erken nikah

Sağlamlığa təhıükə yaradan, boşanmaları artıran erkən nikahlar

Baxış sayı: 574

Günümüzdə hələ də aktuallığını qoruyan məsələlərdən biri də erkən nikahlardır. Erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır.

 

Maarifləndirmə və təbliğat işləri hələ tam effektiv deyil

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva sözügedən məsələ ilə bağlı  bildirdi ki, erkən nikah ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Bu tip nikahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə, sosial çevrənin də rolu böyükdür. Erkən nikah faciədir, acı sonluqdur. Bu nikahlardan dünyaya gələn uşaqların hansı travmaları yaşamaları məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz. Müşahidələr və gündəlik təcrübələr deməyimizə əsas verir ki, aparılan maarifləndirmə və təbliğat işləri, müxtlif tədbirlər hələ tam effektiv deyil. Bunun da nəticəsi kimi hələ də yetərincə erkən nikahlarla bağlı xəbərləri eşitmək məcburiyyətində qalırıq. Erkən nikaha meyilliliyin olmasının səbəbləri müxtəlifdir və bu prosesdə iştirak edən yeniyetmə qızlar, ailələri və yaxınları bu izdivaca müxtəlif yollarla haqq qazandırmağa çalışırlar.

terane pasayeva

Erkən nikaha meyilliliyin səbəbi nədir?

Psixoloq qeyd etdi ki, erkən nikaha insanların meyil etməsində bir sıra amillərin təsiri var. Burada sosial-iqtisadi məsələlər, ailənin təhsil səviyyəsi, dünyagörüşü, dəyərləri, yaşadığı mühit kimi amillərlə yanaşı, qız uşaqlarına olan baxış da rol oynayır. Qız uşağını böyütməyin çətin olması, gələcəkdə ailə qurub evi tərk edəcəyinə görə ona kapital qoymağın faydasız olması düşüncəsi nəticədə onların erkən nikahına gətirir. Bununla da bəzi valideynlər  məsuliyyətdən xilas olduqlarını düşünürlər. Övladlarını erkən nikaha məcbur edən bir çox valideynlərin digər əsaslandırması qıza qarşı baş verə biləcək hər hansı neqativ  hallardan onu qorumaqdır. Digər tərəfdən, qız ailədə valideynlərindən diqqət və qayğı görmürsə o zaman erkən nikaha daha çox həvəslənə bilər. Çünki o, bir müddət diqqətdə olur, ona hər hansı hədiyyələr alınır və qayğısına qalınır. Yeniyetmə qız isə bunun həmişə olacağını düşünüb bu aldadıcı situasiyanın təsirinə düşür. Digər bir məsələ isə uşağa nümunə gətirilən hallardır. Ona erkən nikaha cəlb edilən başqa qızları nümunə gətirərək bu hadisənin yaxşı bir hal olması fikrini təlqin edirlər. Və təəssüf ki, erkən nikaha cəlb edilən qız zamanla hər şeyin xəyallarında düşündüyü kimi real olmadığını dərk edir.

 

Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət qız uşaqlarında mənfi emosiyalara səbəb olur

Mütəxəssisin sözlərinə görə, bu məsələdə əsas öhdəliklərdən biri də məhz valideynlərin üzərinə düşür: “Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində. İlk örnək ata-ananın qarşılıqlı münasibətidir. Ailədə uşaqlar arasında cinsi ayrı-seçkilik yolverilməzdir. Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət qız uşaqlarında mənfi emosiyalara səbəb olur. Yeniyetməlik dövrü ailələrin övladları üçün xüsusi diqqət etməli bir zamandır. Valideynlər bu dövrdə övladlarının daim yanında olduğunu hiss etdirməli, övladları arasında ayrı-seçkilik etməməli, onların fikirlərinə hörmətlə yanaşmalı, təhsil almağına şərait yaratmalı, onları aşağılayacaq fikirlərdən, tənqid, təhqirlərdən istifadə etməməli, şiddət göstərməməli, müəyyən müddət keçdikdən sonra mərhələli şəkildə həyatın növbəti dövrlərinə hazırlamalıdır.

Təranə Paşayeva əlavə etdi ki, son illərdə erkən nikahlarla mübarizədə aidiyyəti qurumların, o cümlədən hüquq-mühafizə orqanlarının və digər təşkilatların fəaliyyətini xüsusilə qeyd etməliyəm. Əvvəlki dövrlərlə müqayisədə neqativ hallarla qarşılaşdıqda daha qlsa zamanda operativ tədbirlər görülür. Mütəmadi  olaraq paytaxt və bölgələrdə erkən nikahların qarşısının alınması, onun fəsadları barədə layihələr həyata keçirilir, görüşlər təşkil olunur. Təbii ki, bütün bunlarla kifayətlənmək olmaz. Cəmiyyətin üzvləri kimi hər birimiz bu məsələdə diqqətli olmalıyıq. Yaxınımızda olan insanları maarifləndirməli, xoşagəlməz hallarla qarşılaşdıqda biganə yanaşmamalıyıq.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir