toy

Qonşu ölkələrdə toylarla bağlı qaydalar sərtləşdirilir: Azərbaycanda nə gözlənilir?

Baxış sayı: 149

Sentyabrın 8-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bir sıra karantin qaydaları ləğv edilsə də, toylarla bağlı qadağa hələ də ölkə üzrə qalmaqdadır. Lakin bir çox insan qadağalara, verilən cəzalara baxmayaraq, dost-tanışını başına yığıb, öz xeyir işini gizli şəkildə həyata keçirir. Onlardan ən səs-küylüsü isə Ramiz Mehdiyevin nəvəsinin toyu oldu ki, bu da uzun müddətdir ölkə gündəmini zəbt edib.

Artıq ölkədə kafelərin də fəaliyyəti bərpa edilib və insanlar hər gün toplu halda qapalı məkanlarda olurlar. Lakin koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilmir.
Bütün bunları nəzərə alan mütəxəssislər bildirirlər ki, müəyyən çərçivələr daxilində insanlar öz xeyir işilərini həyata keçirə bilərlər.

Bəs qonşu ölkələrdə toylarla bağlı durum necədir?

Sentyabrın 4-dən Türkiyədə toy, nişan, xınayaxdı və digər bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, toy mərasimləri yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində, nikah bağlanmaqla, 1 saatadək başa çatacaq.

Bununla əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin valiliyinə sərəncam göndərib. Sərəncama görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, onlar nikah mərasiminə buraxılmayacaqlar. Nikah mərasimində oynamaq, kütləvi yemək-içmək qadağandır.

Gürcüstanda insanlar 10 nəfərlik qrup şəklində toy edə bilərlər. Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, ölkədə nikah aktının imzalanması qadağan edilmir, məhdudiyyət yalnız onun tədbir şəklində qeyd olunmasına aiddir. Bildirilib ki, eyni məhdudiyyətlər ad günü şənlikləri və digər bu kimi sosial tədbirlərə də şamil edilir. Qərarın ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edildiyi vurğulanıb.

Bəs tanınmış simalar toylarla bağlı qadağalara nə deyir? Onlarla insanın bir araya gəlib gizli toy etməsinin koronavirusa yoluxanların sayını artırmaması faktından sonra necə davranılmalı, toylara qoyulan qadağalar ləğv edilməldirmi?

1599840550092_XFdxHfrz.jpg (41 KB)

Mövzu ilə bağlı danışan professor Adil Qeybulla bildirib ki, toylar qaydalar çərçivəsində keçirilə bilər:

“Yəqin ki, Məhərrəmlikdən sonra toylar olacaq. Amma toyların formatını dəyişmək lazımdır. Keçmiş zamanda toylar 3-4 gün, bəzən bir həftə davam edirdi. İndi toylar 3-4 saat keçir, dünya dağılır? 500-600 adamın bir araya gəlib, saatlarla yeyib-içməsi mənasız adətdir, bundan yaxa qurtarmalıyıq. Toyların, yasların formatı dəyişməlidir. Dünya mədəniyyətindəki yeniliklərdən biz də faydalanmalıyıq. Ümid edirəm ki, pandemiya artıq bir bəhanə oldu, toylarla, yaslarla bağlı dəyişikliklər olacaq.
Yəqin ki, Operativ Qərargahın təlimatlarını da görəcəyik. Həmin təlimatlara əsasən, qapalı məkanlarda toyların və digər tədbirlərin keçirilməsi qaydası müəyyən olunacaq. Çünki havalar soyuyur, bu gün tədbirlərin açıq havada keçirilməsi real görünmür. Bu baxımdan, qapalı mühitdə davranış qaydaları, karantin mühitində davranışların şərtləri müəyyən edilməlidir. Yalnız bundan sonra toylara icazə verilə bilər. Təbii ki, toylara qızdırması olan, səhhətində problem olanlar qatılmamalıdır. Qapıda qızdırma ölçülməli, əllər spirtlənməli, sosial məsafə gözlənilməlidir. Bu və digər şərtlərə əməl edilərsə, toyların keçirilməsi mümkün ola bilər”.

4281.jpg (60 KB)

Müğənni Nadir Qafarzadə bildirir ki, toylara qoyulan qadağa götürülsə, minlərlə insan qazanc əldə edər:
“Mən artıq bu haqda danışmaq istəmirəm. Danışıram, pis oluram. İnsanlar məni qınayır, söyür. Mən hamı üçün danışıram. Toy olmayanda minlərlə adam işsiz qalır. Bunu demək istəyirəm, insanlar isə elə bilir ki, özümə gün ağlayıram. Atalar yaxşı deyib: “El üçün ağlayan gözündən olar”.
Bir dəfə dostum məni açıq havada olan bir yerə apardı. 150-ə yaxın insan vardı. Orda bir gəlin-bəy çatmırdı. Gəlin və bəy olsa, nə olar? Qaydalar çərçivəsində insanlar xeyir işini etməlidir. Müğənniləri çağırmasınlar lap. Amma digər insanlar toylardan evinə çörək pulu aparsın”.

2019-11-23-16-24-21JiUz1W8KPw0pSUkNDKW9_file.jpg (166 KB)

Millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Rəşad Mahmudov özünün “Facebook” səhifəsində toylarla bağlı paylaşım edib. O bildirib ki, müəyyən qaydalar çərçivəsində toyların keçirilməsinə icazə verilə bilər:
“Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyatlı davranması, müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə.

Ümumiyyətlə, hesab edirəm ki, payız aylarından sonra COVID-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Amma bizlər, vətəndaş olaraq ehtiyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq”.

 

Könül İbrahim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir