xa`tire-seferova`-psixoloq

Uşaqların psixoloji vəziyyəti valideynlər arasındakı münasibətlərdən nə qədər asılıdır?

Baxış sayı: 3. 928

Uşaqların hərtərəfli sağlamlığında məsuliyyət isə birbaşa olaraq biz böyüklərin – valideynlərin və onlara daha yaxın olan şəxslərin üzərinə düşür. Elə bu səbəbdən uşaqlara yanaşma tərzi, onların psixoloji durumu və onlarla davranış qaydaları ilə əlaqədar növbəti dəfə psixoloq Xatirə xanım Səfərovaya müraciət etdik.

 

– Uşaqların normal böyümələri üçün valideynləri onlara hansı şəraiti yaratmalıdır?

– İlk öncə onu vurğulamaq istərdim ki, ailə quranda gənclər düzgün seçim etməlidirlər. Bu, mütləqdir. Çünki düzgün seçim etməmək gələcəkdə uşaqların tərbiyəsində də öz mənfi əksini tapacaq. Ailə qurarkən hər iki tərəf öz istəklərini nəzərə amalı, sevgi, simpatiya, maraq dairələrinin uyğun gəlməsi – bu kimi detallara fikir verməlidir. Ailənin təməli qoyulduqdan sonra isə ana hamiləlik dövründən başlayaraq öz övladına düzgün yanaşma tərzini bilməlidir. Əgər ailədə normal münasibət  olmasa, bu, dünyaya gəlməyə hazırlaşan uşağa yaxşı təsir bağışlamayacaq. Valideynlərin xarakterindəki mənfi cəhətlərin qarşısı alınmalıdır ki, sağlam düşüncəli uşaq böyütmək mümkün olsun. Təbii ki, nə ideal ailə var, nə də ki ideal insan. Ancaq mən deyərdim ki, ailə üzvlərinin də səhvini şişirtmək lazım deyil. Həmçinin ailə problemlərinə kənar şəxslərin qarışması infantil düşüncədir. Bu cür yanaşmalar ailədə normal qarşılanmır və nəticə etibarı ilə böyük problemlərlə müşahidə olunur.

Bəzən: “Həyat bir oyundur, kim qaydaları bilirsə, o da bu oyunda qalib gəlir”, deyirlər. Ailə münasibətlərində çox problemlər yaranır. Bu problemlərə yumor hissi ilə yanaşmaq pis olmazdı. İnsanlar həyatın ritmini tutsalar, heç zaman problemə baş əyməzlər. Ailədəki uşaqlar valideynləri aralarındakı münasibətlərə çox həssas olurlar.

– Ata-ana münasibətlərindəki gərginliklər uşaqlarda özünü necə büruzə verir?

– Ailə krizis dövrünü yaşayarkən bu, birbaşa uşaqlara mənfi təsirini göstərir və aqressiya ilə nəticələnir. Aqressiya isə destruktiv davranışdan yaranaraq hər hansı bir obyektə zərər və hücum mənasını kəsb edir. Bu, insanlara fiziki və ya mənəvi vurulan zərbədir. Hansı ki, insanlarda psixoloji diskomfort yaradır. Nəzərə alaq ki, bu cür aqressiv davranışları ilə uşaqlar valideynlərinə birbaşa “mesaj atırlar”. Mesajın mahiyyəti isə bundan ibarətdir: “Kifayətdir, artıq mən sizdən yorulmuşam!” Uşaqlara xas olan əcaib davranış halları da məhz bundan sonra başlanır. Onlar hər şeyi sındırır, daha çox ağlayır və qışqırır, hər şeydən narazı olduğunu göstərir və sair. Uşaqda bu cür aqressiya isə, ilk növbədə, onun sağlamlığına ziyandır. Halbuki onların xarakterinin formalaşmasının təməlini valideynlər özləri “tərtib edirlər”. Valideynlər arasındakı gərginlik uşağa böyük hörmətsizlikdir. Mən hətta deyərdim ki, bu, insan həyatının təməlinin qoyulmasında mənəvi cinayətdir.

– Valideynlər uşaqlarla ünsiyyət qurmaq üçün nədən və necə başlamalıdırlar?

– Ana ilk hamiləlik dövründən düzgün qidalanmaya, psixoloji sakitliyə, müsbət düşüncələrə meyil etməlidir. Qeyd edim ki, uşaq dünyaya gələndən 6 saat sonra beynində güvənc axtarışında olur. Və bunu cavab reaksiyası olaraq valideynlər öz münasibətlərində bildirirlər. Uşaq 3 yaşına qədər ananın himayəsində olmalıdır. Ana öz sakitliyini, mehribançılığını, sevgisini ona bildirməlidir. Burada, təbii ki, ananın psixoloji gərginlikdən uzaq olması mütləqdir ki, uşağın özünəgüvən, pozitiv bir aurada böyüməsinə şərait yaransın. Xüsusi psixoloji oyunlarla uşağa diqqətlə güvənc ilə yanaşmaq lazımdır. Hətta bizim cəmiyyətdə belə bir fikir var ki, uşağı qucağa öyrəşdirmək olmaz. Bu, çox yanlış bir fikirdir. Uşaq məhz qucaqda ananı duyaraq böyüməlidir. Uşaqlar öz narahatçılığını ağlamaqla bildirirlər. Lakin buna qarşılıq olaraq valideynlər səbr nümayiş etdirməli, onları xüsusi nəvazişlə sakitləşdirməlidirlər.

– Təəssüf ki, bəzən uşaqların həddindən çox dəcəlliyi valideynlər tərəfindən aqressiya ilə qarşılanır və buna hədə-qorxu ilə məhdudiyyət qoyulur. Bəs bu uşaqların inkişafında hansı fəsadlarla müşahidə olunur?

–  Uşaqlara qarşı bu cür davranışlar onların yetkinlik çağlarında öz fikirlərini ifadə edə bilməməsi özünədəyəri aşağı səviyyəyə salmaqla güvən hissini öldürmək, şəxsiyyətinin formalaşdığı bir dövrdə ciddi zədə ilə nəticələnir. Bu cür yanaşma tərzi uşaqları daha da aqressiv edir. Yəni “balaca aqressora böyük aqressiya ilə cavab” onları daha da qıcıqlandırır.

Uşaqlara fiziki gücün tətbiq olunması onların tərbiyələnməsində kömək ola bilərmi?

– 5 yaşa qədər uşaqlara fiziki gücün tətbiq olunması beyin proqramını pozmaq deməkdir. Yapon davranış qaydalarına nəzər salaq: uşaqlar dərslərinə hazır olmayanda müəllim onlara yaxınlaşaraq uşağın qarşısında baş əyir və: “Mənim sənin şəxsiyyətinə olan hörmətim çox böyükdür. Lakin dərsini bilməmək sənin gələcək perspektivini korlamaq deməkdir. Bunun üçün də zəhmət olmasa, əllərini stola qoy”, – deyərək müraciət edir, əlindəki ağacla əllərinə bir neçə dəfə vurur. Bundan sonra onun qarşısında bir daha baş əyir və bununla da onun şəxsiyyətinə olan böyük hörməti ifadə edir. Yəni ki, uşağa düşdüyü durumu dərk elətdirir.

– Bəzən çoxuşaqlı ailələrdə valideynlər diqqəti və qayğını daha çox kiçik övlada yönəldirlər. Bu, uşaqların psixologiyasında öz əksini necə tapır?

– Yanaşma tərzi eyni olmalıdır və ümumiyyətlə, uşaqları dünyaya gətirərkən yaxşı olardı ki, onların aralarında 5 yaş fərq olsun. Əks təqdirdə, belə uşaqlar, adətən, paxıllıq hissi ilə böyüyürlər. Uşaqlıqda valideynlər öz övladlarına hiperapeka ilə (aşırı qayğı) yanaşarlarsa, uşaqlar anadan asılı vəziyyət alarlar. Yox, əksinə, hiperapekasız (sevgisiz, qayğısız) yanaşarlarsa, bu, gələcəkdə uşaqlarda yenə də aqressiya ilə öz əksini tapacaqdır.

– Dayə himayəsində böyüyən uşaqların gələcəkdə valideynlərinə münasibəti necə olur? Ümumiyyətlə, uşağa dayə tutmağın tərəfdarısınızmı?

– Xeyr! Bu, uşağın haqlarını tapdalayan məqamlardandır. Mütləqdir ki, ana öz övladına tərbiyə, sevgi, xoşbəxtlik hisslərini yalnız özü ötürsün. Belə bir sindrom var: “Yetim uşaq sindromu”. Bu sindrom tək uşaq evində böyüyən uşaqlara aid deyil. Bu, ana olduğu halda analıq hisslərini lazımınca verə bilməyən və bir çox bəhanələrlə bu məsuliyyətdən kənarlaşan qadınlara da aiddir. Mən belə hesab edirəm ki, bu, insan psixologiyasının “inşasında” yaranmış qəzadır, hansı ki, hər zaman “yıxılma ehtimal” ola bilər…

– Uşaqların daha çox ana ilə vaxt keçirmələri gələcəkdə onların davranış və hərəkətlərində özünü necə göstərir?

– Uşaqlar müəyyən bir yaş dövrünə qədər ancaq ananın sevgisi ilə böyüməlidirlər. Lakin zaman keçdikcə uşaqlara sərbəstliyi aşılamaq lazımdır. Aşırı qayğı və ya az qayğı ilə uşaqlara yanaşmaq olmaz. Hətta mən deyərdim ki, uşaq yaşlarında onlara paltar və ya nəsə alınarsa, mütləq fikirləri öyrənilməlidir. Məsələn, hansı rəngdə olan papağı istəyirsən? Uşağın seçimlərinə hörmətlə yanaşılmalıdır. Və bu cür yanaşma tərzi uşaqlarda zövqün formalaşmasına, sərbəst davranışa kömək edir.

– Körpəlikdə uşaqların zehni inkişafının genişlənməsi üçün nə etmək lazımdır? Bu iş neçə yaşdan başlayaraq tətbiq olunmalıdır?

– Çağa vaxtından başlamaq lazımdır. Məsələn, bu yaşda barmaqlarla oynama üsulundan istifadə edilməlidir. Məsələn: “Gəl tanış olaq, bu mənim barmaqlarımdır, gəl səninkilərlə də tanış olaq” və sairə. Ana ilə körpə barmaqları bir-birinə toxunaraq psixoloji vəhdət yaradır. Bunun isə uşağın inkişafına müsbət təsiri yetərincədir.

– Son olaraq, uşaqların sağlam psixoloji durumda böyümələri üçün valideynlərə tövsiyələriniz...

– Valideynlər özləri psixoloji cəhətdən rahat olsalar, əmin ola bilərlər ki, övladları da sağlam mühitdədirlər. Həyatımız çox qısadır və bu qısa ömrü hər hansı bir depressiyaya yurban vermək olmaz. Həyatın mənfi tərəflərinə göz yumaraq yaşam tərzinə pozitiv davam etmək çox gözəldir. İnsan nə qədər gözəl düşüncəyə malik olarsa, onun energetik kanalları “müsbətlərlə” dolar və öz aurasına ancaq müsbət olanları cəzb edər. Ancaq əksinə, mənfi olarsa, elə mənfini də cəzb edəcəkdir. Həmişə gözəl düşünək ki, düşüncələrimiz həyata keçsin. Uşaqlar bizim gələcəyimizdir. Gələcəkdə “sağlam bəhər” almaq istəyiriksə, “məhsullarımızı” zərərverici hallardan qorumalıyıq.

 

Söhbətləşdi: Günay Camalqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir