cinayetkar

Uşaqların gələcəyi qurmağa yox, həbsxanaya yollanmasının səbəbləri nələrdir?

Baxış sayı: 157

Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb. Trend-in məlumatına görə, ötən il Azərbaycanda 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayətə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub. Ötən il ümumilikdə 13 733 nəfər məhkum edilib. Onların 13 147-si kişilər, 586-sı qadınlar olub. Cinayət törətmiş şəxslərin 486-sı 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442, 2015-ci ildə 477, 2010-cu ildə 439 olub. 2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 532 cinayət (2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) törədilib.

 

Hər nə qədər şablon səslənsə də, uşaqlar həqiqətən  bizim gələcəyimizdir. Əgər bu gün onlar yanlış yönə, yanlış  əmələ meyl edirlərsə, bunun günahını təkcə onların üstünə ata bilmərik. Gələcəyimiz hesab olunanların gələcəyi qurmağa yox, həbsxanaya yollanmasının səbəbləri nələrdir? Ümumiyyətlə, onları qorumaq üçün nələr edilməlidir?

 

Uşaq Hüquqları müdafiə Liqasının sədri Yusif  Bəkirov deyir ki, problemin kökündə bəzi ailələrdə sosial vəziyyətin ağır olması dayanır: “Bununla bağlı hal-hazırda cəmiyyətdə deqradasiya prosesi gedir. Təhsil ala bilməyən şagirdlər cinayətə daha çox meylli olurlar. Aydın məsələdir ki, uşaqlar öz hüquqlarını bilməlidirlər. Məhkum olunan uşaqlar öz hüquqlarını, vəzifələrini bilmir, bu haqda məlumatsızdırlar. Ona görə də maarifləndirmə işi aparılmalı, məktəblərdə uşaqlara təlimlər keçirilməlidir. Bəzən uşaq etdiyi səhv hərəkətin nəticələrinin nə olacağını əvvəlcədən müəyyənləşdirə bilmir. Uşaqlar dərk etməlidirlər ki, hər bir hərəkətə görə məsuliyyət daşıyırlar və məhkum oluna bilərlər. Həmçinin, məhkum olunan uşaqların vəziyyəti haqqında onlarda təfəkkür formalaşmayıb. Onlar məhkum olunan uşaqların hansı şəraitdə yaşadığını təsəvvür edə bilmirlər. Uşaqlara bu məsələlərlə bağlı məlumat verilməlidir”.

 Uşaqları gələcəyə yox, cəmiyyətdən təcridə aparan “yol”

Sosioloq Cavid İmamoğlu söylədi ki, yeniyetməlik özünəməxsusluğu ilə xarakterizə olunan bir dövrdür: “Bu dövrdə gənclər ailəsi, təhsil aldığı idarə, yaxud da dostları ilə münasibətdə problem yaşaya bilir. Amma bu da qızlar və oğlanlara görə dəyişir. Statistikaya əsasən, məhkum edilən yeniyetmələrin əksəriyyəti oğlanlardır. Qızlar arasında bu hal demək olar ki, müşahidə olunmur. Bu da oğlanlara ailədə və cəmiyyətdə verilən sərbəstlikdən irəli gələn bir məsələdir. Nəticədə yeniyetmə oğlanlar ciddi səhvlərə yol verir və məhkum olunurlar. Bəzən valideyn öz oğluna hədsiz sərbəstlik verir və bununla da fəxr edir. Əslində bu, heç də alqışlanası hal deyil. Ana-ata övladı ilə bacarmayanda, onun istədiklərini etməyə məcbur olur. Valideyn var ki, gənc yaşlarında uşaqlarına maşın, bahalı mobil telefonlar alır. Bunu etməklə, valideyn istəyir ki, uşaq onu narahat etməsin. Belə uşaqlar cinayətə meylli olurlar. Onların hansısa istəyi yerinə yetirməyəndə, cinayətə təşəbbüs göstərirlər. Bu da onunla bağlıdır ki, yeniyetməlik yaş dövrü Azərbaycanda dərindən araşdırılmayıb. Məktəblərdə psixoloqlar yeniyetmələrlə lazımi qədər iş aparmır. Həmçinin, valideynlər öz övladlarına dəstək olmalıdır. Bu yaşda gənclər zərərli vərdişlərə, narkotikə meylli olurlar. Bəzən hətta qanunla münaqişədə olan qruplarla bir arada olurlar. Ona görə də, bu yaş arası yeniyetmələrin tərbiyəsi zamanı diqqətli olmaq lazımdır”.

 

Psixoloq Aytac Abbasbəyli qeyd etdi  ki, uşaqlarda cinayətə meyl ailənin diqqətsizliyindən qaynaqlanır: “Məhkum olunan uşaqlara fikir versəniz, görərsiniz ki, onların əksəriyyəti çətin tərbiyə olunan uşaqlar qrupuna aiddirlər. Bu da ailə və cəmiyyət zəncirindən asılı olan bir məsələdir. Ailələr uşaqları cəmiyyətin reallığına görə yox, öz arzuları əsasında tərbiyə edirlər. Nəticədə uşaqlar başqa bir şəxsiyyət rolunu oynamağa çalışır. Cinayətlərin artma səbəbindən danışsaq, belə bir ümumi nəticəyə gələ bilərik. Bizdə uşaqlar 6 yaşa qədər ailə sevgisi ilə böyüsə də, tərbiyə edilmir. Bu ənənə bizdə uzun müddətdir ki, oturuşub. Valideynlər fikirləşir ki, uşağın tərbiyəsinə 6 yaşından sonra başlamaq lazımdır. Əslində, 2,5-3 yaş arasında uşaqlarda abır-həya və eqo hissi formalaşır. Uşaqlar bu hislər əsasında cəmiyyətdəki qaydaları mənimsəməyə başlayır. Valideynlər bu yaşlarda uşaqlara sərt qaydalar qoyur və bu qaydaların pozulmamağını tələb edirlər. Çünki cəmiyyət bizdən bunu tələb edir. Bunu uşağa erkən yaşda başa salmaq lazımdır. Təzyiq və döymək problemin həlli deyil. Belə olmayanda uşaqlar ya  özünə qapanmağa başlayır, yaxud valideynə qarşı çıxmağa çalışırlar. Onlar böyüklərin sözünü dinləmir, öz bildiklərini etmək istəyir. Uşaqlarda cinayətə meyli məhz buradan başlayır. Davranış problemi olan uşaqlar cinayətə daha çox meylli olurlar. Ona görə də uşaqları kiçik yaşlarından cəmiyyətə hazırlamaq lazımdır. Çətin tərbiyə olunan uşaqların tərbiyəsində psixoloq köməyinə müraciət etmək mütləqdir. Əgər vaxtında tədbir görülməsə, uşaq müxtəlif cinayət tərkibli əməllərə meyl etməyə başlayacaq. Hesab edirəm ki, bu məsələdə əsas rolu ailə oynayır. Ailə uşağa yetəri qədər diqqət göstərmədikdə, bu diqqətsizlik neqativ hallara yol açır”.

 

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir