usaq

Uşağınızı pis vərdişlərdən çəkindirmək istəyirsinizsə…

Baxış sayı: 1. 183

Hər bir valideynin uşaqları ilə bağlı öz arzuları var. Ən böyük arzumuz isə uşağımızı yalan nədir bilməyən, hər işində doğru olan, məsuliyyətini dərk edən, ətrafındakılara hörmətlə yanaşan, özünə inamı olan bir insan kimi görməkdir. Əgər uşağımızın xoşagəlməz vərdişlərdən uzaq olmasını istəyiriksə, ona tərbiyə verərkən diqqətli olmalıyıq.

Bir valideyn kimi ən çox yol verdiyimiz səhvlərdən biri isə uşağımızın mənfi hərəkətlərini gördüyümüz qədər müsbət hərəkətlərini görməməyimizdir. Ona görə də, uşağımızda xoşagəlməz bir hərəkət gördükdə bunu dərhal onun üzünə vurmamalıyıq. Çünki yalan danışan uşağa “Yalan danışma!”, kobudluq edən uşağa “Kobulduq etmə!” demək onu bu hərəkətlərdən çəkindirmək əvəzinə daha da təhrik etmək deməkdir. Hətta, bu hərəkətlər tədricən uşaqda pis vərdişə də çevrilə bilər. Üstəlik, uşaqda “Necə olsa, mənə yalançı, kobud və s. deyirlər” düşüncəsi formalaşar. Halbuki uşağımızdakı pis hərəkətlərin qarşısını almaq üçün bu hərəkətlərin əksi olan yaxşı hərəkətlərdən istifadə etməliyik. Yəni, “Yalan danışma!” demək əvəzinə “Düz danışanda səninlə fəxr edirəm” demək uşağa daha yaxşı təsir göstərər.

Bundan başqa, uşağınızın hərəkətlərini müşahidə edərkən ən kiçik müsbət hərəkətini belə qiymətləndirmək pis olmaz. Məsələn, uşağınız otağını az da olsa, yığışdırmışsa, bunu diqqətdən qaçırmayın və ən azı razılığınızı bildirərək, bu hərəkətin gələcəkdə də davam etməsinə imkan verin. Ancaq bu cür onları pis hərəkətlərdən uzaqlaşdıra və yaxşı hərəkətlərə istiqamətləndirə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir