tetil sindromu

“Tətil sindromu”ndan necə qurtulmalı?

Baxış sayı: 154

Şənbə və bazar günlərindən sonraya təsadüf edən Qurban bayramı ilə əlaqədar yaranmış bayram tətili başa çatdı. Bəllidir ki, istirahət günlərindən, bayramlardan sonra işə adaptasiya olunmaq çətin olur və müəyyən zaman alır. Bayramdan sonra insanlarda adətən halsızlıq, həvəssizlik, işdən bezmə, işə nifrət etmə, yuxulama və s. kimi əlamətlər müşahidə edilir.

Psixologiyada bu, “tətil sindromu” adlanır. Bayramlardan sonra bu problem, işləyən insanların 80 faizində müşahidə edilir. Mütəxəssislərə görə, bayram sindromundan daha çox orta yaşlı insanlar əziyyət çəkirlər. Bu problem onlarda bəzən depressiya həddinə çatır. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrində işdən çıxma haqqında ərizə, xəstəlik arayışları adətən bayram günlərindən sonraya təsadüf edir.

 

Mövzuya münasibət bildirən psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, bayramlardan sonra işə adaptasiya olunmaq problemi daha çox qadınlarda müşahidə edilir: “Qadınlar bayram günlərində də işsiz qalmırlar. Ev işləri, bayram hazırlıqları qadını yorur. Yorucu günlərdən sonra iş həyatına qayıtmaq təbii ki, hər bir qadın üçün çətin olur. Buna görə də, hər bir qadın çalışmalıdır ki, istirahətin son gününü özünə ayırsın, istirahət etsin, xarici görkəmi ilə maraqlansın və ən əsası da gündəlik norma olan 8 saat yata bilsin”.

Image result for fərqanə mehmanqızı

“Yuxu hər bir insan üçün çox önəmlidir. Qadın üçünsə bu, vacibdir. Yuxusuzluq halsızlıq və yorğunluq gətirir. Yorğun və halsız insan isə heç bir işə adaptasiya ola bilmir”, — psixoloq bildir.

Mehmanqızına görə, işə adaptasiya ola bilməmək həm də bir insanın bədəninin fiziki baxımdan bayrama alışması ilə əlaqəlidir: “Hər gün qoyulan qaydadan artıq yemək yemək, hər gün qoyulan qaydadan daha artıq yatmaq, iş görməmək bədəni bu rejimə alışdırır. Əgər bir insan gün ərzində 9 saat işləyirdisə, indi işləmir. Bayram günlərində çox yeyir, çox yatır və yaxud qonaq gedir, gəzir, əylənir. Yəni insanın bütün orqanizmi, ruhi-psixoloji və fiziki baxımdan bayram əhval-ruhiyyəsinə köklənir”.

Ümumiyyətlə, psixoloqlar məsləhət görürlər ki, bayramdan sonra iş prosesinə adaptasiya olmaq üçün, iş gününə bir gün qalmış iş haqqında düşünmək lazımdır. İş günü başlamamışdan bir gün öncə işdəki yeni planlar, yeni layihələr barədə düşünmək, görəcək işlərini fikirlərində özü ilə müzakirə etmək bayramdan sonra iş prosesini asanlaşdırır.

Mütəxəssislərə görə, bayramdan sonra işə adaptasiya olma prosesini əsasən 45 yaşını keçən insanlar yaşayır və belə insanlarda proses daha ağır depressiya ilə müşahidə edilir.

“İşə alışa bilməyən şəxs düşünməməlidir ki, bu problem təkcə ondadır. Bayramdan sonra işə adaptasiya olunmaq prosesi hamıda olur. Bunu ağır şəkildə düşünmək, depressiyaya düşmək əvəzinə, bir gün öncədən plan qurmaq, az yatmaq, iş günlərində olduğu saatda yuxudan durmaq lazımdır”, — F. Mehmanqızı vurğulayıb.

Psixoloq qeyd edir ki, bayramdan iki gün sonra işə adaptasiya asanlaşır, insan fiziki və psixoloji baxımdan işə alışır. O, bayramdan sonra işə adaptasiya olunmaq üçün aşağıdakıları tövsiyyə edir:

 

1)  Bir gün öncə fikirlərinizi iş üzərində qurun, gələcək planlarınızı düşünün;

2)  İş gününün saatı ilə yuxudan oyanın;

3)  Az yeyin, idmanla məşğul olun;

4)  Əgər işdə yuxunuz gəlirsə, hər iki saatdan bir 15 dəqiqə işə fasilə verin;

5)  Təmiz hava alın və bu işin sizin üçün nə qədər vacib olduğunu düşünün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir