ketek-basah_20160907_201822

Səni sevirəm, amma… – Yazı TƏR QOXUSUNA QARŞI yönəlib

Baxış sayı: 417

Restoranda sevgilinizlə oturduğunuz zaman qədəhinizə şərab süzən ofisiantın qolunun altındaykən, neçə dəfə gözünüzdə şimşəklər çaxıb?!
Sərnişinlərlə dolu ictimai nəqliyyatda gedərkən və yaxud isti havada metroda havasız qaldığınız zaman burnunuza gələn qoxu neçə dəfə üzünüzə sillə kimi dəyib?!
Bu günə qədər ətrafınızda neçə nəfərə “duş al, bir antiperspirant istifadə elə” deməmək üçün dilinizi dişləmisiz?!

Bəli, heç kimdən tər iyi gəlmir, elə deyil?!

Kimsə qoxursa, biz bunu heç vaxt qəbul etməyəcəyik. Təbii ki, bu çox həssas bir mövzudur. Nəinki yad insan, heç iki dost belə bir-birinə pis qoxu verdiyini dilə gətirə bilmir bizdə. Çox maraqlıdır, tər qoxmaq deyil, bunu demək ayıb sayılır…

Tər qoxmaq a-yıb-dır!!!

“Eyni paltarı bir ay ard-arda geyməyin və antiperspirant istifadə edin” məsləhətini təmizlik mədəniyyətinin əskikliyinə deyil, iqtisadi böhrana calamayın xahiş edirəm. “Camaat yeməyə çörək tapmır, sənin minimum əmək haqqından xəbərin varmı? dedikdə, tər problemini kökündən həll etmiş olmursuz, inanın.

Sanki mən “əvvəlcə SPA mərkəzinə gedin, sonra da Hugo Boss’da möhtəşəm endirimlər var, geyimlərinizi oradan alın” deyirəm. Ən ucuz “antiperspirant” 3 manatdı. Siqaret kefinizdən qalmayıb, “antipersperantı” bahalı görürsünüzsə, deyiləsi sözüm yoxdur əlbəttə.

Əlqərəz, tər qoxan bir insana bunu necə deyə bilərik?

Qətiyyən “yayın istisində tər iyi vermək qaçınılmazdır” deməyin! Səhərlər duş alıb, günortaya qədər yüngül tər iyi vermək mümkündür təbii ki. Amma bunu hiss edər-etməz ən yaxın WC-yə gedib yuyunmaq çətin deyil. Problemi kökündən həll etməsə belə, 80% faydalı olur. Ancaq deyəsən tər iyi verən insanların burunlarında problemləri var, biz iyi hiss edə bilirik, onlar yox…

Bir tanışım var idi. Özünə haqq qazandırmaq üçün “tər iyi bizim milli parfümümüzdür” deyirdi. Mən şikayət etdikcə, o, “təsəvvür elə Kenzo özəl olaraq bizim üçün tər iyi istehsal edir” deyərək hahahaha gülürdü.
Yeri gəlmişkən, parfümlə tər iyinin qarışması ayrıca bir zülmdür. Tər iyinin üstünə vurulan parfümdən daha iyrənc bir qoxu düşünə bilmirəm.

Bəzi insanlar var, tər qoxmasının səbəbi qoltuq altına yığılan bakteriyalardır ki, bu da onların üfunət iyi verməsinə gətirib çıxarır. Bununla bağlı kiçik bir araşdırma da eləmişəm. Əgər həkimə getməyə və müalicə olunmağa maddi imkanınız yoxdursa, o zaman mineral duzlardan hazırlanmış “deodorant stick”lər satırlar. Tərləmənin qarşısını almır, qoxusu da yoxdur. Lakin qoxu yaradan bakteriyaların qarşısı alır. Ən azından bununla özünüzü qoruya bilərsiniz.

Mövzunu çox uzatmaq istəmirəm.

Tər qoxana qoxuduğunu necə deyəcəyik? sualının cavabına gəlincə, bunu belə izah edə bilərik. Bu yazını biri “kopyalayıb” Sizə “Səni sevirəm, sən yaxşı insansan amma…” sözləri ilə göndəribsə….
Bilin ki, Sizdən tər qoxusu gəlir…

Xəyal AZƏROĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir