Valideyn

Uşaqlarınıza zəif tərəflərinizi niyə göstərməməlisiniz?

Baxış sayı: 181

Sizcə zəif valideyn kimdir? Və ya siz özünüzü zəif valideyn hesab edirsinizmi?

Bəzi valideynlər konkret vəziyyətdən çıxış edərək özlərinə qiymət verməyə çalışırlar. Halbuki valideynlikdə əsas məqsəd uşağı ilə gündəlik yox, uzunmüddətli münasibətlər qurmaqdır. Başqa sözlə, uşaq böyüyəndə də valideyni haqqında müsbət fikirdə olmalıdır. Əks halda, uşağa kiçik yaşlarında güclü görünmək heç də böyük bir uğur deyil.

Elə valideynlər var ki, güclərini uşaqlarına öz bildikləri kimi sübut etməyə çalışırlar. Nəticədə, uşaqları ilə yanaşı onlarda özlərinə qarşı kin hisslərini də böyüdürlər. Yəni, ilk baxışda valideyn öz məqsədinə nail olduğunu düşünür. Ancaq gələcəkdə uşağı ilə ünsiyyət qura bilməyəndə və ya bu sahədə hər hansı bir problemlə qarşılaşanda heç də düz yolda olmadığını anlayır. Buna görə də, uşaqlarınıza zəif tərəflərinizi göstərməməli, həm yaxşı, həm də güclü bir valideyn olmağa çalışmalısınız. Elə isə gəlin, bir neçə zəif valideyn modelini nəzərdən keçirək…

valideyn

Emosional valideynlər

Bu cür valideynlər məqsədlərinə çatmaq üçün emosionallıqlarından istifadə etməyə çalışırlar. Əlbəttə ki, bütün bunların arxasında xoş niyyət var. Ancaq özləri də bilmədən bu yolla uşaqları ilə olan münasibətlərinə zərbə vururlar. Məsələn, valideyn əvvəllər uşağa yeməyini yedirmək və ya soyuq havada paltarını geydirmək üçün, sonralar isə uşağını dərs oxumağa və ya evə tez gəlməyə həvəsləndirmək üçün emosionallığından istifadə edir. Adətən, belə valideynlər “Yeməyini yeməsən, anan ağlayar” və ya “Papağını qoymasan, xəstə olaram” kimi cümlələrdən tez-tez istifadə edirlər. Gələcək iİlərdə isə uşaqları zəif qiymət alanda ağlayır və ya evə gec gələndə stress keçirirlər. Uşaqlarının səhvlərinə görə ürəyi tutan və ya təzyiqi qalxan valideynlər də az deyil. Yəni, uşağının yaş dövründən asılı olaraq valideynin verdiyi reaksiya da dəyişir. İndi isə özümüzü uşağın yerinə qoyaq və belə vəziyyətlərdə onun nə düşündüyünü nəzərdən keçirək…

Yemək yemədiyi üçün və ya sonrakı illərdə zəif qiymət aldığı üçün valideyni ağlayan uşaq “Mən hələ ac deyiləm” və ya “Hələ rübün axırına çox var, qiymətimi düzəldə bilərəm?” – deyə düşünür və təbii ki, anasının bu reaksiyasına heç bir məna verə bilmir. İlk vaxtlar uşaq valideyninin dediyini etsə də, yeniyetmə dövrünə çatanda onun bu emosionallığını zəiflik kimi qiymətləndirir. Belə uşaqlar sonradan öz problemlərini valideynləri ilə bölüşməkdən də imtina edirlər.

Göründüyü kimi valideyn ilk baxışda öz məqsədinə nail olmuş kimi görünsə də, uşağını özündən uzaqlaşdırır və seçdiyi bu metod valideynin uğursuzluğuna gətirib çıxarır.

valideyn

İdeal valideyn modeli: Qətiyyətli, təmkinli və xoşxasiyyət…

Yaxşı valideyn təmkinli və qətiyyətli valideyndir. Ancaq yaxşı valideyn qətiyyətini və təmkinini göstərməklə yanaşı xoşxasiyyət olmağı da bacarmalıdır. Buna görə də, sərtlikdən və emosionallıqdan uzaq olan, uşağını dinləməyi və başa düşməyi bacaran, qərarlarını həyata keçirərkən xoşxasiyyət olmağı unutmayan valideynlərin öz məqsədlərinə nail olması labüddür. Yəni, ancaq bu şəkildə yaxşı və güclü valideyn olmaq olar. Ona görə də, təlaşa düşmədən və əsəblərinizi nəzarət altında saxlayaraq başlıqdakı düsturu həyata keçirin, yəni qətiyyətli, təmkinli və xoşxasiyyət olun.

valideyn

Avtoritar valideynlər

Avtoritar valideynlər emosional valideynlərdən fərqli olaraq sərtlikləri ilə dediklərini qəbul etdirməyə çalışırlar. Eynilə yuxarıdakı nümunədə olduğu kimi burada da uşaqlar valideynlərinin reaksiyalarına heç bir məna verə bilmirlər. Əvvəllər valideynlərinin dediklərini etsələr də, bir az böyüdükdən sonra onlardan uzaqlaşmağa başlayırlar. Təbii ki, onlar öz problemlərini valideynləri ilə bölüşməkdən də imtina edirlər. Çünki onların yemək yeməməsinə və ya dərs oxumamasına dözə bilməyən bir valideynin başqa problemlərinə də dözə bilməyəcəyini düşünürlər. Nəticədə, onlar valideynləri ilə ancaq konkret məsələlərlə bağlı ünsiyyət qururlar.

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir