biznes

Uğurlu biznesi necə qurmaq olar?

Baxış sayı: 522

Dünya praktikası göstərir ki, azad sahibkarlıq dövlətin və cəmiyyətin gələcək inkişafında əhəmiyyətli rola malikdir. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daim qayğı göstərilir. Bu məqsədlə sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli məhsulların istehsalı ölkə Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Azərbaycanın indiyədək bu sahədə əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapıb.

Maraqlıdır, görəsən Azərbaycanda uğurlu biznes qurmaq üçün hansı addımları atmaq lazımdır? Hansı sahədə iş qurmaq daha perspektivlidir?

Qeyd edək ki, mütəxəssislər bu məsələdə ilk növbədə sahibkarlıq fəaliyyəti zamanı görəcəyiniz işin düzgün və hərtərəfli planlaşdırılmasını tövsiyyə edrlər. Onların fikrincə, biznesin düzgün planlaşdırılması uğurlu fəaliyyətin təməlidir. Eyni zamanda, perspektivli iş qurmaq üçün həmin sahəyə dərindən bələd olmaq lazımdır. Adətən, kiçik sahibkarlıqla məşğul olan şəxslər təcrübəsi və bacarığı olan sahələrdə fəaliyyət göstərirlər. Misal üçün, kənd təsərrüfatı sahəsində müvafiq bilik və təcrübəyə malik olan şəxslər sahibkarlıq fəaliyyətini bu istiqamətdə qurması onlara digər təcrübəsiz rəqiblər qarşısında bir sıra üstünlüklər verir. Eyni zamanda, biznesinizin uzunömürlü olması üçün bazarın ciddi şəkildə təhlil edilməsi vacib sayılır. Mütəxəssislər bildirirlər ki, bu mərhələdə sahibkar təklif edəcəyi məhsulun potensial müştərilərinin sayı, oxşar məhsul (iş, xidmət) təklif edən rəqib sahibkarlar barədə məlumatları təhlil edir və əldə etdiyi məlumatlar əsasında müvafiq qərarlar verir.

Biznesi ətraflı planlaşdırdıqdan sonra sahibkarlıq fəaliyyətinə başlamazdan əvvəl sahibkar ilk növbədə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalı, fəaliyyətinin maliyyələşdirilməsi üçün maliyyə vəsaitinin cəlb edilməsi tələb olunduğu halda, onun əldə edilməsi ilə bağlı müvafiq tədbirlər görməli, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı isə əldə etdiyi gəlirdən vergiləri hesablamalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir. Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər.

Onu da qeyd edək ki, ölkədə sahibkarların işgüzar aktivliyinin artırılması, onlara zəruri nəzəri biliklərin verilməsi, vərdişlərin və bacarıqların aşılanması istiqamətində, digər dövlət orqanları ilə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Maliyyə Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə, habelə sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən işgüzar şəxslərlə biznesə necə başlanılması, vergilərin və sosial sığorta ayırmalarının hesablanması və ödənilməsi, vergi və mühasibat uçotunun aparılması istiqamətində maarifləndirici görüşlərin, treninqlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər həyata keçirilir.

biznes

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirir ki, sahibkar deyəndə qaydalara riayət edən və rəqabət şərtlərini düzgün şəkildə icra edən, ədalətsiz, haqsız rəqabətə girişməyən sahibkarlıq subyektləri nəzərdə tutulmalıdır: “Rahat biznes qurmaq üçün qaydalara əməl etmək lazımdır. Əgər sahibkarlıq subyektləri biznesə və sahibkarlığa yaraşmayan yollarla müəyyən addımlar atırlarsa, onlara qarşı mübarizə aparılmalıdır. Çünki, nümunəvi olan və qaydalara riayət edən sahibkarlar o mühitin tamamilə şəffaflığını anlamalıdırlar ki, bu onların xeyrinə işləyir, onların da əsas vəzifəsi işlərini gözəl bir şəkildə qurub, yalnız üzərlərinə düşən vergi və sosial ödəmələri həyata keçirmələridir. Yaxşı olar ki, nümunəvi sahibkarlıq subyektlərinin reytinqi müəyyənləşdirilsin və nümunəvi vergi ödəyicisi və nümunəvi sahibkarlar kimi cəmiyyətə elan olunsunlar. Bu, sahibkarların işinə böyük qiymət olacaq. İkinci məsələ, “kölgə iqtisadiyyatı”nda mövcud olan “işbazlar”a qarşı və onların “kölgə”dən çıxarılması istiqamətində iş aparılmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir