urek

Ürəyin işemik xəstəliklərinə səbəb olan amillər

Baxış sayı: 495

Statistikaya görə, dünyada, o cümlədən Azərbaycanda ölümlə nəticələnən xəstəliklər arasında ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına görə, yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri ilə əlaqədar baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68 faizinə bərabərdir.

Əvvəllər 30-35 yaşa qədər şəxslər infarktla çox az hallarda həkimə müraciət edərdilərsə, indi həmin yaş həddi 20-yə qədər düşüb. Gənclər ürək xəstəliklərini yaşı çox olanlara nisbətən daha çətin keçirirlər. Ürək və qan-damar xəstəliklərinin bir çox əlamətləri var. Onları hiss etdikdə dərhal müayinə olunmaq vacibdir.

Həkim-kardioloq Qalib İmanov deyir ki, ürək xəstəlikləri daha çox fiziki və emosional gərginlik zamanı baş verir. Pilləkən çıxarkən sinənin orta hissəsində göynəmə, yanma şəklində ağrı hiss edə bilər. Həmin ağrı hərəkətə başlayarkən yaranır, hərəkət artdıqca ağrı artır, dayanarkən ağrı azalır, keçir və yaxud davam edir. Bundan başqa təngnəfəslik, ağrı və təngənəfəsliklə yanaşı olan tərləmə şikayəti, həmin fonda təzyiqin yüksəlməsi, ürəkdöyünmə şikayəti əsasən kardioloji şikayətlərin ilkin əlamətləridir.

Ürəyin işemik xəstəliklərində irsi və yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirənlərin tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları vacibdir. O cümlədən piylənmədən əziyyət çəkənlər, şəkərli diabet, zərərli vərdişləri olanlar, yaşlılar, qanı tez laxtalanan, xolesterini yuxarı olanlar da əsas risk qrupu hesab edilir.

“İrsi səbəblərdən kimdəsə ürəyin işemik xəstəlikləri varsa, onun ailədə təkrarlanma ehtimalı artır. Ona görə də zərərli vərdişlərdən, spirtli içkilərdən uzaq durmaq məsləhət görülür. Onlar siqaret çəkməmək, alkoqol qəbul etməməklə yanaşı öz çəkilərinə, gündəlik fiziki aktivliyinə nəzarət etməlidirlər”, – deyə həkim-kardioloq bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir