qızını döymək yerinə özünü döy, tərbiyə et”.

“Uşağınız üsyankar davrandıqda, onsuz da özünü pis hiss edir”

Rüstəm Rüstəmov, blogger

Rüstəm deyir ki, tərbiyə dedikdə, bizim cəmiyyət çox vaxt sərt qaydaları nəzərdə tutur. Amma belə metod düzgün deyil: “Tərbiyə səs tonunu qaldırmadan və fiziki zorakılıq etmədən uşağa nələrisə aşılaya bilmə metodikasıdır. Uşaq heç vaxt cinsi diskrinimasiyaya məruz qalmamalıdır. Yəni tərbiyənin qız və ya oğlan üçün olanı yoxdur. Sivil sivilizasiyalarda bu belə qəbul edilib. Ancaq hər uşaq fərqlidir və hər uşağın xarakterinə uyğun yanaşma tərzi olmalıdır. Hətta eyni yumurta əkizlərində belə yanaşma fərqlənə bilər. Ona görə hər bir valideyn uşağını diqqətlə izləməli, tanımalı və ona uyğun tərbiyə metodu seçməlidir”.

Həmsöhbətimiz deyir ki, qızlar da oğlanlar kimi, özlərinə inamlı böyüdülməlidir: “Məsələn, uşaq yıxıldısa, tez qaçıb durğuzmaq olmaz. Hər kəs övladını çox sevir, amma uşağın üstündə əsmək düzgün tərbiyə metodu deyil. Tərbiyədə bunu et, onu etmə demək yerinə, örnək olmaq lazımdır. Bunun üçün də sözünüzdən çox hal və hərəkətləriniz daha təsirlidir. Uşaqlar valideynlərinə bənzəməyi, onlar kimi olmağı sevirlər. Uşağa hər istədiyini almaq, onu lüks içində yaşatmaq heç doğru deyil. Böyüyəndə hər istədiyini həyata keçirməyə çalışar. Amma buna müvəffəq olmayanda özünü sınmış kimi hiss edər və başqa yollara əl atar. Ataların uşağın tərbiyəsində böyük rolu var. Atalar uşaqla nə çox ciddi, nə də çox açıq olmalıdır. Ata siqaret çəkirsə, içki içirsə, uşağına bunları etmə deməsi o qədər də təsirli olmaz. Çünki uşaqlar “bu pis bir şey olsaydı, atam onu etməzdi” deyə düşünürlər. Uşağınızı yemək yeməyə çağırdıqda, “indi yemirəm” deyirsə, onu zorla süfrəyə gətirmək yerinə, özünüzü onun yerinə qoymağa çalışın. Əgər yoldaşlarıyla oynayırsa, ona oynamaq istədiyini bildiyinizi, ancaq yeməyin də hazır olduğunu söyləyin. Burada əhəmiyyətli olan onun yanında olduğunuzu göstərməyinizdir. Yumşaq, amma qərarlı olun və müəyyən limitlər qoyun. Məktəb dövründəki uşaq limitlərini bilməlidir. Məsələn, “mənim icazəm olmadan telefonla danışa bilməzsən” demək əvəzinə, “səni ilk çağırdığımda gəlməlisən” kimi cümlələr işlədin. Onunla söhbət edin və sözə qulaq asmamasının səbəblərini araşdırın. Məsələn, məktəb tapşırıqlarını etməməsi bəlkə də, oynamağa kifayət qədər vaxtının olmamasından irəli gəlir. Problemini həll etməyə çalışın. Onu mükafatlandırın. Uşağınız sizi dinləmirsə, ona qışqırmayın. Bilin ki, uşağınız üsyankar davrandıqda, onsuz da özünü pis hiss edir. Qışqıraraq vəziyyəti qəlizləşdirməyin. Əksinə, yaxşı davranışlarını vurğulamalı və onu cəsarətləndirməlisiniz. Uşaq bir yaşından sonra sərbəst həyata asta-asta başlamalıdır. Özü dünyanı kəşf etməlidir. Hər şeyi asan əldə edə bilməyəcəyini öyrənməlidir. Bütün bunları döyməklə yox, izah etməklə göstərməklə etmək lazımdır. Hər bir valideyn övladlarını sevgiylə böyütməyə borcludur”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir