hadi

Şeyxülislam surroqat ananı məsləhət görmədi

Baxış sayı: 1. 770

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin APA-ya müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik.

  – Ötən ilin sonlarında prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqlədi və bununla da nikahdan əvvəl tibbi arayış qanuniləşdi. İstərdik, ilk olaraq bu dəyişikliyi şərh edəsiniz… 

– Bu, Azərbaycanın ailə təməli üçün çox ciddi dəyişiklikdir və insanlarımızın bunun mahiyyətinin dərk etməsi çox vacibdir. Cəmiyyətin təməli ailədir. Ailə mövzusu prezident İlham Əliyevin dövlət quruculuğu modelinin prioritet sahəsidir. Ailə ilə bağlı qanunvericiliyin təkmilləşməsi istiqamətində ardıcıl iş gedir. Baxın, biz Ailə Məcəlləsinə digər məcəllələrə nisbətən daha çox müraciət edirik. Bu və ya digər formada Ailə Məcəlləsinə dəyişikliklər edilir. Biz nə üçün nikahdan əvvəl tibbi arayışın qanuniləşməsinə nail olduq? Əgər nikaha girən cütlükdən hər hansı biri, tutaq ki, Hepatit C və ya qan xəstəlikləri daşıyıcısıdırsa, nikaha girir və öz xəstəliyini həyat yoldaşına keçirir, üstəlik, doğulan övladları da xəstə olur. Biz xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaq üçün nəsə bir addım atmalıydıq. Nikaha girənlərin məcburi olaraq tibbi müayinədən keçməsi çox ciddi məsələdir. Bu, artıq dünyada uzun illərdir təbliğ və təşviq olunur. Məsələn, Türkiyədə belə bir qanun 1930-cu ildə qəbul olunub.

– Amma bizdən fərqli olaraq, onların qanununda tərəflərin hər ikisi xəstəlikləri haqda məlumat alır. Bizdə isə əksinədir...

– Burda konfidensiallıq məsələsini, milli-mənəvi dəyərləri nəzərə aldıq. Təsəvvür edin, cütlükdən kimsə bir-birinin xəstəlikləri haqda məlumatı bilir və gedib kənddə, rayonda bu haqda danışır. Bu, narahatlıq yaradan haldır. Biz bu qanunun üzərində ardıcıl olaraq altı il işləmişik, dünya təcrübəsini öyrənmişik. Bizim qanunda tərəflərin ikisi də tibbi arayış alır. İkisi də bir həkimə müraciət edir, ayrı-ayrılıqda həkimdən məsləhət alırlar. Həkim onların ikisinə də öz tövsiyələrini verir. Deyir ki, səndə bu xəstəliklər var, bundan müalicə olunmağın yaxşıdır və yaxud sizin qanlarınızda uyğunluq olsa, uşağınız xəstə doğulacaq. Daha sonra həkim onların arayışında yazır ki, “Həkim tövsiyəsini aldılar”. Bunu xüsusi vurğulamaq istəyirəm ki, bütün bunların hamısı nikaha girməyə qadağa qoymur. Nikaha girməyə yalnız cütlüklərdən biri anlaqsız olanda qadağa qoyulur.

– Nikahdan əvvəl tibbi arayışın qanuniləşməsi ideyası necə yarandı?

– Bu ideyanın ərsəyə gəlməsində, qanuniləşməsində deputat həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri oldu. Buna görə bir daha Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Bilirsiniz ki, Azərbaycanda Hemofiliya və Talassemiya Mərkəzi yaradılıb. Bundan sonra nəticə etibarilə işlər yaxşı olmalı idi. Görülən işlər nəticəsində bu xəstəlikdən əziyyət çəkənlər müalicə olundular və onların ömrü altı il uzadıldı. Bu xəstəlikdən əziyyət çəkənlər haradasa 14-17 yaş arası ölürdülərsə, indi 23 yaşında dünyalarını dəyişirlər. Gördüyünüz kimi, bu sahədə müvəffəqiyyət qazanılsa da, xəstələrin sayı azalmadı. Xəstələr yenə də artmağa başladı. Demək, problemin kökündə nikaha girənlərin qanlarının uyğunsuzluğu dayanırmış. Bax, bu ideya buradan yarandı. Daha sonra regionların böyük əksəriyyətində bir sıra xəstəliklərin təhlili, analizi üçün avadanlıqlar yox idi. Bunun üçün də müəyyən vəsaitlər ayrıldı və nəhayət, qanun imzalandı.

   – Qanun bu il yanvarın 1-dən qüvvəyə minməli idi. Xəstəliklərin siyahısı, cütlüklərin müayinə olunacağı xəstəxanaların siyahısı hazırdır? Ümumiyyətlə, aparılan işlər hazırda hansı mərhələdədir? 

– Qanun 2015-ci il yanvarın 1-dən icra olunmalı idi. Bu məsələ ilə bağlı tapşırıqları Nazirlər Kabineti həyata keçirir. Vaxtın azlığından Nazirlər Kabinetinin hazırlayacağı bəzi sənədlər yanvarın 1-nə çatmadı. Sizin də dediyiniz kimi, xəstəliklərin siyahısı hazırlanmalı, cütlüklərin hansı xəstəxanalarda müayinə olunması müəyyən edilməlidir və sair. Bütün bu mexanizmin təmini bir az zaman istədi, sənədləşmə işlərini çatdıra bilmədik. Biz Milli Məclisdə Sosial siyasət komitəsinin iclasında həmin müddəti iyun ayının 1-nə qədər uzatdıq və qanun iyunun 1-dən qüvvəyə minəcək.

   – Həkimlərin rüşvət müqabilində tibbi arayış vermə ehtimalı da istisna olunmur… 

– Əgər həkim bu cinayətə yol versə, bunun üstü tezliklə açılacaq. Həkimin rüşvətlə tibbi arayış verdiyi ailədə xəstə uşaq doğulsa, o həkimin yaxasından yapışacaqlar. İnzibati Xətalar Məcəlləsində müvafiq olaraq həkimin məsuliyyəti müəyyən olunub. Bundan başqa, bizdə 0-18 yaş arası uşaqların məcburi dispanserizasiyası var ki, burda da hər şey müəyyən olunacaq. Azərbaycanda ildə orta hesabla 165-170 min uşaq dünyaya gəlir ki, bu gün bütövlükdə uşaqların 63 mini əlildir. Talassemiya xəstəsi olan uşağa valideynləri 28 yaşına qədər pul xərcləyir. Ailə evini satır, varını, dövlətin uşağa qoyur. Ailə də, uşağın özü də məşəqqət çəkir. Hamı bilir ki, nəticə pis olacaq, yenə də pul xərcləyirlər. Həm də dövlətin büdcəsindən pul gedir. Biz bu qanunla gələcəkdə həmin ailələri bu məşəqqətdən xilas edəcəyik. Nikahdan əvvəl tibbi arayış bizdə bütövlükdə Məcəllədə deklorativ norma idi, imperativ norma deyildi. Mətbuat bu məsələdə aktiv rol oynamalıdır. Ailədə uşaqla, cütlüklərin özü ilə bağlı gələcəkdə yaranacaq neqativ halların qarşısı bu qanun vasitəsilə alınacaq. Bu gün cəmiyyətimizdə oğlanların, qızların nikah yaşları artır. Bu gün gənclərimiz dünyaya övlad gətirməyin məsuliyyətini dərk edir və avtomatik olaraq nikaha girmə yaşlarında artım müşahidə olunur. Bu gün nikaha girənlərin təxminən 11 faizinin uşağı olmur. Bunun da səbəbləri müxtəlifdir. Biz nikaha girən vətəndaşlarımızın tibbi mədəniyyətini yüksəltməyə çalışmalıyıq ki, cəmiyyətimiz ağrılı problemlərlə üzləşməsin. Hesab edirəm ki, bu qanun Azərbaycan dövlətinə çox lazımlı sənəddir, çox önəmli bir qanundur. VVAQ şöbələri də bu məsələ ilə bağlı təbliğat aparmalıdır. Ağsaqqallar, valideynlər bu işə maraq göstərsinlər. Ata öz qızını ərə verir, oğlunu evləndirirsə, desin ki, mənim balam, get özünü yoxlat.

   – Nikahdan kənar doğulan uşaqlarla bağlı vəziyyət necədir? 

– Sovet dönəmində nikahda olmayanların dünyaya uşaq gətirməsi cinayət idi. İndi bu qanun yoxdur. İl ərzində ölkədə 24 min nikahdan kənar doğuş var. Əvvəllər dağ kəndlərində evlənənlər gəlib şəhərdə VVAQ şöbəsində nikahlarını rəsmiləşdirilməli idi. Belə olan halda, adamlar çox vaxt şəhərə gəlməyə tənbəllik edirdilər. Buna görə indi həmin kəndlərdəki kənd sovetlərinə nikahı bağlamaq üçün səlahiyyət verilmişdi. Bizdə də bir müddət arada boşluq oldu. 10 il bundan əvvəl yenidən icra nümayəndələrinə nikahı rəsmiləşdirməyə icazə vermişik. Bu bir səbəbdir. İkinci səbəb isə odur ki, Rusiyada yaşayıb vətəndaşlıq alan azərbaycanlılar pasportlarını korlayırlar. Sonra gəlib vətəndə evlənirlər, uşaq olur. Bunların hamısını icra nümayəndələri, bələdiyyələr müəyyənləşdirməlidir. Bunların hamısı sənəd almalıdır. Bəzən uşaq 8-ci sinfə gedir, onun doğum haqqında şəhadətnaməsi yoxdur. Çünki valideynlərinin nikahı yoxdur. Digər səbəblər də yaşla bağlıdır. Qız 18 yaşına çatmamış onu ərə verirlər və VVAQ da bunu təbii olaraq qeydə almır. Bu gün boşanmaların 70 faizində əmlak münaqişəsi meydana çıxır. Qız ərə getdiyi evdə onun ərindən başqa ərinin 3 qardaşı da qeydiyyatdadır. Ev də onların atasının mülküdür. Boşananda qızın heç nəyi olmur. Dava da düşür ki, uşağı kim saxlayacaq. Oğlan işləmir, alimenti kim verəcəkğ Görün, nə qədər problem çıxır. Rusiyada alimenti əmlaka yönəldiblər. Əgər oğlanın adına əmlak varsa, müsadirə edib onun pulunu anaya verirlər. Bizdə bu məsələlərdə boşluq var. Bu boşluqların səbəbi çoxdur. Bu səbəblərdən biri də odur ki, nikaha girənlərin mülkiyyət müqaviləsi yoxdur. İki tərəfin də mülkiyyətində olan şeylər qeyd olunmalıdır. Bu, Ailə Məcəlləsində deklarativ norma olaraq var. Yazılıb ki, nikaha girənlər mülkiyyət müqaviləsi bağlaya bilərlər. Bu məsələ də gündəmdədir. Əvvəllər çölə atılmış uşaqlar çox olardı. Hazırda çölə atılan uşaqların sayı 15 dəfə azalıb. Həm də insanların seksual mədəniyyəti də artıb.

   – Tədris prosesində bu məsələyə diqqət ayrılması gündəmdədir? 

– Avropa ölkələrində, Amerikada 18 yaşından yuxarı nikaha daxil olmaq üçün ərizə verənlər bir ay müddətində kurslarda iştirak edirlər. Bu kurslarda ailə, kişi-qadın münasibətləri, psixoloji məsələlər tədris olunur. Bu kurslar məcburi olmasa da, insanlar könüllü gedir. Bu da bir mədəniyyətdir. Bu günləri biz boşanmaları təhlil etmişik. İnanın mənə, demək olar ki, kasıblığa görə boşanma halları yoxdur. 90 faiz boşanmaların kökündə psixoloji anlaqsızlıq durur. Sənin atan elə dedi, anam belə dedi, xalan belə baxdı. Bütün bunların hamısı xırda şeylərdir, amma ailələrdə münaqişələrə səbəb olur. Bu gün istiqamət ona yönəlməlidir ki, ailə dağılmasın. Ailə dağılanda böyük problem yaranır.

– Azərbaycanda süni mayalanma ilə bağlı məsələ bir vaxtlar aktiv müzakirə olunsa da, sonradan bunun qəbul olunması üçün müzakirəyə çıxarılması təxirə düşdü. Nə idi səbəb?

– Burda əsas iki mövzudur. Birinci surroqat ana məsələsidir ki, dünyada da bu mübahisə mövzusudur. Surroqat ana dünyanın bir çox ölkələrində var. Rüşeymləri birləşdirib başqa anaya yerləşdirirlər, ana uşaq dünyaya gətirir. Orda da çoxlu mübahisəli məsələlər var. Şeyx bunu məsləhət görmədi. Süni mayalanmada isə biz ərlə arvadın süni mayalanmasının tərəfdarıyıq. Bizim qanunda da bunun əleyhinə bir şey yoxdur. Amma süni mayalanmanın özü də mübahisəli mövzudur. Nə üçün? İranda bunu siğə edirlər. Bir nəfəri bir nəfərlə süni mayalanma edirlər. Avropa ölkələrində bir nəfərin 10 və daha çox mayasından süni mayalanma edirlər. Ölkələr var ki, orada götürülən mayanı kimə istəyirlərsə, vururlar. Nəticədə bu, qardaş-bacı nikahı da ola bilər. Hind filmlərindəki kimi. Buna görə bu mövzunu gündəmdən götürdük. Biz bütün hallarda Şeyxülislam Allahşükür Paşazadənin fikirləri ilə razılaşdıq. Biz gənc ailə haqqında yeni qanun hazırlamaq istəyirik. O qanunda göstəriləcək ki, 10 ildən artıq nikaha girənlərin uşağı yoxdursa, onlara dövlət hesabına o əməliyyatı edək. O əməliyyatın qiyməti təxminən 3000 dollardır. Biz istəyirik bunu edək. Bu məsələ də gündəmdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir