Zəhra - Rustem Osmanova

“Space” televiziyasının aparıcısı: “Kişilər onlara azadlıq verən qadınları sevirlər”

Baxış sayı: 2. 001

Onların yolu televiziyada kəsişib. Sevgi etirafları isə “6” nömrəli marşrutda baş tutub. Eşq macəraları belə, xarakterləri kimi standartlardan uzaq olub. Qonaqlarımız “Space” televiziya kanalının aparıcısı Zəhra Rüstəm-Osmanova və AVTO FM Radiosunun aparıcısı, yazıçı Cavid Osmanovdur. 6 ildir həyat yolları birdir. Adelya adlı bir qızları var.
Zəhra xanım deyir ki, Cavid bəy ona birbaşa evlənmə təklifi edib: “Bu, 6 nömrəli avtobusda baş verdi. Adətən qızla oğlan arasında müəyyən sevgi mərhələləri keçəndən sonra oğlan qıza “səni sevirəm” deyir. Amma Cavid birbaşa mənə evlənmə təklif etdi”.

“Naz etməyə vaxtım olmayıb”
“Biz ailə qurana qədər əsil sərgüzəşt yaşadıq. Mənim naz etməyə heç vaxtım da olmayıb. Bir də gözümü açdım ki, nişanlıyam, barmağımda üzük var. Şükür Allaha ki, xoşbəxtəm”.
Zəhra xanım  deyir ki, ilk dəfə Cavidi görəndə, geyim stili fərqli olduğu üçün onun azərbaycanlı olduğunu düşünməyib: “İlk dəfə Cavidi görəndə, düşündüm ki, yüz faiz xarici ölkə vətəndaşıdır. Cins şalvarda, sevimli əsgər uzunboğaz çəkmələrində, köynəyin qolunu baş barmağına keçirmiş, saçları uzun. Xüsusilə 6 il öncə bizim cəmiyyətdə belə geyinənlər az idi. İlk olaraq geyim tərzi ilə diqqətimi çəkdi Cavid”.

“Zəhra anama oxşayırdı”
Cavid bəy isə xanımını görən kimi anasına oxşadıb: “Hər insan individualdır. Bizi də həmin individuallıq çəkir. Anamla həyat yoldaşım həqiqətən də zahiri cəhətdən bir-birlərinə oxşayırlar”.
Zəhra xanım deyir ki, 6 il öncəyə qədər kompleksli insan olub. Bu komplekslərini illər keçdikcə Cavidlə birlikdə aşıb: “Cavidlə yanaşı, komplekslərimə qalib gəlməkdə özümün də rolum böyük olub. Yəni insan inkişaf etmək, qabağa getmək istəyirsə, mütləq və mütləq özünün mənfi tərəflərini (kompleksləri nəzərdə tutur – A.Ə.) müsbətə dəyişdirməlidir. Başqa “mən”ini ortaya qoymalıdır. O zaman hər şey yaxşı olur. Kompleksli insan həyatda uğur qazana bilmir”.

“Qızımla bir yerdə çörək suxariləri edirəm”
Uşağa tərbiyə vermək məsələsinə gəldikdə, Cavid bəy deyir ki, hər bir valideyn övladı ilə vaxt keçirməlidir: “Bizim çox gərgin iş qrafikimiz var. Bu həyat tempi ilə özünə və ailənə vaxt ayırmaq çox çətin olur. Qızımız bağçaya gedir. Nənəsi bağçadan götürür və evə aparır. Biz balacamızı yalnız işdən sonra, axşamlar görə bilirik. İşdən evə gələn kimi də, çalışırıq vaxtımızı qızımıza həsr edək. Yalnız şənbə və bazar günləri doyunca uşağa vaxt ayıra bilirəm. Onda da çalışıram ki, onunla bir yerdə hansısa işlə məşğul olaq. Məsələn, tez-tez qızımla bir yerdə çörək suxariləri edirəm. Noxud qızardıram. Axşamlar evə tez gələndə sobada kartof  bişiririk. Hərdən qızımla kilkə balığı da qızardırıq. Uşağa ata ilə bağlı yaddaş və emosiyalar çox vacibdir. Ona görə qızım mənə kömək edir. Sonra anasına da deyir ki, “mən ata ilə filan şey bişirdim”. Bu mənim üçün çox önəmlidir”.
Zəhra xanımın düşüncələri də maraqlıdır: “Valideyn ancaq uşaqlarına dəstək olmalı və inkişaf etdirməlidir. Cəmiyyət üçün şəxsiyyət yetişdirməlidir. Ailə qurduqdan sonra isə umumiyyətlə uşağın həyatına qarışmaq olmaz. İnsan səhvləri, düzləri, uğur və uğursuzluqları ilə bərabər həyatını yaşamalıdır”.

“Qadın və kişi yarimdairə formasında bütövdür”

Zəhra xanım ilə söhbət zamanı qadın-kişi münasibətlərinə də toxunduq. Həmsöhbətimiz deyir ki, kişilər onlara azadlıq verən qadınları sevirlər: “Qadınlar da, kişilər də bu həyatda bir-biri üçün mübarizə aparırlar. Qadın və kişi yarimdairə formasında bütövdür, ayrılmazdır. Hər ikisi bir-birindən asılıdır. Əsas odur ki, yarımdairələr birləşəndə tam ola bilsinlər. Məncə, kişilər onlara azadlıq verən qadınları sevirlər”.
Jurnalist ailəsinin çətinliklərinə gəldikdə isə, Cavid bəy deyir ki, ən birinci mənfilik vaxtının az olmasıdır: “Mən özümü jurnalist hesab etmirəm və heç vaxt hesab etməmişəm. Amma jurnalist ailəsinin mənfi tərəfləri çoxdur. Elə ailəyə ayırdığın vaxtın azlığı ən birinci mənfilikdir. Müsbət tərəflərini görmürəm. Hansısa tədbirlərə getmək sənə müsbət nəsə vermir. Tanınmaq heç bir gəlir gətirmir. Təbiətimə görə istifadəçi deyiləm”.

“Qızım məni dəyişdi”

Cavidi tanıdığı ilk vaxtlar qısqanc olduğunu söyləyən Zəhra deyir ki, qızı dünyaya gəldikdən sonra xarakteri əsaslı şəkildə dəyişib:
“6 il bundan əvvəl qısqanc idim. Amma indi tam başqa birisi olmuşam. Buna görə qızıma borcluyam. Qızım Adelyadan çox öyrənmişəm. Qısqanclıq insanı çirkinləşdirir, məhv edir. Həyatda bu qədər gözəlliklər varkən qısqanclıqlar nəyə lazımdır?”

“Elə bilin ki, “kinder-sürpriz”i sevirsiniz”

Bəzi insanlar düşünür ki, hər bir sevginin sonu olur. Müsahiblərimiz 6 ildir sevgilərini ilk günki kimi davam etdirirlər. Cavid bəy deyir ki, insan necə dəyişirsə, münasibətlər də elə inkişaf edir: “Elə bilin ki, “kinder-sürpriz”i sevirsiniz, hər gün ondan alırsınız. Ola bilər ki, siz o şokoladın dadından doyursunuz. Amma hər dəfə içindən çıxan oyuncaqlar dəyişdiyi üçün maraqlı qalmağa davam edir. Siz şokoladı, ümumiyyətlə, unuda bilməzsiniz axı. Hansısa gün istəməzsiniz bəlkə, amma bir neçə gün sonra yenə ürəyiniz şokolad istəyəcək”.
Gənc ailələrə məsləhət verən müsahiblərimiz sonda bildirdi ki, ailələr səbirli olmalıdır: “Tələskən olmayın. Yaşam mühitimiz bizi maddiyyatçı olmağa vadar edir. Ehtiyatlı olun”.

 

Aygün ƏZİZ



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir