psixoloq

Universitetlərdə də psixoloq olacaq: NƏLƏR DƏYİŞƏCƏK?

Baxış sayı: 1. 013

“Məktəb dəhlizində o baş, bu baş gəzib, yerli və yersiz qışqıran “psixoloqların” günahı ucbatından indi məktəblərimizin vəziyyəti acınacaqlıdır. Buna səbəb fənn müəllimlərinin ixtisasartırma ilə psixoloq olaraq məktəblərdə işləməsidir”.

Bu sözləri mövzu ilə bağlı açıqlamasında psixoloq Sevinc Baxışova deyir. Mütəxəssis bildirir ki, çoxlarına elə gəlir ki, psixoloq olmaq asandır, ancaq bu belə deyil:

“Orta məktəblərdə bir hadisə baş verdiyi zaman ilk olaraq psixoloq, onun fəaliyyəti yada düşür. Əslində burada yaranan suallar isə haqlı olur. Belə ki, məktəb psixoloqları öz işlərini xüsusi üsullarla (psixokarreksiya, psixokonsultasiya, psixodiaqnostika, koqnitiv terapiya və s.) həyata keçirməlidirlər, ancaq bu çox vaxt belə olmur. Bəzi məktəblərdə var ki, orada işləyən psixoloqların nə ayrıca otağı, nə də ki, metodiki vəsaiti yoxdur. Bütün sadaladığım amillər məktəblərdəki psixoloq probleminə səbəb olur.

Düşünürəm ki, tərbiyənin 80 %-i tədris müəssisələrinin payına düşür. Məktəblərdə isə uşaqların sayı ilə psixoloqların sayı düz gəlmir. Bundan başqa uşaqlarla birlikdə müəllimlərin də gərgin iş rejimindən sonra yorulması olur ki, zənnimcə onlara da psixoloji xidmət göstərilməlidir”.

Psixoloq qeyd edir ki, ali məktəblərdə psixoloji xidmət göstərilsə, bu proseslərin xeyrinə cərəyan edəcək:

“Belə ki, qəbul imtahanlarındakı stressdən sonra tələbələri yeni imtahanlar gözləyir. Onlar isə universitetdəki imtahan şəraitinə alışmadıqları üçün bəzən problemlə qarşılaşa, imtahandan kəsilə bilirlər. Uğursuz nəticələr isə bəzən bir çox xoşagəlməz hadisələrə səbəb olur. Buna görə də bu çox lazımlı yenilik olacaq. Həmçinin ali məktəblərdə psixoloji xidmətin göstərilməsi ümumi işin keyfiyyətinin qalxmasına, fərdlərin şəxsi daxili rahatlığına, həm də faydalı iş əmsalının artmasına səbəb olacaq.

Qeyd edim ki, əksər ölkələrdə uşaq bağçalarında, orta məktəblərdə və ali məktəblərdə psixoloji xidmət yüksək səviyyədə göstərilir. Bizdə isə bunlar olmadığı üçün problemlər qalmaqdadır. Ümid edirəm ki, bütün bunlar ölkəmizdə də tətbiq ediləcək və bu sahədə problemlər aradan qalxacaq”.

Xatırladaq ki,Azərbaycanın ali təhsil müəssisələrində psixoloji xidmət göstərilməsi gözlənilir. Belə ki, bununla bağlı yeni hazırlanan “Ali təhsil haqqında” Qanun layihəsinə “Ali təhsil müəssisəsində psixoloji xidmət” adlı maddə əlavə edilib və sözügedən qanun layihəsi iyulun 2-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə ediləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir