murad ezimzade

Tanınmış aparıcı: “Adam öz işindən bezir” – MÜSAHİBƏ

Baxış sayı: 1. 611

Aparıcı-jurnalist Murad Əzimzadə ilə tanışlığım Lider TV-də yayımlanan “Fotoşok” proqramından olsa da, onu kəşf etməyim dərin fikirləri və sosial şəbəkədə “danışan adam” sonluğu ilə bitirdiyi statusları ilə olub. İlk müsahibəm idi deyə, fikirləşdim ki, qarşımdakı insanın xarakterinə uyğun suallar seçim. Və beləliklə başladım…

– “Fotoşok”, “İstidir”, “Günəbaxan”, “Şəbəkə”, “Xəbərsizsiniz”, “Ağıl dəryası” və “ATV Kulis” kimi verilişlərin aparıcı olmusunuz. Bəs Murad özünü hansı proqramda tapır?

– Mən plastilin aparıcıyam. Ona görə də özümü sosial-ictimai proqramlarda, intelektual şoularda tapıram. “ATV Kulis”də isə təqdimata, sujetlərə bu intelektuallığı, fərqliliyi qatmağa çalışıram.

– İştirak etmək istədiyiniz, lakin hər hansı bir səbəbdən alınmayan layihə olubmu?

– Ürəyimdə qalan heç bir layihə yoxdur. Qismət olsa gələcəkdə Atvdə “realiti şou” həyata keçirmək istəyərdim. “Atv kulis” mənim üçün yaxşı başlanğıc oldu. Efirlə sağollaşmağıma bir gün qalsa belə, axşam saatının əsas xəbər buraxılışını aparmaq istərdim…

– Hər şeyi geridə qoyub getməyi düşünmüsünüz?

– Hələ ki yox. Amma getsəm qayıtmaram. Mən qayıtmağı sevmirəm, ancaq irəli gedərdim.

– İllərdir bu işlə məşğulsunuz, amma ciddi dəyişikliyin tərəfdarı olmamısınız…

– Mən öncə jurnalistəm, sonra aparıcıyam. Bu sahədə olan özünü niyə müğənni kimi aparmalıdır? Jurnalist niyə qlamur olmalıdır? Qlamurluq mənə yaddır. Mənim işim mütaliə etmək, araşdırmaq, hansısa mövzuda müzakirələr aparmaqdır. Çox təəssüflər olsun ki, indiki dövrdə aparıcılar, müğənnilər qlamurluğa qaçdıqları üçün kitab oxumaq istəmirlər. Sanki başqa dünyaları var. Bahalı restoranlarda, moda evlərində, özünü “check-in” etmək aparıcıya yad olmalıdır. Jurnalistin işi hansı sahə olur-olsun informasiya istehsal edib oxucuya və ya izləyiciyə çatdırmaqdır. Öz həyatıma dünyəvi səviyyədə yanaşıram. Gəlin başqa ölkələrdə olan jurnalistlərə baxaq, görək onlar da qlamurluğa qaçırlarmı? Fikir versək görərik ki, onların hamısı sadə həyat tərzinə daha çox üstünlük verirlər. İnsanın içi boş olanda qlamurluğa qaçır ki, içindəki boşluğu bununla ört-basdır eləsin.

– İnsanlar sizi həm də apardığınız intellektual proqramlardan tanıyır. Bundan istifadə edib deputatlığa namizəd ola bilərsiniz…

– Siyasətə meyilli olmağım anamdan irəli gəlib. Çünki o, Gəncə Dövlət Universitetində Politologiya üzrə dossentdir. Gözümü açıb evimizdə siyasi məsələlərin müzakirə olunduğu görmüşəm. Siyasi kitablarımız daha çox olub. Bugünkü işimi, karyeramı nəzərə alaraq düşünürəm ki, 35 yaşından sonra tam fərqli bir yerdə olacam.

– Yazdığınız statuslarla həmişə sosial mövzulara toxunursunuz. Hamını narahat edən problemlər bir vətəndaş kimi sizi də düşündürür. Gələcəkdə istər maddi, istər mənəvi baxımdan tam istədiyiniz həyatı yaşasanız, yenə də bu mövzulara həssas yanaşacaqsınız?

– Düşünürəm ki, mənim kimi adamların sosial vəziyyəti heç vaxt yaxşı olmayacaq. Çünki maddiyat mənə görə ancaq tələblərimi qarşılamaq üçündür. Heç vaxt çoxlu pul dalınca qaçmamışam. Çoxlu pul qazanmaq insanın azadlığını əlindən alır. Pulum çox olsa belə, heç vaxt gözümü yumub gəzə bilmərəm. Ədalətsizliyə qarşıyam, həmişə haqlı olanın yanındayam.

– Son illər film sahəsində ciddi bir canlanma müşahidə olunur. Sizin aktyorluğa marağınız var? Hansı janrda olan filmlərdə rol almaq istərdiniz?

– İxtisasım kino rejissorluğudur. Mənə görə ciddi bir canlanma yoxdur. Bu, canlanmaya qədər olan bir dövrdür. Sadəcə komediyalar və kommersiya filmləri çəkilir. Təbii ki, aktyor kimi özümü sınamaq istəyərəm. Özümü mənfi rolda görürəm. Çünki üz quruluşum, burnumun sınıqlığı, ancaq mənfi obraza yarayar. Kamera qarşısında tam komplekssiz olduğum üçün bütün janrlarda oynaya bilərəm.

– Musiqi ilə aranız necədir? Daha çox hansı müğənniləri dinləyirsiniz?

– Uşaqlıqdan musiqi ilə məşğul olmuşam. Bu sahə ilə aram yaxşıdır. Babam, atam həvəskar musiqi ilə məşğul olub. Bizim evimizdə hazırda da musiqi alətləri var. Mən “blues”, “akustik rok” janrını daha çox sevirəm. Yeniyetmə dövründə “Green day” qrupuna qulaq asırdım. Şadeni çox sevirəm, onun albomları həmişə “playlist”imdə öz yerini alır. Həmçinin, Qriqori Leps, Valeri Miladze, Sezen Aksu, “Duman” qrupu, Tarkan, Teoman və son vaxtlar Murat Bozu dinləməyə başlamışam. Klassik estradada ən çox sevdiyim Emin Sabitoğlunun bəstələridir. Məncə, onun bəstələrini musiqimizdən götürsək, çox böyük bir boşluq yaranar. Yerli müğənnilərdən Röya, Aygün, Emin və Miri Yusifin yeni çıxan mahnılarını dinləyirəm. F.Ağayevin “Səni əvəz eləmir” yeni versiyasını çox bəyəndim.

– Bir aparıcı kimi TV məkanında nələri fərqli görmək istəyərdiniz?

– Belə bir səlahiyyətim yoxdur, ancaq çox şeyləri dəyişmək istəyərdim. Kanallarımızda dünya səviyyəsində olan keyfiyyətli proqramlar görmək istəyərdim. Müğənnilərin, hər gün eyni simaların efirə çıxmasını, şəxsi problemlərini ortaya tökməsinin qarşısını alardım. Bunlar birbaşa cəmiyyətə sirayət edir. Tamaşaçı elə bilir ki, efir, jurnalistika elə bundan ibarətdir. Onu da qeyd edim ki, artıq bir neçə ildir müğənnilər televiziyada görünmürlər. Müxtəlif rəngarəng proqramlar yayımlanır. Düşünürəm ki, bir neçə ilə daha da yaxşı olacaq.

– Bildiyimə görə, kitab oxumaqla aranız yaxşıdır. Ən sevimli yazarınız və əsəriniz hansıdır?

– Kitab oxuyan adamlar bir yazıçını və ya əsəri ən sevimlisi edə bilməzlər. Ola bilər ki, hansısa yazıçıdan daha çox təsirlənsinlər, amma bunu digərindən fərqləndirmək ədalətsizlikdir. Mən Q.Q.Markez, Çexov, Orhan Pamuk, Dostoyevski oxuyuram. Bunların hamısı möhtəşəmdir, lakin hər hansı bir əsərin adını çəkmək çox çətindir. Mənə ən yaxın əsərlər Q.Q.Markezin “Yüz ilin tənhalığı” və Dostoyevskinin “Cinayət və Cəza”sıdır. Orhan Pamukun əsərlərini, yazı dilini çox sevirəm. “Yeni hayat”, “Masumiyyet muzesi” bəyəndiklərimdəndir. “Nobel” mükafatı alanda onun nitqi kitab halında çıxıb və “Babamın bavulu”adlandırılıb. Möhtəşəm əsərdir.

– Paylaşımlarınızı “danishanadam” həştəqi ilə edirsiniz. Bəs indiyədək nəyi danışa bilməmisiniz?

– Əslində “danışan adam” mənim üçün nisbi anlayışdır. Haradasa bir az ironiyadır, sarkazmdır. Dörd il əvvəl xatırlamaq istəmədiyim bir hadisə baş vermişdi. Heç bir həmkarım reaksiya vermədi. Mən fikirlərimi bildirdim və sonuna “danışan adam” yazdım, çünki əsəbi idim. Hamı danışır, əslində isə çoxları danışa bilmir. Danışmaq sadəcə sözləri, cümlələri ard-arda düzmək deyil, hədəfə vura bilməkdir, kütləyə fikrini çatdıra bilməkdir. Onda sənin danışdığının mənası olur. “Danışan adam” hələlik danışmayıb.

– Aparıcılıqdan bezdiyiniz anlar olub?

– Olub. Bəzən elə sosial çətinliklər olur ki, adam öz işindən bezir. Anam məni həmişə iqtisadçı kimi görmək istəyib. Onun arzusu idi ki, mən qalstuk taxıb, kostyum geyinim, bankda kredit verim. Hərdən özüm də fikirləşirəm kaş bankda işləyərdim, amma sonra ağlıma gəlir ki, insanların əsəbi olmağına səbəb olacaqdım. Deyəcəkdilər, bu qədər faizlə kredit vermək olar?

– Son zamanlar aparıcılar, hətta prodüserlər də müğənnilik edir…

– İndi bacara bilən və bilməyən hamı oxuyur. Onları qınamıram, çünki kütləvi toy bazarı var. Hər kəs asan pul qazanmaq istəyir, ona görə də müğənni olmağa can atır. Bunu görüb 65 yaşlı, görkəmi də xeyli yerində olan nənəmə dedim ki, gəl sənə bir yaxşı mahnı yazdıraq, çıxaraq efirə, oxu (gülür). Bütün bunlar isə Azərbaycan musiqinin gələcəyəni sual altında qoyur. Biz gələcəkdə tarix kitablarına nə yazacağıq? Mən saytınız vasitəsilə üzümü tutub soruşuram, 60-70 il sonra bu kitablarda hansı estrada müğənnimizin adı gedəcək? Xüsusi tənzimləmə forması olmalıdır. Bu mütləqdir.

– Toylarda və şou-proqramlarda niyə aparıcılıq etmirsiniz?

– Düşünürəm ki, aparıcı-jurnalistin səhnəsi studiyası, verilişi və onun məqaləsidir. Mən toya getsəm o tribunanı, kütləni itirərəm, toy məni kiçildər. Demirəm toya gedənlər kiçilir və onlara pis baxıram. Allah hamının ruzisini versin. Mən 100-200 manata niyə toya gedim ki? Ciddi məbləğ olsa təbii ki gedərəm. Amma 200 manata toya gedib, yalandan gəlib deyə bilmərəm ki, 2000 min manata toy aparmışam.

– Eyni layihədə yer almaq istədiyiniz aparıcı var?

– Bizə örnək insanlar var. Murad Dadaşov, Nərgiz Cəlilova və Kamilə Babayeva ilə eyni proyektdə yer almaq istəyərdim. Adını çəkdiyim insanların efirdəki danışıq tərzini çox bəyənirəm.

– Yorğunluğa və aclığa dözümünüz necədir?

– Mən 28 ildir yorğunam, ac olmağa da dözümüm var. Ancaq öləcək həddə çatana qədər ac qalmaq istəmərəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir