bina

Türkiyədə inşaat bazarında qiymət artımı olarsa, bizim ölkəmizə də təsir edəcəkmi?

Baxış sayı: 551

Fevralın 6-dan qardaş Türkiyədəki acı xəbərlər gündəmdədir. Güclü təkanlar nəticəsində ölkəyə çox böyük ziyan dəyib, xeyli sayda insan itkisi var. Dəymiş ziyanın aradan qaldırılması, şəhərlərin yenidən bərpası üçün maddi vəsait ayrılıb. 1 il müddətinə bərpa işləri aparılması planlaşdırılır. Bu isə növbəti 1 il ərzində Türkiyədə tikinti materiallarına tələbatın böyük həcmdə artacağı deməkdir. Nəzərə alsaq ki, Azərbaycana da Türkiyədən tikinti materialları idxal olunur, bu proseslər yəqin ki, bizə də təsirsiz ötüşməyəcək. Əgər Türkiyədə inşaat bazarında qiymət artımı olarsa, bu, bizim ölkəmizə də təsir göstərərmi? 

 

Türkiyənin yetəri qədər resursu var

Əmlak və tikinti materialları üzrə ekspert Elnur Azadov dedi ki, Türkiyədə tikinti malları bazarında qiymət artımı müşahidə oluna bilər: “Türkiyədə inşaat istehsalı, satışı ilə məşğul olan şirkətlər proseslərdə aktiv iştirak etməkdə maraqlıdırlar. Çox güman ki, böyük tələbat nəticəsində qiymət artımı müşahidə olunacaq. Amma Türkiyə çox böyük və zəngin ölkədir, böyük resursları da var. Beton, sement, armatur kimi uzaq məsafədən daşınması sərf etməyən mallara ehtiyac olmayacaq. Yalnız bəzi bəzək materialları, mebel, elektrik avadanlıqları, kabellər, əşyalar Çin kimi ucuz mal istehsal edən ölkələrdən Türkiyə bazarına çıxarıla bilər”.

Problem olsa, alternativ bazarlar axtaracağıq

E.Azadov bildirdi ki, Türkiyənin Azərbaycanın tikinti materiallarına ehtiyacı yoxdur: “Türkiyədə materialların qiymətinin qalxması bizə alternativ bazarlar axtarmaq üçün yol açacaq. Türkiyədə bəzi inşaat materialları bahalaşacaqsa, biz onları İran, Çin, Rusiya kimi ölkələrdən ixrac edəcəyik. Lakin qiymət artımının bizim tikinti malları bazarında da hiss ediləcəyini düşünmürəm. Azərbaycanda istehsal olunan inşaat materialları Türkiyədəkindən daha üstün deyil. Çünki bizim və Türkiyənin inşaat materialları bazarı müqayisə oluna bilməz. Onlarda həm say çoxdur, həm keyfiyyət yüksəkdir, həm qiymət daha əlverişlidir. Ona görə Azərbaycanın Türkiyəyə hər hansı inşaat, bəzək materialları ixrac edəcəyini düşünmürəm”.

 

Yeni tikilən binalarda satış 20-30 faiz azalıb

Ekspertin sözlərinə görə, Türkiyədəki zəlzələdən sonra Azərbaycanın daşınmaz əmlak qiymətlərində artım gözlənilmir: “Türkiyədə baş verən zəlzələdən sonra tikinti şirkətlərimizdə satış aktivliyi az da olsa düşəcək. Artıq müəyyən qədər düşüb. Hazırda yeni tikilən binalarda satış 20-30 faiz azalıb. Belə məlumatlar yayılıb ki, binaların dayanıqlılığı yoxlanılacaq. Bu proses başlayarsa, həmin ərəfədə satış ciddi şəkildə düşəcək. İnşaat materiallarının qiyməti arta bilər. Amma daşınmaz əmlak qiymətlərinin artmasını heç gözləmirəm”.

 

Əsas tikinti materiallarında Türkiyədən asılı deyilik

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, Azərbaycanın Türkiyədən gələn tikinti materiallarından elə də asılılığı yoxdur: “Bərpa işlərinin sürətlə aparılması həmin ərazidə tikinti materiallarına tələbatı artıracaq. Bu, qiymət artımına gətirib çıxara bilər. Lakin Azərbaycanın tikinti materialları daha çox Rusiyadan gətirilir. Tikintidə istifadə olunan dəmir, alüminium, armatur, mismar, dəmir dam örtükləri, şiferlər, digər taxta məhsullarının demək olar ki, hamısı Rusiyadan, bir hissəsi isə Ukraynadan gəlirdi. Azərbaycanın özü də tikinti materialları istehsal edir. Tikintidə ən çox istifadə olunan materiallar olan beton, sement öz zavodlarımızda istehsal olunur. Betonda istifadə olunan çınqıl daşları Azərbaycanın öz məhsuludur. Ölkəmizdə çay tipli yataqlar çox olduğuna görə çınqılla bağlı problemimiz yoxdur”.

E.Fərzəliyev qeyd etdi ki, tələbat artarsa, çatdırılmada problemlər ola bilər: “Türkiyədən mətbəx mebelləri, avadanlıqlar, isitmə-soyutma cihazları və digər tikintidə istifadə olunan mallar idxal olunurdu. Yalnız onlarda qiymət artımı ola bilər. Əgər orada tələbat artarsa, Türkiyədə qiymət artımı, yaxud çatdırılmada problemlər ola bilər. Azad olunan torpaqlarımızda aparılan tikinti işləri, yeni yolların, infrastrukturların çəkilməsi bazarımıza elə də böyük təsir etməyibsə, Türkiyədəki hadisələr də qiymət artımına gətirib çıxara bilməyəcək”.

Türkiyəyə daha çox Rusiyadan tikinti materialları gedəcək

Ekspert bildirdi ki, Azərbaycan da Türkiyəyə dəstək ola bilər, amma Rusiyanın rolu daha çox olacaq: “Ölkəmizdə istehsal olunan tikinti materiallarına tələb olarsa, Azərbaycandan da ixrac oluna bilər. Düzdür, bizdəki materiallardan artıqlaması ilə Türkiyədə də istehsal olunur. Amma dağıntı həddindən artıq böyükdür, qısa vaxt ərzində böyük ərazilər tikilməlidir, şəhərlər yenidən salınmalıdır deyə, oranın istehsalı kifayət etməyə bilər. Amma Rusiyadan Türkiyəyə daha çox tikinti materialları gedəcək. Çünki tikintilərdə istifadə olunan dəmir, armatur materiallar ən ucuz və bol Rusiyadadır”.

 

Təmirli evlərin satış qiyməti bahalaşa bilər

E.Fərzəliyevin sözlərinə görə, bahalaşma olarsa, daha çox təmirli mənzillərdə ola bilər: “Bəzi tikinti materiallarının qiymətindəki artım daha çox təmirli evlərin satış qiymətinə təsir edə bilər. Çünki təmirsiz mənzillərdə istifadə olunan bütün tikinti materialları yerli və daha çox Rusiya istehsalı olan mallardır”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir