xeste ushaq

Uşaqlar niyə tez-tez xəstələnirlər?

Baxış sayı: 753

Uşaqlarınıza nə qədər yaxşı qulluq etsəniz də, ani bir soyuq, xəstə uşaqla təmasda olmaq onu da xəstələndirir. Belə problemlər daha çox 0-10 yaş arası uşaqlarda müşahidə olunur. Mütəxəssislərə görə, bu yaşlarda olan uşaqlarda immunitet sistemi tam formalaşmadığından, onlar daha tez-tez xəstələnirlər.

ABŞ Pediatrlar İttifaqının məlumatına görə, azyaşlı uşaqların ən çox xəstələnməsinə badamcıqlar, burunda olan artıq ət səbəb olur. Belə ki, immunitet sistemində əhəmiyyətli rolu olan badamcıqlar bədəni üst tənəffüs yollarından daxil olan mikroblara qarşı nə qədər qorusa da, bəzi hallarda uşağa fayda deyil, zərər verir. Badamcıqlar ürək və oynaq revmatizmi, böyrək xəstəlikləri, ağız qoxusu, nəfəs alma və s. bu kimi problemlərər səbəb olur. Buna görə də, çox zaman mütəxəssislər bu artıq ətləri kəsdirməyi məsləhət görürülər. Əgər uşaqda son ildə 3 dəfədən artıq badamcıq iltihablanması müşahidə edilirsə, yuxuda tənəffüs dayanması, həddən artıq böyük badamcıq problemi ilə nəfəs alma çətinliyi, badamcıqlardan birində digərinə nisbətən böyümə müşahidə edilirsə, cərrahi müdaxilə mütləq hala çevrilir.

Burun əti bəzi uşaqlarda burun tıxanması, udma və danışma problemi, xor görmə, gecə nəfəs almada çətinlik və hətta nəfəs dayanmasına səbəb ola bilir. Pediatr İlhamə Qurbanovanın sözlərinə görə, uşaqlarda tez-tez xəstələnməyə səbəb olan digər bir problem də orta qulaqda maye yığılmasıdır. “Qulaq pərdəsinin arxa qismində olan orta qulaq üst boru sayəsində hava alır. Ancaq qulaq hava ala bilmədiyi təqdirdə pərdədə çökmə əmələ gəlir. Bu zaman uşaqda tez-tez xəstələnmə eşitmə problemləri yaradır”.

Mütəxəssislərin fikrincə, uşaq məktəbə və baxçaya gedirsə, ildə 10 dəfə xəstələnmək normal qarşılana bilər. Ancaq bəzi uşaqlar ayda 2-3 dəfə xəstələnir. Valideynlər bu xəstələnmələrin qarşısını almağa çalışsalar da, ürəkaçan nəticə əldə edə bilmirlər. Həkim məsləhət görür ki, uşaq belə tez-tez xəstələnirsə, ilk növbədə valideyn özünü ələ almalıdır. Valideynin təlaşı uşağın psixoloji vəziyyətinə təsir edə bilir. “Buna görə də, uşağınız xəstə olan zaman nə qədər təlaşlı olsanız da, bunu ona büruzə verməyin. Bol-bol maye içməyini təmin edin, istirahət etməsi üçün şərait yaradın, ancaq başına fırlanmayın”.

Müsahibimizin dediyinə görə, soyuqdəymənin yoluxmasının qarşısının alınmasında ən əhəmiyyətli faktor təmizlikdir. Xəstə uşağın və ona baxan şəxsin əlləri hər zaman təmiz olmalıdır. “Xüsusilə uşağın burnunu təmizlədikdən sonra özünüzün də, uşağın da əllərini təmiz yuyun”.

Həkim bildirir ki, bəzi uşaqlarda infeksiyaların təkrarlanması baş verir. Buna səbəb siqaret tüstüsü, evdə məktəbə gedən qardaş-bacının olması, yatmış vəziyyətdə əmzik sorma ola bilər. Uşaq doğularkən ona anadan immunoqlobin keçir (mikroblara qarşı), uşaq 5-6 aylıq olduğu zaman bu azalır və bundan sonra 5 yaşa qədər olan dövrdə uşağın immun sistemi özü immunoqlobin istehsal etməyə başlayır. Bəzən bu immunoqlobinlər uşaq üçün kafi görünsə də, onların normal fəaliyyəti 6 yaşından sonra başlayır. Amma bu yaş bütün uşaqlar üçün eyni deyil və bəzi uşaqlarda bu dövrə qədər dəmir əskikliyi anemiyası müşahidə oluna bilər.

İ.Qurbanovanın sözlərinə görə, uşağın immun sisteminin zəif olmasında valideynlərin də məsuliyyəti var. Qohum evlilikləri, qeyri-kafi bəslənmə və s. bu kimi hallar uşağa böyük təsir edir. Buna görə də tez-tez xəstələnən uşaqlar müayinə edilərkən ailə əhvalatından tutmuş, doğum tarixçəsinə kimi hər şeyə nəzər salmaq lazımdır. “Əgər uşağınızın problemini bilmirsinizsə, onun tez-tez xəstələnməsindən yorulmusunuzsa, ən azından övladınızın qidalanmasına diqqət yetirməyə başlayın. Zorla yedirtməyin, amma yeməsə də əl çəkməyin. Nəzərə alın ki, pis qidalanan, tənəffüs yolu və dəri allergiyaları, kistik fibrozis, Daun sindromu, Otoimmun xəstəliklər, şəkər xəstəliyi, ağır yanıq və HİV infeksiyaları olan uşaqlar (valideyin xəbərsiz də ola bilər) daha tez-tez xəstələnir və gec sağalırlar. Uşğınız tez-tez xsətələnirsə, onu bircə dəfə ümumi müayinə etdirin, qan testləri verin. Əgər uşaqda sadalanan hallar müşahidə edilmirsə, o zaman özünüz uşağın həkimi ola bilərsiniz”.

 

İradə Cəlil 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir