BAGCA

Uşaq bağçalarına qəbulun elektron olması nəyi dəyişəcək?

Baxış sayı: 189

Məktəbəqədər təhsil müəssisələrinə qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır.

 

Bağçalarda elektron qəbula nə vaxtdan başlanılacaq?

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyir. Şöbə müdirinin sözlərinə görə, mərhələli şəkildə bölgələr üzrə qəbul olacaq: “İlk olaraq Bakı, Sumqayıt, Abşeron və Gəncə üzrə olacaq. Sentyabr ayına qədər ölkə üzrə bağçalara uşaq qəbulu elektron şəkildə təmin ediləcək”.

 

Köhnə uşaqlar yenidən qeydiyyatdan keçəcəkmi?

Qeyd edək ki, uşaq bağçalarında bu günədək qeydiyyatda olan uşaqların yeni yaradılan elektron sistemdən keçməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, həmin uşaqların adı bağçaların rəhbərliyi tərəfindən sistemə salınacaq: “Yəni həmin uşaqların adlarının təkrar sistemə işlənməsinə ehtiyac yoxdur. Yeni yaradılacaq sistemdə qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunduğundan məsləhət görürük ki, doğum şəhadətnaməsi ilə qeydiyyatda olan uşaqlara yeni şəxsiyyət vəsiqəsi alınsın.

Bəs görəsən uşaq bağçalarına qəbulun elektron olması bağçaya uşaq qəbulunda rüşvət hallarının qarşısını ala biləcəkmi?

 

Direktorların bəhanəsi bitəcək!

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirir ki, uşaq bağçalarına qəbulun elektronlaşdırılması məktəbəqədər təhsil müəssisələrinin direktorlarının “bağçada yer yoxdur” bəhanəsini aradan qaldıracaq. Həmsöhbətimiz deyir ki, elektron qəbul insan faktorunu aradan qaldırır. Loru dildə desək, müxtəlif şəxslərin “tapşırığı” ilə bağçalara qəbulun qarşısını alacaq. Bu isə bağçalara uşaqların qəbul olunmasına bərabər imkanlar yaradacaq.

Şura sədri deyir ki, uşaqlar üçün bərabər imkanların yaradılması vacib amildir. G. Səfərova deyir ki, hazırda bağçaların sayı kifayət qədər deyil. Onun sözlərinə görə, bu uşaqların erkən yaşda uşaqların təhsilə cəlb olunmasına mane yaradır.

 

Bağçaya qəbulda rüşvətə son qoyulur?

Həmsöhbətimiz deyir ki, uşaq bağçalarına qəbulda rüşvət amilinin olduğu danılmaz faktdır: “Uşaqların kimlərinsə tapşırığı ilə bağçaya götürülməsi, yaxud da pul verəndə bağçada uşaq üçün yerin olmasını heç kəs dana bilməz. Çox təəssüf ki, belə hallar uşaqların bağçalara qəbulunda ayrıseçkilik yaradır. İqtisadi və sosial vəziyyətinə görə bəzi uşaqlar bağçaya qəbul olunmurdular. Hesab edirəm ki, uşaq bağçalarına qəbulun elektronlaşdırılması rüşvət faktorunun qarşısını alacaq”.

G. Səfərova bağçalarda uşaqların qidalanmasına da nəzarətin gücləndiriləcəyini söyləyib. Onun sözlərinə görə, uşaq bağçalarında uşaqların normalara uyğun qidalanması ilə bağlı da problemlər var.

Şura sədri deyir ki, təlim-tərbiyə ilə yanaşı tədrisin də təşkili gücləndirilməlidir. O, bildirir ki, uşaq bağçayayeyib-yatmaq üçün gəlmir. Həmsöhbətimiz deyir ki, bağçalar uşaqların məktəbə hazırlığı ilə məşğul olmalıdırlar.

 

“Bağçalarda qanunsuz yığımlar var”

G. Səfərova bağçalarada qanunsuz yığımların da qarşısının alınmalı olduğunu bildirir. Şura sədri deyir ki, hazırda bağçalarda aylıq olaraq valideynlərdən qanunsuz ödənişlər tələb olunur. Bu aradan qaldırılmalıdır.

USAQ BAGCASI

Bəs şiddət halları?

Bağçalarda neqativ halların qarşısını almaq üçün Təhsil Nazirliyi nəzarəti gücləndirməlidir. Bağçalarda zorakılıq hadisələrinin baş verməməsi üçün dövlət bağçalarına kameralar quraşdırılmalıdır. Bu böyük maliyyə tələb etdiyindən, ona qədər nəzarət mexanizmi olmalıdır.

 

Bağçalar Təhsil Nazirliyinin balansına verildi

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.

Təhsil Nazirliyi tərəfindən uşaq bağçalarının müdirləri barədə müsbət qərar verilib. Nazirlikdən verilən məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib.

Qeyd edək ki, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq. Məlumat üçün bildirək ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir