Valideyn səhlənkarlığından əlilliyə

Baxış sayı: 624

Əlillik seçim deyil. İnsanlar xəstəlikləri deyil, xəstəliklər insanları seçir desək yanılmarıq. Əlillik də belədir. Sağlam olan insanın bir an içində əlil olmamasından sığortalayan heç nə yoxdur.

Bu gün dünyadakı bütün insanlar əlilliyə namizəd insanlardır. Əslində dəhşət olaraq qəbul edilən əlillik insanların yaşına, cinsinə, təhsil səviyyəsinə baxmır. Hətta qundaqdakı körpənin belə əlil olma ehtimalı ən az sağlam yaşama ehtimalı ilə yarı-yarıyadır. Amma təssüfedici haldır ki, bəzən valideynlərin səhlənkarlığı ucbatından hansısa körpənin gələcək həyatı əlil olaraq davam etməyə məhkum olur. Bu isə əlil uşaqların sayını artırır. Kifayət qədər yüksək olan rəqəmlərin hər gün bir ədəd belə artması ürəkağrıdıcıdır.

Azərbaycanda əlilliyi olan uşaqların sayı 62000 nəfər təşkil edir. Bu rəqəmlərin, demək olar ki, yarısı sonradan yaranan əlillikdir. Təəssüf ki, əlil uşaqların böyük çoxluğu 3 yaşına çatmamış körpələrdir. Körpələr nə qədər genetik səbəblərdən əlil olaraq dünyaya gəlsələr də, bəzi hallarda tamamilə sağlam dünyaya gələn körpələr də sonradan əlil olur. Buna səbəb isə əksər hallarda oyun qəzaları və valideyn məsuliyyətsizliyi olur.

Uşaq Bərpa Mərkəzində çalışan defektoloq-loqoped Kamran Əzizovun sözlərinə görə, uşaqların sonradan əlil olması valideynin qəbul etməkdə çətinlik çəkəcəyi bir haldır. Bu səbəbdən valideyn uzun müddət inkar edir ki, onun körpəsində problem var. Uşaq dil açma, danışma yaşına gəldikdə gördüklərini izah etməkdə çətinlik çəkir və onda əsəbilik yaranır. O zaman ki, valideyn bu halı qəbul edir, onda bərpa müalicə kurslarına müraciət edir. Lakin vaxt itirmək belə körpələr üçün olduqca təhlükəlidir: “Əlilliyə səbəb olan travmaları gün ərzində çox uşaq yaşayır. Əksər uşaqların şansı üzünə gülür. Onlar qəzadan sağlam çıxır. Əksər uşaqlar isə şiddətli yıxılma, vurulmanın nəticəsini atlada bilmir. O şiddət mütləq bədəndə bir iz buraxır. Ana görür ki, uşaq yıxılıb. Xüsusən, bu, yaşı tamam olmayan körpələrə aiddir. Taxtdan, beşikdən, arabadan yıxılan körpəni valideyn sakitləşdirib yerinə qoyur. O, artıq körpənin beynində gedən proseslərdən xəbərsizdir. Həkimə aparmır, müayinə etdirmir. Bir müddət sonra körpənin gözlərində geriləmə, mənfiləşmə başlayır”.

Dediyinə görə, yaxud, uşaq ay baxımından eyni olan uşaqlarla müqayisədə el arasında deyildiyi kimi “key” olur. Müəyyən olunur ki, vaxtı ilə aldığı travma körpəni inkişafdan saxlayıb, göz damarlarına xətər yetirib və s. Həmsöhbətimizə görə, valideynin bir neçə saatlıq həkimə getmək əziyyətinin qarşılığında körpənin sağlam olması varkən, o, bunu etmir və körpəsini ömürlük əlilliyə məhkum edir.

Çalışdığı mərkəzdə 3 belə uşağın olduğunu deyən K.Əzizovun bildirdiyinə görə, onlardan ikisi avtomobil qəzasında sağ qalan, amma heç bir müayinədən keçməyən körpələrdir ki, hər ikisində sonradan yaranan nitq zəifliyi, digər uşaqda isə yıxılmadan yaranan travmadır. “Pulum yoxdur, vaxtım yoxdur, yoldaşım qoymur, qayınanam imkan vermir kimi səbəblər körpənin həyatından daha üstün deyil”.

K.Əzizov deyir ki, sonradan yaranan əlillikdə bir çox ailələr bu halı qəbul edə bilmir. Əlil uşağı rədd etmək, ondan utanc duymaq, nifrət etmək, alçaltmaq və bir fərd olaraq yoxa saymaq kimi xüsusiyyətlər göstərirlər. Onsuz da əlil uşaq bu kimi vəziyyətlər qarşısında daha çox özünə yönəlir, içinə qapanıq bir psixikayla həyatını yaşamağa başlayır. Belə bir yaşayış müddətində uşaq inkişaf pillələrini nizamlı bir şəkildə tamamlaya bilmədiyindən yaşıdlarına görə geri qalır və bu nizamsızlıqları bir-birini izləyir. Danışığından, ünsiyyətinə, təmizliyindən, geyiminə, oxuyub-yazmaq kimi təməl zehini bacarıqlarından, hər cür öz baxım bacarıqlarına və ictimai sahədəki digər bütün bacarıqlarına qədər özünü göstərəcəkdir. Sosial-iqtisadi səviyyə, aldıqları köməkçi xidmətlər, digər uşaqların və cütlüyün evdəki davranışları, həkimlərin davranışları, alınan ilk məsləhətlər, ilk məlumatlar, cəmiyyətdəki fərdlərin reaksiyaları və hazır olma səviyyələri, əlil olmayan və daha əvvəl doğulmuş sağlam uşaqlar, ailənin ümumi emosianal yetkinlik səviyyəsi, mədəni davranışlar, ana-atanın təhsil səviyyəsi, ana-atanın yaşı, uşağın cinsiyyəti kimi faktorlar ailələrin əlil uşağı qəbul etməsi müddətinə təsir edən faktorlardandır: “Hər hansı bir ev qəzasından sonra körpəsi əlil olan ana uzun bir müdət körpəni qəbul edə bilmir və ona elə gəlir ki, artıq bu körpənin həyat kitabı bağlanıb. Valideyn dərk etmir ki, əslində məhz bu andan sonra uşağa diqqət və hörmət lazımdır. Bunu etdikləri məsuliyyətsizliyin əvəzini vermək kimi yox, sağlam uşaq böyütmək kimi düşünərək etməlidirlər”.

Onun sözlərinə görə, bu gün saysız-hesabsız əlil uşaqlar təhsildən kənardır ki, onlara bərpa kursları keçirilmir. Əzizov hesab edir ki, bəzi valideynlər əlil övladlarını sanki unudublar, onları siliblər. “Xəstə uşaq adı ilə evə məhkum edib. Halbuki, görməmək, eşitməmək körpənin olmaması anlamına gəlmir”.

Əlil körpələrin valideynləri olduqca səbirsiz olur. Bəzən onlar elə düşünür ki, körpəni bərpa mərkəzinə gətirməklə tez bir zamanda istənilən nəticəni əldə edəcək. Belə olmadıqda isə valideyn mərkəzdən imtina edir.

Loqopedin bildirdiyinə görə, Azərbaycanda olan bütün bərpa mərkəzlərində çalışan defektoloq, loqoped həkimlər işlərini canla-başla görür. Bəzən, elə həkimlər olur ki, sırf valideyn uşağı mərkəzdən aparmasın deyə, ona xüsusi əlavə dərslər, ödənişsiz seanslar təyin edir: “Əlil uşağa sahib olan ailələr ümumilikdə, uşaqlarının əliliyinin qısa zamanda dəyişməsini və inkişafını istəyir, bundan nəticə almadıqda bu müalicənin çox uzun zaman və səbr tələb etdiyi həqiqəti ilə qarşılaşdıqda da xəyalları puç olar və bunun nəticəsində uşaqlarının müalicə və bərpasında mənfi təsir göstərirlər. Bu səbəblə də bir çox əlil uşaq ailəsi, uşaqlarını bərpa mərkəzlərinə gətirmək istəmirlər. Əlil uşağın inkişaf müddətində təhsillə bağlı bilikləri vaxtında doğru və bəsit olaraq ala bilməsi, ailə içində əlil bir uşağa sahib olmağın gətirdiyi psixi-sosial problemlərin irəliləmədən həll olunması üçün ailənin ictimai münasibətlər, cəmiyyətin strukturu və əlillik haqqında məlumatının lazımi qədər olması vacibdir. Əlil uşağı olan ailələrin bu mövzuda nələr edə biləcəkləri və bu haqda mövqeyi və davranışlarının öyrədilməsi lazımdır. Ümumilikdə cəmiyyət maariflənməlidir”.

Əlillik 0-3 yaşına qədər uşaqların içərisində daha çox yarana bilir. Bu uşaqlarda əlilliyin qarşısının alınması üçün Səhiyyə Nazirliyi böyük işlər görür. Hətta rüşeymdən dünyaya gələcək uşağın xəstə, əlil olduğu bilinir. Bəzən rüşeymdə onu müalicə etmək mümkün olur. Təəssüf ki, dünyaya gələndən sonra 3 yaşına qədər uşağa yaxşı qulluq edilməyəndə, məsələn, iynəni pis vuranda uşaq çolaq, qulağına dərmanı pis tökəndə kar olur. Yəni uşağa qulluq məsələlərində də ciddi problemlər var. Elə bu səbəbdən də bu gün geniş yayılan peyvənddən imtina halının da qarşısını almaq mümkün deyil. Valideynlər birmənalı olaraq peyvənddən imtina edir və ilkin səbəb olaraq əlillik yaranma ehtimalının olmasını göstərirlər.

Ölkədə 62000 nəfər əlil uşaq olmasına baxmayaraq, bu gün cəmiyyətdə belə uşaqlara rast gəlmək mümkün deyil. Bu o deməkdir ki, körpələr valideynləri tərəfindən ev şərtaitində saxlanılır. Halbuki, əlil cüzamlı xəstə deyil və belə uşaqların sağlam uşaqlarla müqayisədə daha çox cəmiyyətə qaynayıb-qarışma ehtiyacları var.

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir